Tahir İmanov: “Çayxanalarda vaxt keçirməkdənsə, Avropa Oyunlarını izləsinlər …” - MÜSAHİBƏ
Bizi izləyin

Bakı 2015

Tahir İmanov: “Çayxanalarda vaxt keçirməkdənsə, Avropa Oyunlarını izləsinlər …” - MÜSAHİBƏ

Azərbaycanda keçirilən “Bakı 2015” Birinci Avropa Oyunlarının ulduz elçilərindən biri də “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovdur. Tahir voleybol üzrə elçi təyin olunub. Ona göstərilən etimaddan qürurlandığını deyən ulduz səfir hər bir azərbaycanlını möhtəşəm tədbiri yaxından izləməyə dəvət edib.

Publika.az-a müsahibə verən Tahir İmanov azarkeşlik edəcəyi idman növlərindən də danışıb. Sən demə, özü də idmanın bir çox növü, o cümlədən də boksla məşğul olurmuş.

- Ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bir vətəndaş və bir azərbaycanlı kimi fəxr edirəm ki, ölkəmdə, elimdə-obamda belə möhtəşəm idman hadisəsi keçirilir. Artıq bu beynəlxalq tədbirlə Azərbaycan öz adını tarixə yazdı. Çünki ilk Avropa Oyunlarının məhz bizim ölkədə keçirilməsi bir ilkdir və ilklər də hər zaman tarixdə qalır. İnanıram ki, Avropa Oyunları da Azərbaycanda keçirilən digər beynəlxalq təbirlər kimi çox yüksək səviyyədə baş tutacaq. Artıq Azərbaycan bu möhtəşəm tədbirə hazırdır.

- Özünüzün idmana münasibətiniz necədir, bu qədər işin çoxluğunda idmanla məşğul olmağa vaxt tapırsınızmı?

- Mənim bir günüm də idmansız keçməsin. Piyada gəzmək, velosiped sürmək, yürüş, boks - bunlarsız həyatımı təsəvvür etmirəm. İdman artıq mənim həyat tərzimə çevrilib. Yeri gəlmişkən, elə formada qalmağımın da bir səbəbi idmandır. Gənclərə məsləhət görərdim ki, çayxanalarda, kafelərdə vaxt keçirməkdənsə, mənasız söz-söhbətlərə vaxt ayırmaqdansa, sağlam həyat tərzini üstün tutsunlar və idmanla məşğul olsunlar. Bir sözlə, Avropa Oyunlarını izləsinlər. Onu da deyim ki, əvvəllər idmanla aram yox idi. Son vaxtlar idmanı həyat tərzimə çevirmişəm.

- Bəs necə oldu ki, idmanla dostlaşdınız?

- Səhhətimdə müəyyən problemlər yaşandı və mən idmanla məşğul olmağa başladım. İndi özümü çox gümrah və yüngül hiss edirəm. Xüsusən də səhnədə. Düşünürəm ki, səhnə adamı üçün idmanla məşğul olmaq vacibdir.

- Voleybol üzrə elçi seçilmisiniz. Maraqlıdır, Avropa Oyunları zamanı hansı idman növü üzrə yarışan idmançılara azarkeşlik edəcəksiniz?

- Voleybol üzrə elçi olduğum üçün sözsüz ki, voleybolçuları diqqətdə saxlayacağam, amma boks və karate üzrə yarışan idmançılara mütləq azarkeşlik edəcəyəm. Çünki bu iki idman növünü çox sevirəm.

- Yeri gəlmişkən, həmin idman növləri üzrə yarışları izləcəyəksinizmi?

- Mütləq. Bu zövqü qaçırmaq olmaz. Voleybol üzrə yarışları da izləyəcəyəm. Bu sahədə güclü idmançılarımız da var. Məsələn, voleybolun inkişafında böyük rolu olan idman ustası Faiq Qarayevin adını qeyd etmək istəyirəm. Karate üzrə çox güclü yığmamız var. Hamısının adını çəkməyəcəyəm, amma baş məşqçi, dünya və Avropa çempionu Rəhman Həsənovun idmanın bu növü sahəsində rolu əvəzsizdir. Boksa gəlincə, özüm də bu idman növü ilə məşğul oluram. Əlbəttə, boks yarışlarını da izləyəcəyəm. Bildiyimə görə, düşmənlərimiz də yarışmaya boks üzrə ən güclü idmançılarını göndərəcək. İnanıram ki, biz bu oyunlarda da onlara qalib gələcəyik.

- İdmançılar arasında dostlarınız varmı?

- Əlbəttə. Elə Rəhman Həsənov yaxın dostumdur. Onun qələbələrinin şəxsən şahidi olmuşam. Digər bir dünya çempionu, Boks Federasiyasının vitse-prezidenti boksçu Rövşən Hüseynovla dostluq edirəm. Bilmirəm ki, hansının adını çəkim, çoxdurlar. Elnur Məmmədovla dostluq münasibətlərimiz var. Mən Vətənin adını uca tutan, Azərbaycan bayrağını xarici ölkələrdə göylərə qaldıran idmançılarımızla fəxr edirəm.

- Burdan üzünüzü gənclərə tutub nə çağırış edərdiniz?

- Avropa Oyunlarının keçirilməsi eyni zamanda böyük bir idman hadisəsidir. Düşünürəm ki, bu yarışlara qatılıb bayram əhval-ruhiyyəsini yaşamağa dəyər. Gənclərimizi bu yarışlara səsləyirəm, gəlib baxsınlar, özlərini bir çox idman növü üzrə sınasınlar. Onlar da gələcəkdə Azərbaycan bayrağını göylərə ucaltsınlar. Mən onlara tövsiyə edərdim ki, bu möhtəşəm tədbirdə etika qaydalarına fikir versin. Bu ərəfədə Azərbaycana xarici ölkələrdən çoxlu sayda turistlər-idmançılar, jurnalistlər, qonaqlar gələcək. Mən çox istərdim ki, onlara öz qonaqpərvərliyimizi layiqli şəkildə nümayiş etdirək. Bu ən azı bir azərbaycanlı olaraq bizim borcumuzdur. Hər bir əcnəbi ölkəmizdən xoş təəssüratlarla ayrılmalıdırlar.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm