Həsən Əliyev: “İdmançının bir medalı olar, o da qızıl” - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Həsən Əliyev: “İdmançının bir medalı olar, o da qızıl” - FOTOLAR

Həsən Əliyev yunan-Roma güləşində finala qədər qarşısına çıxan bütün rəqiblərdən büyük fərqlə öndə olub qalib gələn ən güclü idmançılarımızdandır.

Düzdür, o, finalda rəqibindən öndəykən bir anlıq səhvi üzündən xal itirir və qızıl yox, bürünc medal uğrunda görüşlərini davam etdirmək məcburiyyətində qalır. Onun məğlubiyyəti çoxlarını kövrəltdi, amma finalda məğlub olmağına baxmayaraq, azarkeşlər onu eyni qürurla dəstəklədilər.

Çünki azarkeşlər də yaxşı anlayırdı ki, düşmənlə üz-üzə olan əsgərin yaralanma ehtimalı çoxdur. Həsənin də final döyüşünü elə qəbul etdilər. Çünki ondan Avropa Oyunlarından sonra baş tutacaq dünya çempionatı və 2016-ci ildə keçiriləcək Olimpiya Oyunlarından qızıl medal gözləyirlər. Azarkeşlər, Azərbaycan xalqı ondan ümidini kəsməyib.

Həsən Əliyev Publika.az-a açıqlamasında finalda məğlub olduğu üçün təəssüf hissi keçirdiyini dilə gətirib. O, daha çox xal qazanıb qələbəsini təmin etmək üçün çalışdığını, lakin buna nail ola bilmədiyini deyib.

Həsən Avropa Oyunlarının idmançılara necə təsir etməsinə də fikir bildirib:

“Avropa Oyunlarının idmançılarımıza təsiri olacaq. İdmançılarımız yaddaşlarda qalacaq. Çünki ilk dəfə Azərbaycanda təşkil olunur. Şükürlər olsun ki, təmsilçilərimiz yaxşı nəticələr verirlər. Bu Yay Olimpiya oyunlarına seçimdir. Düşünürəm ki, böyük təşkilatçılıq, görülən işlər, zaldaki insanların dəstəyi bizi qürurlandırır. İdmana necə qayğının olduğu göz önündədir. Həyəcan, stres məni geri saldı. Tələsməməliydim, tələsdim. Artıq xal almaq istədim, amma bu, mənim ziyanıma oldu. Daha çox xalla nəticəni bəlli edib, rahatlanmaq istədim. Səhv etdim, alındıra bilmədim".

O, bürünc medal uğrunda keçirdiyi görüşdən də danışıb.

“Bürünc medal uğrunda güləşdiyim rəqibim də nəticələri olan idmançı idi. Onun Avropa və dünya çempionatlarında yaxşı nəticələri var, olimpiada iştirakçısı olub. Sadəcə mən bu görüşə yarım güclə çıxmışdım. Birinci yer ola-ola üçüncü yer məni heç vaxt razı salmaz. Lovğalıq olmasın, ikincilik və üçüncülüyə nəticə kimi baxmamışam. İdmançının bir medalı olar, o da qızıl. İnşallah, olimpiadada”.

Həsən Əliyev finaldakı rəqibi ilə əvvəllər də qarşılaşdığını və onu məğlub etdiyini deyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm