ABŞ-dan Kremlə hind tələsi: dünya Mərkəzi Asiyada baş-başa gəlir
Bizi izləyin

Dünya

ABŞ-dan Kremlə hind tələsi: dünya Mərkəzi Asiyada baş-başa gəlir

Hindistan Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonası haqqında müqaviləyə qoşulmağı, həmçinin Mərkəzi Asiya regionunda güclənməyi planlaşdırır.

Publika.az “Nezavisimaya Gazeta" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya və Mərkəzi Asiya ölkələri üzrə səkkiz günlük səfərə başlayan Hindistanın baş naziri Narendra Modi bildirib.

Hindistanın baş naziri artıq Daşkənd və Astanada olub. İmzalanan razılaşmalara görə, Hindistan 2018-ci ilə qədər Özbəkistandan 500 ton, Qazaxıstandan isə 5 min ton uran alacaq. Özbəkistan prezidenti İslam Kərimovla görüşündə Modi qeyd edib ki, onun Mərkəzi Asiya ölkələri üzrə səfərinə Özbəkistandan başlaması təsadüf deyil. Baş nazir Özbəkistanın yalnız regionda deyil, bütövlükdə Asiyada əhəmiyyətli ölkə olduğunu bildirib.

Modi Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündə vurğulayıb ki, onun gəlişi Mərkəzi Asiya ilə Hindistanın münasibətlərində yeni eranı başlandığını bildirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə, Hindistandan Asiyaya rəqabətə davamlı və sürətli marşrutun açılacağını deyən baş nazir Mərkəzi Asiyanın da gələcəkdə bu marşruta qoşulacağına ümid etdiyini vurğulayıb. O bildirib ki, Hindistan Mərkəzi Asiya ölkələrinin müxtəlif iqtisadi sektorlarına investisiyalar qoymaq niyyətindədir.

Rusiya Siyasətşünaslıq Mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva Dehlinin regiona marağı ilk növbədə energetika resursları ilə bağlıdır. Onun sözlərinə görə, hind baş nazirin Mərkəzi Asiya ölkələrinə səfəri Hindistan və regiona dövlətləri arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı ola bilər. Rusiyalı ekspert qeyd edir ki, Hindistan Rusiya və Çinlə birgə regionda geosiyasi təsirin yeni əhəmiyyətli mərkəzini yarada bilər.

Rusiyalı digər bir ekspert Andrey Kazansevin fikrincə, Dehlinin regiona marağı yalnız iqtisadi deyil, həm də strateji xarakter daşıyır. Onun sözlərinə görə, Dehliyə Pakistanla qarşıdurmada Mərkəzi Asiya ölkələri ilə yaxşı münasibətlər lazımdır.

“Müəyyən dərəcədə Hindistanın fəallığı siyasi rəngə malikdir. Hindistanın xarici siyasətinin bir çox istiqamətləri Amerika siyasəti ilə üst-üstə düşür. Regionda 2013-cü ildən başlayan Çinin iqtisadi ekspansiyası ABŞ-ın xoşuna gəlmir. Bu halda amerikalıların özləri də regiona sərmayə qoymağa maraqlı deyillər və Hindistana dəstək strategiyasını seçiblər. Hindistan çətin ki, Pekinə ciddi rəqib olacaq. Hindistanın investisiyaları Rusiyaya alternativ ola bilər. İnvestisiya sferasında Rusiyanın bugünkü zəif mövqeyini nəzərə almaq lazımdır”, - Knyazev deyib.

Beynəlxalq ekspertlər də bu fikirdədir ki, yaxın gələcəkdə ABŞ-ın Mərkəzi Asiyadakı əsas rəqibi Rusiya deyil, məhz Çin olacaq. Dünyanın enerji ehtiyatlarına nəzarət etmək üçün ABŞ-ın xüsusi güc sərf etdiyi bir vaxtda Çinin zəngin enerji ehtiyatlarına sahib Mərkəzi Asiyada güclənməsi Vaşinqtonda sakit qarşılana bilməz.

Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın olduğu region ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri işləyən Sbiqnev Bjezinskinin sözləri ilə desək, “Avrasiya Balkanı”dır. Bu müqayisə Mərkəzi Asiyanın strateji mövqeyini bariz şəkildə göstərir. Avropa və Asiya arasındakı strateji mövqeyi Mərkəzi Asiyaya aşkar üstünlük verir. Region zəngin enerji resurslarına malikdir. Hələ 1990-cı illərdə ABŞ Dövlət Departamenti Fars körfəzinin bəzi ölkələrinin enerji resurslarını Qazaxıstanın sahib olduğu ehtiyatlarla müqayisə edirdi, bəzi məmurlar isə Qazaxıstanı “ikinci Səudiyyə Ərəbistanı” adlandırırıb. Özbəkistan və Türkmənistan da 1991-ci ildə müstəqilliyini elan edən kimi böyük beynəlxalq neft və qaz şirkətlərinin diqqətini cəlb edib.

Ekspertlər Mərkəzi Asiyada Çinin fəallaşmasının ABŞ və Rusiya üçün ciddi nəticələrinin olacağını bildirir. Rusiya 2009-cu ildə Türkmənistan-Çin boru kəmərinin açılması ilə türkmən qazı üzərindəki inhisarçılıqdan məhrum oldu. Bundan başqa Çin Türkmənistanla energetika əlaqələrini möhkəmlədərək “Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan” (TAPİ) qaz kəməri layihəsini sıradan çıxara bilər. Hansı ki, bu kəmər ABŞ-ın layihəsi hesab olunur və onu “dünyanın boru kəməri” də adlandırırlar. Əgər Aşqabad Çinə daha çox qaz satmağa qərar verərsə, TAPİ “həlak” olacaq.

Rusiyalı ekspert Andrey Kazansevin söylədikləri bu baxımdan ağlabatan görünür ki, ABŞ həm Rusiyanı, həm də Çini Mərkəzi Asiyada zərərsizləşdimək üçün Hindistandan istifadə etmək niyyətindədir. Beləliklə, demək olar ki, Mərkəzi Asiya uğrunda Çin-Rusiya bloku ilə Hindistan-ABŞ bloku uğrunda amansız mübarizə gedəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm