Roma Papasının edam kəndirindən qurtardığı Türkiyə prezidenti
Bizi izləyin

Dünya

Roma Papasının edam kəndirindən qurtardığı Türkiyə prezidenti

Roma Papasının edam kəndirindən qurtardığı Türkiyə prezidenti

Türkiyə tarixçisi,Atatürk Araşdırmalar Mərkəzinin rəhbəri Məhmət Saray onunla axırıncı söhbətini 24 il sonra köşə yazarı Sənəm Altan adanışmışdı.Vəfatından az əvvəl Məhmət Sarayla söhbətində Türkiyənin üçüncü prezidenti Cəlal Bayar 1960-cı il 27 May Çevrilişini ilk dəfə olaraq İsmət İnönünün şəxsi ixtirası adlandırırdı.

Qısa tanıtma...

Türkiyənin üçüncü prezidenti Cəlal Bayar 1883-cü ildə Bursanın Gəmlik bölgəsində ruhani ailəsində anadan olub. Abdullah Fəhmi Əfəndi Gəmlikdə müftülük edib. Ailə kasıb yaşayıb. İlk və orta təhsilini aldıqdan sonra Cəlal Bayar məmur həyatına atılıb. Bursada Ziraət Bankında çalışıb. 1908-ci ildə Türkiyədə ikinci Məşrutiyyə elan olunduqdan sonra "İttihad və Tərəqqi" Cəmiyyətinə qoşulub . AdnanMenderesi siyasətə gətirən də odur.1920 –ci ildə Osmanlı Məbusan Məclisinə Saruxan bölgəsindən millət vəkili seçilib. 1921-ci ildə Lozanna Sülh Konfransında iştirak edib.

1923-cü ildə Cümhuriyyət banisi Mustafa Kamal Paşa Atatürkün tapşırığı ilə Türkiyə İş Bankını qurub,müxtəlif illərdə nazir,baş nazir vəzifələrini daşıyıb. Atatürkün yaxından inandığı şəxslərdən olub. 1946-cı ildə Adnan Menderes, FuadKöprülü və Rəfiq Koraltanla birgə Demokrat Partiyasını qurub. 1950-1960-cı illərdə Türkiyə Cümhuriyyətinin prezidenti vəzifəsini daşıyıb. 1960-cı ilin 27 may tarixində hərbi çevriliş nəticəsində iqtidardan endirilib.

Menderesin ölməsinə əmin olmaq üçün cansız bədənini yenidən asıblar

Çox danışmağı sevməyən Cəlal Bayar DP dövründə Türkiyənin dünyəvidövlət modelindən uzaqlaşdırdığı üçün baş nazir Adnan Menderesi dəfələrlə danladığını və çıxışlarında uzun-uzadı vədlər verməsini ona irad tutmasını söyləyirdi.Türkiyədə böyük və faydalı işlər gördüyünü deyən Cəlal Bayar Adnan Menderesin sadə xalqın içərisindən yetişdiyi üçün mitinqlərdə qızğın çıxışlar etməsinin anlaşılan olduğunu düşünürdü.

Türkiyənin görkəmli siyasət və fikir adamı,əslən şuşalı olan Əhməd Ağaoğlunun oğlu, DP hakimiyyəti dövründə baş nazir Adnan Menderesin müavini vəzifəsini daşımış Səməd Ağaoğlu 27 May hadisələrindən bəhs edərək yazırdı ki, o Türkiyə tarixində Adnan Menderes qədər sadə xalqla bütövləşməyi bacaran ikinci bir siyasətçiyə rast gəlməmişdi.

C. Bayarın düşüncəsinə görə 27 May hadisələri İsmət İnönü və onun ətrafındakı beş-on nəfərin fitnə-fəsadı ilə təşkil olunmuşdu."Bu adamlar fikir müxalifətliyi etmirdilər,onlar şəxsi müstəvidə siyasi ehtiraslarını həyata keçirtmək istəyirdilər...Həmin günlərdə İsmət bəy çılğınlaşmışdı. O, 27 May Ordu müdaxiləsini dəstəklədi və bununla da səhv hərəkət etdi."

Məhmət Saranın "qoca çinar" adlandırdığı C. Bayarın mühüm bir fakt olaraq dediyi sözlərdən biri də bu olub ki, Atatürk ordunun daxili siyasətə qarışmasının hər zaman əleyhinə olub.;

"Ən pis dövlət idarəçiliyi, ən yaxşı ordu idarəçiliyindənyaxşıdır", deyən Cəlal Bayar onu da söyləyir ki, bu hadisələrdə məni üzən "İttihad və tərəqqi" zamanlarından dostluq etdiyim şəxslərin məni anlamaması oldu.

Nəvəsi Əminə Gürsoy sonralar danışırdı ki, Çankaya Köşkündəydik, tank uğultusuna ayıldıq. Mən o zaman uşaq idim və hadisələrin nə dərəcədə qorxulu olmasını anlaya bilmirdim.Babamdirəniş göstərdi, gələnlərə silah çıxartdı və dedi; "Siz kimsiniz ki,məni həbs etməyə gəlmisiniz. Millətin iradəsiylə hakimiyyətə gəldim,millətiniradəsiylə də gedəcəyəm ." O,sonra silahı özünə tərəf çevirir və bu silah onu əhatələyən hərbçilər tərəfindən alınır.

Demokrat Partiya iqtidarına qarşı qurulan Yassıada məhkəməsində özünü çox soyuqqanlı aparırdı və daxili siyasətə ordu müdaxiləsinə qarşı olduğunu bir daha bəyan etmişdi.

Məhkəmədəki çıxışlarında Adnan Menderesə və başqa dostlarına qarşı ittihamları öz üzərinə yönəldiləməsini istəmiş və dostlarının məsuliyyətini öz üzərinə almışdı.

27 May hadisələrində C. Bayarın 78 yaşı tamam olmuşdu və o prezident kimi "vətənə xəyanət" maddəsiylə ittiham olunmalı və edam edilməliydi. Türkiyə Cümhuriyyəti qanunu isə 65 yaşdan yuxarı şəxslərin edam edilməsinə yol vermirdi. İsmət İnönü və Cümhuriyyət Xalq Partiyası bu yaş həddinin götürülməsini aradan qaldırılmasına müvəffəq oldular.

Türkiyə Cümhuriyyətini Atatürklə bərabər quran kişini edam edəcəkdilər. CHP və onun ifadəçisi İsmət İnönü xüsusi fədakarlıq göstərirdilər həmin məşum günlərdə.

İsmət İnönünün kürəkəni Mətin Tokərin baş redaktoru olduğu "Akis" jurnalının üz qabığında belə bir fotoşəkil kollajı təsvir edilmişdi həmin məşum günlərdə. Dar ağacı və edam kəndiri, önündə isə Cəlal Bayarın fotosu. Altında isə yazılmışdı; "Cinayət və cəza".

1961-ci il sentyabr ayının 15-də Yassıada məhkəməsinin çıxardığı edam qərarlarının icra olunması elan edilir. Edam siyahısında 15 nəfərin adı vardı.

Edam olunacaq məhbuslar əlləri arxasında məhkəmə binaslndan birbaşa İmralıya aparılır.Onların arasında azərbaycanlı Səməd Ağaoğlu da vardı. İmralı həbsxanasında əlləri bağlı şəkildə onları ayrıca kameralara salırlar. Məhkumlar dəhşətli vahimə içərisində edam gününü gözləyirdilər.

Gözlənilmədən edam qərarının ömürlük həbslə əvəz olunması qərarını eşidəndə Cəlal Bayar hıçqırtı ilə ağlamağa başlayır. Bu sevinc göz yaşları deyildi.

Cəlal Bayar kədərindən yerə göyə sığmırdı. Qərar siyahısında 3 dostunun adı yoxuydu; baş nazir Adnan Menderes, daxili işlər naziri Fateh Rüştü Zorlu və maliyyə naziri Həsən Polatkan edam sentyabrın 17-də edam edilirlər.

Yeri gəlmişkən, azərbaycanlı Səməd Ağaoğlunun da adı göründüyü kimi edam siyahısından çıxarılmışdı.

Menderes İmralıya gətiriləndə sərbəst yeriş halını itirmişdi. Onu iki əsgər qolundan tutaraq aparırdı.

Adnan Menderesin edam günü çəkilən fotoları onun bir iki saniyəlik vəziyyətini göstərir. Əslində, baş nazir özündə - sözündə deyildi. Hərəkət müvazinətini itirmişdi.

Ən dəhşətlisi və təsirlisi isə Menderesin asılma dəqiqələri olmuşdu. Onun boynuna keçirilən kəndiri uyğun şəkildə boğazına yerləşdirə bilmədikləri üçün baş nazir,bir neçə dəfə çırpınaraq canını təslim etmişdi. Artıq gec olduğu üçün icraçılar yaxına gedə bilmirdilər. Dərhal canını təslim edə bilmədiyi üçün Menderes vücudunu o qədər silkələmişdi ki,ayaqqabılarıını ayağından fırlatmışdı. Onun ölməsini dəqiq yoxlamaq üçün cansız bədənini yenidən kəndirdən asmışdılar.

Bütün bunları eşidən Cəlal Bayar hüzn və qəzəblə - insana qarşı bu qədər kin hardan qaynaqlanır – demişdi.

Cəlal Bayarı asılmaqdan kim xilas edib

Cəlal Bayar səhhətindəki nasazlığa görə, 1964-cü ildə Türkiyə prezidenti Cövdət Sunay tərəfindən əfv edilərək azadlığa buraxılır.

Türkiyənin görkəmli fikir adamı Səməd Ağaoğlu da 1964-cü ildə əfv edilir və azadlığa buraxılır.

Həbsdən buraxıldıqdan sonra Ankaraya gedib Atatürkün uyuduğu Anıt Qəbrini ziyarət etmək istəyir. O, prezident olarkən 1951-ci ildə "Atatürkü qoruma" adı ilə tanınan qanunu imzalamışdı. Lakin o dövrdə baş nazir olan İsmət İnönünün göstərişi ilə ziyarətçilərin üzünə açıq olan Anıt Qəbri təmir adı altında bağlanır. Cəlal Bayarın ziyarəti əngəllənir...

Daha sonra isə sakit bir həyat yaşamağa başlayır. 1986-cı ildə vəfat edərkən 103 yaşını haqlamışdı...Vətəni Bursanın Umraniyyə bölgəsində torpağa tapşırılır.

İndinin özündə də Türkiyə mətbuatında bu fikirlər ara-sıra özünə yer tapır ki,Cəlal Bayar haqqında edam qərarının dəyişdirilməsi Roma Papası 23-cü İohannın Türkiyə dövlətinə təzyiq göstərməsi nəticəsində baş tutub.

O ,1960-cı ilin may günlərində Vatikandan Türkiyəyə dörd nəfər kardinal təşrif buyurur. Onlar Papanın mesajını Türkiyə dövləti başında duranlara çatdırır; "Bayarı edam etsəniz, bütün katolik dünyasını üstünüzə qaldıraram".

23-cü İohan 1958-ci ildə Papa 30-cu illərdə Türkiyədə yaşamışdı və İstanbulda Vatikanın Yunanıstan və Türkiyə üzrə təmsilçisi vəzifəsində çalışırdı. Əvvəlki ad və soyadı Ancelo Roncalliydi. Bir türk aşiqi olduğu söylənilən Roncali yeddi təpəli İstanbulu yeddi təpəli Roma qədər çox sevirdi. Türk dilini bilirdi. Qapalı və yumşaq xasiyyətli olan Ancelo Roncalli Türkiyədə yaxın dostları arasında yüksək etibar qazanmışdı. Türkiyə mətbuatının iddiasına görə, bu etibar sayəsində o Vatikana Türkiyə haqqında gizli məlumatlar ötürürdü.

Buna görə də indiki Türkiyə mətbuatı onun 30-cu illərdə Türkiyə əleyhinə casusluq fəaliyyəti ilə məşğul olduğunu iddia edir. Kardinal Ancelo Roncallinin Türkiyədə ən yaxın dostlarından biri,o dövrdə yüksək dövlət vəzifələri daşıyan, Atatürkün ən yaxın silahdaşlarından olan Cəlal Bayar idi.

Cəlal Bayar 1950-ci il seçkilərində qalib gəlib Türkiyə Prezidenti seçildikdən sonra yaxın dostu kardinal Ancelo Roncallinin xahişini qırmır və Türkiyədə Vatikanın səfirliyinin yaradılması üçün gərəkli olan bütün göstərişləri verir.

Cəlal Bayar köhnə dostu Ancelo Roncallinin 1958-ci ildə 23-cü İohann adı ilə Papa seçilməsi münasibətilə Vatikanda təşkil olunan mərasimə gedərək Papanı ilk dəfə təbrik edən ilk müsəlman və türk dövləti başçısı olur. Bu zamana qədər heç bir müsəlman dövləti rəhbəri Vatikana papanın hüzuruna getməmişdi. Bu sürpriz ziyarət artıq müsəlman dövlətiylə Vatikan arasında münasibətlərin qurulması deməkiydi bununla isə provaslav kilsəsinə gözdağı verilir.

Cəlal Bayar tərəfindən Vatikana və deməli, katolik məzhəbinə göstərilən bu parlaq münasibət əvəzsiz qoyula bilməzdi.

Papa 23-cü İohann çox möhtəşəm bir jest nümayiş etdirir.

Cəlal Bayarı edam kəndirindən qurtarır. Türk Silahlı Qüvvətləri ilə ən sərt şəkildə danışan kardinallar bir gecənin içərisində Cəlal Bayarla bağlı seçilmiş edam qərarını dəyişdirirlər...

Sonda isə zavallı Adnan Menderes asılır. Cəlal Bayar isə yuxarıda dediyim kimi, 1986-cı ilin 22 avqust tarixinə qədər uzun və sakit illər yaşayır...

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm