Planetin ən seksual kişisi ilə evli olan gözəlin 40 yaşı tamam olur - FOTOLAR
Bizi izləyin

Dəb

Planetin ən seksual kişisi ilə evli olan gözəlin 40 yaşı tamam olur - FOTOLAR

Ancelina Colinin təqdimata ehtiyacı yoxdur! O, istedadı sayəsində çoxdan öz yerini tutub. Coli hətta ən tələbkar tənqidçiləri də aktrisalıq qabiliyyəti ilə valeh edir. Bu gün isə bu cazibədar xanımın 40 yaşı tamam olur. Publika.az bu münasibətlə dünyanın ən gözəl və dolğun dodaqlarına sahib olan ulduzu təbrik edir və onun stillərini nəzərdən keçirməyi təklif edir.

Ancelina Coli həm gözəlliyi, həm də özünəməxsus sadə üslubu ilə zəmanəmizin ən dəbli xanımlarından biri sayılır. Ancelina təbiətin ona bəxş etdiyi nadir və təbii gözəlliyinin qayğısına qalır. Gözəlliyinə kölgə salmayan sadə fasonlara üstünlük verir. O, həmişə qüsursuz və zərif görünür.

Digər ulduzlar kimi Ancelina Coli də gənclik illərdə geyim tərzi ilə bağlı səhvlərə yol verib. Lakin illər ərzində püxtələşərək özünəməxsus geyim tərzini formalaşdırıb. Ancelina Coli stil səhvlərinə yol verməsinə baxmayaraq, o, füsunkar qadın olduğu üçün istənilən geyimdə möhtəşəm görünür! Məsələn, bədəninin hər tərəfi döymələrlə dolu olsa da, qəşəng görünür. Hətta döymələri nəzərə çarpmır.

Anjelina Colinin çöl geyimi

Aktrisanın üslubuna baxan kimi dərhal nəticə çıxarmaq olar ki, o, qara rəngə üstünlük verir. Qara rəngə olan ehtirasının səbəbini çoxuşaqlı ailə sahibi olması ilə izah edir. O, müsahibələrinin birində “Qarderobumda geyimlərin əksəriyyəti qaradır. Hətta Bred Pitin qarderobu mənim paltarlarımdan daha əlvandır. Çünki qara çox rahatdır! Mənim altı uşağım var və siz təsəvvür edə bilməzsiniz ki, geyimlər necə tez çirklənir! Qarada isə hətta palçıq da daha az nəzərə çarpır” - söyləmişdi. Son vaxtlarda isə Coli qarderobuna açıq rənglər də əlavə edib.

O, gündəlik həyatda “casual” və işgüzar üsluba üstünlük verir. Əslində, “casual” üslubunun heç bir öhdəliyi və dəqiq qaydaları yoxdur, burada əsas məsələ rahatlıqdır. Gündəlik həyatda qlamur görünməkdən uzaq olan aktrisanı buna görə qınaya bilmərik. Çünki özünün də dediyi kimi altı uşaq anasıdır. Planetin ən seksual kişisi evli olan Ancelina uşaqları və həyat yoldaşı ilə gəzinti zamanı idman üslubunda geyinir.

Maraqlısı budur ki, aktrisa Bred Pittlə evləndikdən sonra mətbuata etiraf etmişdi ki, daim cins şalvar geyinməmək üçün onları kiməsə bağışlamışdı. Qeyri-adi səslənsə də, Colinin qarderobunda cinslər üstünlük təşkil etmir. Aktrisa birmənalı olaraq cinslərdən imtina edib. Çox nadir hallarda tünd rəngli cins şalvarlar geyinir. O, ancaq “J Brand” cins brendindən alış-veriş edir.

Lakin göründüyü kimi, Coli şalvar geyinməkdən tamamilə imtina etməyib. Onun qarderobunda ciddi və klassik üslubda şalvarlar da var.

Üst geyimlərə gəldikdə, Coli V sinə kəsimli köynəklər seçir. Ancelina Coli pencək və ponçoları da çox sevir. Bu geyimlərdə də o, çox cəlbedici görünür.

Ayaqqabı seçimində də aktrisa rahatlıq prinsipinə əməl edir. Axı uşaqlarla dikdaban ayaqqabılarda səfərə və gəzintiyə çıxmaq kifayət qədər çətindir... Amma qırmızı xalı mərasimlərində Coli dikdaban ayaqqabıların qadın zərifliyini vurğulayan ən gözəl aksessuar olduğunu unutmur.

Ancelina Coli əsasən, böyük həcmli çantalara üstünlük verir. Böyük çanta pərəstişkarı olan aktrisa “Ray-Ban” markasının iri çərçivəli eynəklərini çox bəyənir. Minimalizm üslubuna üstünlük verən aktrisa lakonik dizaynlı qol saatı taxmadan evdən çıxmır.

Aktrisa qələm ətəklərə daha çox yer verir. Coli yaxşı başa düşür ki, incə bədəni ona bədənə yapışan yubkalar geyinməyə imkan verir. Dizləri örtən midi yubkalar onun biçimli ayaqlarına və ideal qamətinə çox yaraşır.

Onun qarderobunda donlara çox az rast gəlmək olar. Donları ancaq qeyri-rəsmi tədbirlərə və uşaqlarla şəhər gəzintisinə gedəndə geyinir.

Qırmızı xalı obrazı

Rəsmi tədbirlərdə aktrisa həmişə seçilir, öz gözəl qamətini nümayiş etdirir. O, dəqiq siluetli və birrəngli paltarlar seçir. “Versace”, “Armani”Anjelina Colinin uzun müddətdir ki, ən çox üstünlük verdiyi moda evidir.

Aktrisanın dəri geyim həvəskarı olduğunu xüsusi vurğulamaq lazımdır. Əvvəllər qırmızı xalıda o, dəri geyimlər geyinərdi. Yeri gəlmişkən, o, dəri geyimlərdə olduqca valehedici görünür.

Zinət əşyaları

Ulduzun zərif libasları ilə yanaşı, bəzək əşyaları da həmişə böyük maraq doğurur. Coli heç vaxt mürəkkəb və təmtəraqlı aksessuarlar, zinət əşyaları həvəskarı olmayıb. Aktrisa tamaşaçılar qarşısında çox sadə bəzək əşyalarında çıxır. Böyük, nəzərə çarpacaq bir aksessuar taxıbsa, bu zaman paltarın maksimum sadə olmasına fikir verir. O, bahalı iri daşlar, artıq dekorasiya elementləri, zərgərlik kredosu olmadan da təbii gözəlliyini uğurla vurğulayır. Aktrisanın həyat yoldaşı Bred Pittin ona bəxş etdiyi iri brilyant qaşlı nişan üzüyü onun ən cəsarətli və sevimli əşyalarından biridir. Üzüyün dizaynının müəllifi aktyorun özüdür , ailənin yaxın dostu - zərgər Robert Prokop isə üzüyü hazırlamışdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm