YAP Siyasi Şurasının üzvü: “Azərbaycan Avropa Oyunlarının faydasını on illərlə görəcək” – MÜSAHİBƏ
Bizi izləyin

Bakı 2015

YAP Siyasi Şurasının üzvü: “Azərbaycan Avropa Oyunlarının faydasını on illərlə görəcək” – MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, iqtisadçı ekspert Aydın Hüseynovun Publika.az-a müsahibəsi:

– İyunun 12-də Azərbaycanda “Bakı 2015” I Avropa Oyunları başlayacaq. Bu oyunların Azərbaycana və iqtisadiyyatına verəcəyi faydaları nə olacaq?

– İlk növbədə onu qeyd edim ki, Avropa Oyunları tarixdə ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu oyunlar tarixdə ilk dəfə keçirildiyi üçün buna maraq çox böyükdür. Yəni, Avropa Oyunlarında tamaşaçı və iştirakçıların sayı çox olacaq. Digər tərəfdən isə hər hansı böyük yarışlar keçirilirsə, təbii ki, burada iqtisadi mənfəət də olur. Əgər belə olmasaydı, o zaman ölkələr olimpiya oyunlarının, müxtəlif tədbirlərin öz ölkələrində təşkil olunmasına bu qədər maraq göstərməzdilər. Hər bir dövlət başçısı çalışır ki, bu cür tədbirlər birinci növbədə onun ölkəsində olsun. Yəni, Azərbaycan kimi dünyanın digər aparıcı ölkələri də Avropa və dünya olimpiya oyunlarını, futbol çempionatlarını və sairə kimi bu cür tədbirlərə ev sahibliyi etməyə can atırlar. Bu cür böyük tədbirlər üçün hansı ölkə ev sahibliyi etmək şansı qazanırsa, bu, həmin ölkələrin ən yüksək uğurlarından olur.

Bir daha qeyd edim ki, Avropa Oyunları tarixdə ilk dəfə keçirildiyi üçün belə bir nümunə olmayıb. Azərbaycan artıq dünyaya yeni bir nümunə və standart təqdim edir. Bəlkə də bu oyunlar növbəti dəfə keçirilən zaman bu qədər böyük marağa səbəb olmayacaq.

– Avropa Oyunları ölkə iqtisadiyyatına təqribən nə qədər maliyyə vəsaitləri və stimullar gətirə bilər?

– Əgər Azərbaycana kənardan turist axını olursa, bunun özü də dövlətimiz üçün böyük qazancdır. Həm iqtisadi baxımdan, həm də Azərbaycanın tanınması baxımdan faydalıdır. Təbii ki, Azərbaycana gələn hər bir əcnəbi özü ilə müəyyən məbləğdə vəsait gətirir və onu məhz ölkəmizdə xərcləyir. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatına faydalar gətirir. Ancaq konkret nə qədər maliyyə vəsaiti gətirəcəyini heç kəs indidən dəqiq söyləyə bilməz. Bu vəsaitlər tədricən illər ərzində ölkəyə gələcək. Çünki Avropa Oyunlarına hazırlıq işlərinə sərf olunan vəsait bir dəfə olur, ancaq sonrakı mərhələdə dövlət bunun faydalarını on illərlə görəcək. Yəni, növbəti bu cür tədbirlərə ev sahibliyi edən zaman biz bu faydaları daha çox müşahidə edəcəyik.

Bu oyunları izləmək üçün Azərbaycana minlərlə idmançı gələcək. Həmin idmançıları tanımağa gələcək on minlərlə pərəstişkarı gözümüz önünə gətirsək, birinci Avropa Oyunlarının nə qədər əhəmiyyətli, maraqlı olduğunu dərk etmək olar. Onu da qeyd edim ki, Azərbaycan bəlkə də dünyada yeganə dövlətdir ki, az müddətdə və az vəsait hesabına bu qədər böyük işləri vaxtında başa çatdıra bilib. Bu, doğrudan da böyük işdir.

Bilirsiniz ki, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsi tərəfindən çox böyük işlər görülüb. Dünyanın heç bir ölkəsində bu qədər böyük işlər görülmür. Bununla Azərbaycan bir daha sübut etdi ki, ölkəmiz böyük idman yarışlarını keçirməyə qadirdir.

Birinci Avropa Oyunları təkcə Azərbaycan deyil, həm də dünya səviyyəsində həyata keçirilən möhtəşəm bir hadisədir. Bu oyunlar təkcə Azərbaycanın deyil, həm də Avropa ölkələrinin marağı çərçivəsindədir. Bu, Azərbaycanın dünyada artan imicinə müsbət təsir edəcək. Təbii ki, bütün bu uğurlara görə Prezident İlham Əliyev hər birimiz minnətdarıq.

– Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır. Sizcə, bu cür kampaniyalar nədən qaynaqlanır?

– Bilirsiniz, Azərbaycan Avropa Oyunlarına hazırlıq işini oyunların başlamasına bir aya yaxın vaxt qalmış uğurla yekunlaşdırıb. Artıq bir çox ölkələri Avropa Oyunlarında yüksək heyətlə iştirak edəcəklərini bəyan ediblər. Həmin ölkələrin rəhbər şəxsləri də Avropa Oyunlarının tarixi əhəmiyyətini və möhtəşəmliyini dəfələrlə bildiriblər. Təbii ki, bütün bunlar bizi çox sevindirir.

Avropa Oyunlarının həyata keçirilməsinə birbaşa rəhbərlik edən Prezident İlham Əliyev, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da bəyan edir və eyni zamanda Avropa Olimpiya Komitəsinin Baş Məclisinin özü də görür ki, Azərbaycanda artıq birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı bütün lazımı şərait mövcuddur. Bundan başqa, yarışların keçirilməsinə Azərbaycan vətəndaşları, yarışlara qatılacaq idmançılar, onların pərəstişkarları möhtəşəm hazırlıq işləri aparıblar. İdmanın sağlamlıq, insanlar arasında yaxşı mənada ünsiyyət, mədəni və iqtisadi əlaqələrin inkişafına təkan verən bir faktor olduğunu bilən sağlam qüvvələr bu idman yarışlarının ölkəmizdə keçirilməsinə sevinirlər.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə narahat olan həmin qruplar isə bizi istəməyən qüvvələrdir. Onlar elə başa düşürdülər ki, Azərbaycan bu yarışlara hazır ola bilməyəcək, Bakı bu yarışlara hazırlığı bitirə bilməyəcək. Çünki bu müddət az idi. Ancaq onlar gördülər ki, artıq Bakı Avropa Oyunlarına tamamilə hazırdır, bu vaxt narahat olmağa başladılar.

Ancaq Avropa Oyunlarına qarşı həyata keçirilən müxtəlif kampaniyaları bizi yolumuzdan qətiyyən çəkindirə bilməz. Biz bu cür hərəkətləri Bakıda keçirilmiş “Eurovision” yarışması ərəfəsində də müşahidə etmişik, o zaman da Azərbaycanın gördüyü işlərə və uğurlara kölgə salmağa çalışılırdı. Ancaq onlar bununla heç bir nəticə əldə edə bilmədilər. Bilirsiniz, mən hesab edirəm ki, Avropa Oyunlarına qarşı aparılan qarayaxma kampaniyaları, əslində bu birliyə və yüz minlərlə idmansevərə qarşı çıxmaqdır. Bu cür kampaniyalar Avropa Oyunlarında iştirak edəcək ölkələrin komandalarına da mənfi psixoloji təsir edəcək. Azərbaycanda atalardan qalan gözəl ifadə var: "Sağlam bədəndə sağlam ruh olar". Əgər kimsə birinci Avropa Oyunlarının timsalında idmana qarşı çıxırsa, deməli, onun ruhu sağlam deyil, o, xəstədir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm