• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Avropa Oyunlarının məşəli Qobustanda

Avropa Oyunlarının məşəli Qobustanda

Müqəddəs Atəşgah məbədində alovlandırılan “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli mayın 30-da Qobustana gətirilib.

Qobustanlılar Avropa Oyunlarının məşəlini böyük sevinclə qarşıladılar. Şəhərin Heydər Əliyev prospektində mədəniyyət evinin qarşısında qurulan və ətrafında minlərlə insanın toplaşdığı rəmzi qapıda birinci Avropa Oyunlarının məşəlini məşqçi-müəllim Fərid Əzizov qəbul etdi.

Sonra 10 nəfər məşəlçi sürəkli alqışlarla yürüşə başladı. Onlar yol boyu növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2,5 kilometr məsafə qət etməklə şəhərin bayraq meydanında qurulan səhnəyə gəldilər. Karatenin tiroksin-kaymay növü üzrə üçqat respublika çempionu İbad Rzazadə səhnəyə qalxaraq burada qurulan məşəli alovlandırdı. Əlaçı şagird, Heydər Əliyev inşa yazı müsabiqəsinin respublika turunun qalibi Gülər Cavadovanın qəbul etdiyi ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Qobustan şəhərinə təhvil verildi.

Sonra aprelin 26-da Atəşgah məbədində ilk Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Rayonun həyatında unudulmaz tarixi bir gün olan məşəlin qarşılanması mərasimindən aldığı xoş təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşən şəhər 2 saylı tam orta məktəbin müəllimi Sevil Kərimova dedi: “Sevincimin həddi-hüdudu yoxdur. Axı, necə də sevinməyim?! Bu gün biz qobustanlılar da Atəşgah məbədində alovlandırılan məşəlin hərarətini hiss etdik. Bu, bizim, eləcə də bütün xalqımızın həyatında ən gözəl günlərdən biridir. İndi hər kəs möhtəşəm beynəlxalq tədbir olan ilk Avropa Oyunlarının başlanacağı günü səbirsizliklə gözləyir. Heç şübhə yoxdur ki, bu Oyunlar ölkəmizin nəyə qadir olduğunu dünyaya bir daha göstərəcək”.

Rayon gənclər və idman idarəsinin rəisi Rauf Rəcəbov isə sevincini ifadə edərək bildirdi: “Bu gün bütün qobustanlıların, xüsusən gənclərimizin, idmançılarımızın bayramıdır. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın, idmançılarımızın uğuru, təntənəsidir. Ötən hər günün bizə yaxınlaşdırdığı bu möhtəşəm Oyunlarda ayrı-ayrı Avropa ölkəsindən 6000 nəfər idmançı idmanın 20 növü üzrə öz gücünü sınayacaq. İnanırıq ki, idmançılarımız bu möhtəşəm yarışlarda gözəl nəticələr göstərəcək. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü tədbirlər, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurlu nəticələr bu Oyunlarda da yüksək əyarlı medallar qazanacağımıza əminlik yaradır”.

Sonda musiqiçilərin ifasında konsert proqramı təqdim olundu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR