• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiyalı menecer: “Biz azərbaycanlıları yaxşı tanımamışıq...”

Rusiyalı menecer: “Biz azərbaycanlıları yaxşı tanımamışıq...”

Kazan şəhərindən olan Yekaterina Pravilova Bakı 2015 Birinci Avropa oyunlarında Əməliyyat Komitəsində işləmək üçün 2014-cü ilin aprel ayında Azərbaycana dəvət olunub. Yekaterina Azərbaycanda kommersiya şöbəsində marketinq-menecer kimi çalışıb. Oyunlar bitdikdən sonra vətəninə qayıdan Yekaterina ölkəmiz haqqında təəssüratlarını “Realnoe vremya” saytında bölüşüb.

Publika.az Yekaterina Pravilovanın İlk Avropa oyunları haqda olan təəssüratlarını təqdim edir.

- Bu il Bakıda keçirilən Birinci Avropa Oyunlarında fəaliyyətiniz haqqında danışın. Siz orada nə işlə məşğul olurdunuz, işiniz nədən ibarət idi?

- Bakıdakı Avropa oyunlarına kommersiya şöbəsinin direktoru tərəfindən Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsində marketinq üzrə menecer vəzifəsinə dəvət olundum. İnsanlarda bilet almaq və idman oyunlarını izləmək arzusu yaratmaq üçün onları Avropa oyunlarının nə olması haqda məlumatlandırmalı idik. 2014-ci ilin aprelində ilk dəfə olaraq Bakıya gəldim. Bu təklif hələ Soçi Olimpiya oyunlarında işləyərkən (O, Soçi Olimpiya və Paralimpiya oyunlarında marketinq şöbəsinin baş meneceri olub) daxil olmuşdu. Bakıda bir qədər fərqli mühitdə çalışdım. Oyunlar tamamilə yeni olduğu üçün işim reklam və oyunların təqdimatı ilə bağlı idi. Azərbaycan üçün tamamilə yeni sahə olan könüllülər hərəkatı daxil olmaqla marketinq işi ilə məşğul olurdum: biz gəncləri cəlb etməklə könüllülük mədəniyyəti yaratmağa çalışırdıq. Məşəlin Azərbaycan regionlarında estafeti uğurla alındı. Özüm şəxsən estafetdə iştirak edərək 15 iri şəhərdə oldum və bununla da, ölkənin tarix və dərinliklərini kəşf etdim. Əgər siz Azərbaycanda olsanız mütləq Şəki, Naxçıvan, Mingəçevir, Qəbələ, Quba kimi şəhərləri ziyarət edin. Bizim layihənin əsasını bilet proqramı təşkil edirdi. Çünki insanları Avropa oyunlarının nə olması haqda məlumatlandırıb onlarda bilet və idman yarışlarında iştirak etmək arzusu yaratmalı idik. Oyunlarda peşəkar komanda çalışıb çünki, təşkilat komitəsinin təxminən 50 faizini müxtəlif idman oyunlarında çalışmış təcrübəli xaricilər təşkil edirdi. Bizim gözəl başçımız, Azərbaycanın idman və gənclər naziri, “Bakı 2015”-in icraçı direktoru Azad Rəhimov çox unikal insandır. O, mükəmməl ingilis dil bilgisi ilə hər bir detala peşəkar və qayğı ilə yanaşırdı. O, həmçinin təşkilatın işi və oyunlarda çalışan hər bir kəs haqqında məlumatlı idi.

- Oyunlar necə keçdi? Nələri qeyd edə bilərsiniz?

- Açılış möhtəşəm idi. Özünəməxsus şəkildə keçirildi. Onlar spesifikliyi, koloriti və şərq ruhunu özündə qoruyub saxlaya bilmişdilər. Orada Azərbaycandan 2 mindən çox könüllü, o cümlədən də, 17 müxtəlif ölkənin nümayəndələri iştirak etmişdi. Onlar 600 dəfədən çox sınaq məşqləri keçmişdi. Qonaqlar da çox idi. Rusiya idmançılarının alqışladığı “Azarkeşlər evi” də yaxşı idi. Bizi şəxsən oraya dəvət edəndə çox məmnun qaldıq. Vətənpərvərlik aşıb-daşırdı və göz yaşlarımızı çətinliklə saxlayırdıq. Rusiyanın olimpiya komitəsinin əksəriyyəti gənclərdir, onlar hər şeyi yüksək səviyyədə təşkil etmişdilər və idmançılarımız da özlərini doğrultdular.

- Bakı haqqında nə kimi təəssüratlarınız var?

- Biz azərbaycanlıları yaxşı tanımamışıq. Azərbaycan və sakinləri haqqında stereotip təsəvvürlərimiz var. Yəni düzgün olmayan təsəvvürümüz olub. Onlar Rusiyaya alverə gələn insanlar deyillər. Azərbaycanlılar tamamilə fərqlidirlər. Onlar 3 ali təhsili olan insanlardırlar. Azərbaycanlılar ingilis dilini asanlıqla mənimsəyirlər. Əksəriyyəti rus, azərbaycan, türk və ingilis dilini bilir və bu onlar üçün norma hesab olunur. Onlar çox inkişaf ediblər və yaşlı nəslə münasibətləri çox sevindirir. Qonaqpərvərlik isə birinci yerdədir. Ölkə yüksək templərlə inkişaf edir. Əgər uşaqlar xaricdə təhsil alıbsa, onlar Azərbaycana qayıdır və orada işləyirlər. Şəhər özü isə inanılmaz dərəcədə gözəldir. Mən ilk dəfə idi ki, orada idim, lakin atam (Kazan federal universiteti nəzdində dövlət və bələdiyyə idarəçilik ali məktəbinin direktoru Pravilov İqor) əslən Lökbatandandır. Təəssüf ki, bu vaxta qədər Azərbaycanda olmamışam. Bu yarım il bir gün kimi gəlib keçdi. Milli mətbəx, yerli sakinlərin qonaqpərvərliyi... Azərbaycanı göz yaşları ilə tərk etdim, lakin oradan bir daha geri qayıtmaq düşüncəsiylə ayrıldım.

- Oyunların ümumi təşkili haqqında nə deyə bilərsiz? İdmançıların təəssüratı necə idi?

- Bizim görüşdüyümüz idmançılar hər şeyin ürəklərincə olduğunu deyirdi. Həm biz, həm azərbaycanlılar bu oyunlara bütün ürəklərini qoymuşdu. Azərbaycanlılar öz tərəfindən bütün mümkün maliyyə dəstəyi göstərir, biz isə oyunları yüksək səviyyədə təşkil etməyə çalışırdıq. Çünki pullara heyifimiz gəlmədiyi üçün dünyanın ən yaxşı yerlərindən mütəxəssisləri cəlb etməyə çalışırdıq. İdmançılar həqiqətən də, atletlər kəndindən məmnun qaldılar. Əgər siz oranı görsəydiz dediklərimə əmin olardınız. Bina çox gözəl, hər tərəfi kondisionerləşdirilib və yeni mebellə təmin olunub. Yeni binalar şəxsən idmançılar üçün tikilib. Təşkilatçılıq isə “beş üstəgəl” qiymətə layiqdir, bəlkə də, daha artıq.

- Soçidəki Olimpiya oyunları ilə müqayisədə, təşkilatçılıq işlərində hər hansı bir fərqlilik var idimi?

- Fərq ondan ibarət idi ki, Bakıda 50 faiz yerli, 50 faiz xarici işçilər çalışırdı. Bütün təcrübə və bacarıqları yerli nəsilə ötürmək əsas məqsəd idi. Rusiyada bizdən asılı olan hər şeyi əlimizdən gələn şəkildə etməyə çalışırdıq, çünki bütün dünyaya bacarığımızı göstərmək istəyirdik. İndi isə Bakı tamamilə Olimpiya oyunlarını keçirməyə hazırdır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR