İŞİD-ə qurban verilən növbəti ölkə: “Zibil inqilabı”nın arxasında nə dayanır? - TƏHLİL
Bizi izləyin

Dünya

İŞİD-ə qurban verilən növbəti ölkə: “Zibil inqilabı”nın arxasında nə dayanır? - TƏHLİL

Livanın paytaxtı Beyrutda baş verən etiraz aksiyalarının dördüncü günündə nazirlər kabinetinin işi tamamilə iflic olub.

Publika.az xəbər verir ki, Beyrut küçələrində başlanan etiraz aksiyalarının səbəbinin isə şəhərin zibildən təmizlənməməsi göstərilir.

Ötən ay Beyrutun ümimi zibilliyi bağlandıqdan sonra, küçələrin zibillə dolması insanların səbrini daşdırıb. Bundan başqa Livanda ciddi hakimiyyət boşluğu hökm sürür, ölkə keçən ilin may ayından prezidentsiz yaşayır, parlament seçkiləri 2017-ci ilə qədər təxirə salınıb. Bələdiyyələr işləmir, ölkə 25 ildir ki, elektrik enerjisinin çatışmazlığından əziyyət çəkir. Zibilin təmizlənməməsi isə paytaxt sakinlərinin səbrinin daşması üçün son damcı oldu.

Müxtəlif dinli Livanda parlamentin deputatları bir ildən çoxdur ki, dövlət başçısının namizədliyi üzrə razılaşa bilmirlər. Tehran və Dəməşqin dəstəklədiyi “8 mart koalisiyası” bloku general Mişel Aunanı, “14 mart koalisiyası” bloku isə Samir Cadjunu dəstəkləyir. Hər iki namizəd xristiandır, çünki konstitusiyaya görə, dövlət başçısı postunu bu dinin təmsilçisi tutmalıdır. Baş nazir sünni, parlament sədri isə şiə olmalıdır. Xristian partiyaları hər iki bloka daxil olsa da, əsas mübarizə faktiki olaraq sünnilər və şiələrin arasında gedir.

Ölkədəki vəziyyətdən isə hazırkı məqamda İŞİD terror qruplaşması məharətlə istifadə edə bilər. Əgər “Hizbullah”, sünni və xristian qrupları arasında qarşıdurmalar başlasa, Livan kimi kiçik ölkəni işğal etməyin İŞİD üçün o qədər də çətin olmayacağı bildirilir. Heç də sirr deyil ki, İŞİD-in strateqləri Livanı yaratdıqları “xilafət”ə daxil etməyi qarşılarına hədəf qoyublar. Suriya və İraqdan sonra növbəti hədəf Livan və İordaniyanın olduğu İŞİD tərəfindən açıq şəkildə bəyan edilib.

Ekspertlər isə hesab edirlər ki, Livanda İŞİD təhlükəsinin güclənməsi Dəməşq rejiminin əleyhdarlarının maraqlarına cavab verəcək. Bildirilir ki, İŞİD-in Livanı ələ keçirmək üçün bu ölkədə açıq mübarizəyə başlaması Suriyada Əsəd rejiminin əsas dayaqlarından olan “Hizbullah”ın geriyə - Livana qayıtması ilə nəticələnəcək.

Suriya və İraqda uğurlar qazanan İŞİD son bir il ərzində Suriyanın Xoms vilayətindən Livanın ərazisinə dəfələrlə hücum edib. İŞİD-in avqustun əvvəlində hücumu çox uğurlu alınıb və terror qruplaşması Livanın Suriya sərhədində yerləşən Arsal şəhərini tutub. Amma “Hizbullah” və Livan ordusu sonradan İŞİD-i şəhərdən sıxışdıra biliblər. Ancaq ekspertlər hesab edir ki, bu, İŞİD-in son hücumu olmayacaq və Arsal şəhərinə hücum əhəmiyyətli siqnaldır.

Vəziyyəti ağırlaşdıran daha bir amil Livanda İŞİD təsirinin yayılması üçün sosial bazanın kifayət qədər geniş olmasıdır. Ölkədəki fələstinli və suriyalı qaçqınlar Livan əhalisinin təxminən üçdə birini təşkil edir. Onların əhəmiyyətli hissəsi isə sünnilərdir.

Hazırda ölkənin altıda bir hissəsini əlində saxlaya bilən Əsəd rejimi Aralıq dənizi və Livan sərhədinə sıxışdırılmış vəziyyətdədir. Livan sərhədi isə Dəməşq rejiminin təchizatında əsas marşrutlardan biri hesab olunur. Bu marşrutun kəsilməsi isə rejimin intiharı anlamına gəlir. Bir müddət əvvəl Səudiiyyə Ərəbistanı “Hizbullah” qruplaşmasının Suriyadan çıxarılmasını istəmiş, əvəzində sünni qruplara verdiyi dəstəyini kəsəcəyi barədə üzərinə öhdəlik götürmüşdü. Lakin “Hizbullah”ın bu təklifi rədd etdiyi bildirilir. Livandakı “zibil inqilabı”, ardından isə İŞİD-ə bu ölkədə əl-qol açmağa imkanın verilməsi isə şiə qruplaşmasının Suriyadan çıxarılması üçün ən münasib yol sayılır.

Görünən odur ki, Əsədi daha bir dayaqdan məhrum etmək üçün Livan da qurban verilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm