400 milyon miqrant, əhalisi azalan Qərb – dünyanı gözləyən problemlər - FOTOLAR
Bizi izləyin

Dünya

400 milyon miqrant, əhalisi azalan Qərb – dünyanı gözləyən problemlər - FOTOLAR

Dünyanın bir sıra ölkələrində baş verən xoşagəlməz hadisələr, bitib-tükənməyən müharibələr yeni qaçqın və məcburi köçkün “ordu”sunun formalaşmasına, yüz minlərlə insanın ev-eşiyindən, yurd-yuvasından didərgin düşməsinə səbəb olub. Bu baxımdan bəzi ölkələrin yaşayış məskənlərinin etnik strukturlarının radikal dəyişdiyi dövrə qədəm qoymuşuq. İrimiqyaslı miqrasiya prosesinin müşahidə edildiyi belə bir vaxtda bir aktual məsələ dünya siyasətçilərini, hökumət rəhbərlərini narahat edir: yaxın 50 ildə Yer üzündə hansı problemlər ortaya çıxacaq? Dünyanın etnik xəritəsi necə dəyişəcək?

Publika.az bir sıra beynəlxalq təşkilatların, ekspertlərin yaxın gələcəklə bağlı proqnozlarını təqdim edir:

Xalqların böyük miqrasiyası

Bir çoxları Suriyada cərəyan edən hadisələrin başqa ölkələrə də sirayət edəcəyini, tezliklə xalqların böyük miqrasiyasının başlayacağını proqnozlaşdırır. Yüz milyonlarla insan yaşadığı yeri tərk edərək minlərlə kilometr məsafədə yaxşı həyat axtarışına çıxacaq. BMT-nin hələ 2013-cü ildə açıqladığı hesabata görə, dünyada 232 milyon miqrant (daxili miqrantlar istisna olmaqla) vardı. Bu, Yer kürəsi əhalisinin 3,2 faizi demək idi. Son iki il ərzində alovlanan yeni müharibə ocaqlarını nəzərə alsaq, xüsusən Suriyada, Ukraynadakı münaqişələri də bura əlavə etsək, bu rəqəmin qaçqınlarla və məcburi köçkünlərlə əlaqəli xeyli artması danılmaz faktdır.

Beynəlxalq təşkilatlar dünyada ən çox miqrantın yaşadığı ölkələrin siyahısını açıqlayıb. Qeyd edək ki, ABŞ bu siyahıda öncül yerlərdən birini tutur. Bu ölkədə onların sayı 45 milyondan çoxdur.

İkinci sırada 11 milyon miqrantla Rusiya qərarlaşıb. Onların bir çoxu şimal qonşumuzda ticarətlə məşğul olur.

Bu siyahıya 9,8 milyon “çağırılmamış qonağ”ı olan Almaniyanı da əlavə etmək olar.

Miqrantlar təkcə Qərb ölkələrinə deyil, dünyanın digər dövlətlərinə də üz tuturlar. Belə ki, artıq Səudiyyə Ərəbistanı əhalisinin 30 faizi immiqrantlardan ibarətdir.

Dünyanın ən böyük miqrant “ordusu” olan dövlətlərin siyahısında Birləşmiş Ərəb Əmirlikləri də yer tutur. Onun ərazisində 8 milyon miqrantın olduğu bildirilir.

Əsrin ortalarında 400 milyon miqrant

Beynəlxalq Miqrasiya Təşkilatının ekspertləri hesab edir ki, əsrin ortalarında dünyada miqrantların sayı 250 milyondan 400 milyona qədər artacaq. Maraqlıdır, XXI əsrin ortalarında miqrantların sayı niyə bu qədər artacaq? Bir çoxları bunu yeni münaqişə ocaqları, habelə bəzi ölkələrin (xüsusən də onların ucqar regionlarının) inkişafdan qalacaqları ilə əsaslandırırlar. Proqnozlara əsasən, həmin vaxt ən yüksək həddə çatacaq müasir kommunikasiya insanlara planetin bir ucundan digər ucuna axın etməyə imkan verəcək.

Planeti gözləyən problem təkcə miqrasiya ilə yekunlaşmayacaq. Ekspertlər bildirirlər ki, Qərb ölkələrində əhali artımının aşağı səviyyədə olması getdikcə daha ağır fəsadlara yol açacaq. Yeri gəlmişkən, qeyd edək ki, hazırda İtaliyada doğum səviyyəsi İsveçlə müqayisədə aşağıdır. Bəziləri bunu dini amillərlə əlaqələndirməyə çalışsalar da, İranda hər qadına 2 uşağın düşməsi belə iddiaların əsassız olduğunu göstərir.

Qarşıdan gələn onilliklərdə Yer kürəsi əhalisinin artımı say baxımından Asiya və Afrika ölkələri üstünlük təşkil edəcək. Yeri gəlmişkən, ABŞ-ın Əhali Problemləri üzrə İnformasiya Bürosunun proqnozlarına görə, 2050-ci ildə planetin sakinlərinin 80 faizini Afrika və Asiya xalqları təşkil edəcək. Bu isə dünya əhalisinin strukturunda dəyişikliklərə səbəb olacaq. Ekspertlərin proqnozuna görə, dünyanın iqtisadi və mədəni mərkəzi Qərbdən Şərqə keçəcək. Dünyada oyun qaydalarını asiyalılar diktə edəcəklər.

Demoqrafik dəyişikliklər, xüsusən, Afrikanın Nigeriya, Efiopiya (Həbəşistan), Konqo Demokratik Respublikası kimi ölkələrində özünü açıq-aydın büruzə verəcək. Məsələn, Nigeriyada əsrin sonlarında 439 milyon insanın yaşayacağı proqnozlaşdırılır. Bu ölkənin ən azı regional mərkəzlərdən (bəziləri hətta Nigeriyanın dünyanın mərkəzlərindən biri olacağını iddia edir) birinə çevriləcəyi istisna olunmur.

Qeyd edək ki, BMT-nin demoqrafik şöbəsinin rəhbəri Con R.Vilmot da eyni proqnozla çıxış edib. Vilmotun qənaətincə, dünya ölkələrinin iqtisadi mühitində Afrikanın bəzi ölkələrinin çəkisi artacaq.

Onun rəhbəri olduğu şöbənin ekspertləri isə hesab edir ki, əsrin sonuna qədər Yer kürəsinin əhalisinin sayı 13 milyardı ötəcək. Bu artımda “qara qitə” özünü daha çox göstərəcək. XXI yüzilliyin sonlarında Afrikanın əhalisinin 5,6 milyard olacağı bildirilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm