Türkiyə seçkiləri bitdi: əsl məğlub kimdir? - Təhlil- Yeniləndi
Bizi izləyin

Dünya

Türkiyə seçkiləri bitdi: əsl məğlub kimdir? - Təhlil- Yeniləndi

Seçkinin məğlubu CXP deyil, Fəthullah Gülən!

Türkiyəni itirən kimdir?» sualının cavabı

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası – AKP bələdiyyə seçkilərində səslərin 45 faizdən çoxunu qazanıb. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası isə 28 faizə yaxın səs toplayıb.

Bələdiyyə seçkiləri 2002-ci ildən hakimiyyətdə olan baş nazir Rəcəb Təyyib Ərdoğan üçün bir sınaq, onun idarəçiliyinə dair bir referendum sayılırdı.

Ərdoğan onu korrupsiyada və dövlət sirlərini yaymaqda suçlayanların məhz rəhbərlik etdiyi partiyanı hədəf götürdüyünü söyləyir, özəlliklə ABŞ-da yaşayan Fetullah Güləni polisdəki tərəfdarlarından yararlanaraq ona qarşı çirkin kampaniya aparmaqda suçlayırdı.

Artıq seçki savaşı bitib və təbii bir sual ortaya çıxıb: AKP-nin qələbəsi Türkiyə üçün nə deməkdir?


«Türkiyədəki seçki heç də ölkədəki qarışıqlıqla bağlı son söz demək deyil. Ölkə daha dumanlı bir dönəmə qədəm qoyur, çünki iki, həm də daha önəmli seçki ilə üz-üzədir. Yayda prezident, gələn il isə parlament seçkiləri keçiriləcək. Türkiyə Ərdoğanın öz siyasi gələcəyinə dair qərarını da gözləyir». Bunu «New York Times» yazır.

«Hansı əks iddialar irəli sürülsə də, AKP aydın və mübahisəsiz qələbə qazandı. Bu rəqəmlərdən sonra cənab Ərdoğanın prezidentliyə namizədliyi və seçilməsi artıq təmin olunub», – Ankaradakı «MetroPoll» sorğu mərkəzinin direktoru Özer Sencar belə deyib. ​​
«New York Times» yazır ki, Türkiyədə rəqiblərin barışması üçün məkan dardır. Bir tərəfdə ölkənin təxminən yarısını təmsil edən dindar mühafizəkarların dəstəklədiyi islamçı baş nazir, digər tərəfdə ona müxtəlif təbəqələr – şəhər intellektualları, dünyəvi baxışlı türklər və millətçilər var. Ərdoğana qarşı müxalifətdə olmaq onları birləşdirir.

Azərbaycan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov martın 30-da öz «twitter» səhifəsində Türkiyədə keçirilmiş bələdiyyə seçkilərini «möhtəşəm» adlandırıb: «Ötən gecə Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər... Türkiyə seçimini etdi».

XARİCİ GÜCLƏR ÜZƏRİNDƏ QƏLƏBƏ

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Orucun sözlərinə görə, AKP-nin səkkizinci qələbəsinin reallaşması xalqın ötən illərdə yürüdülən siyasətə ayıq, mütəşəkkil və gerçəkçi münasibətini göstərir. Deputatın fikrincə, Türkiyədəki seçicilərin iradəsini yönləndirən metodlar, siyasi texnologiyalar nəticə verməyib və insanlar siyasi çarpışmanı münsif kimi dəyərləndirərək ən yaxşı hakim olduqlarını göstəriblər: ​​

«Bu referendum səciyyəli tədbirin daha üst qatında – xarici güclərin uzun illər ərzində Türkiyə içərisində idarəçiliyə dair əldə etdikləri mexanizmləri itirmələri fonunda Türkiyə sanki həm də xarici cəbhələrdə müxtəlif dairələrlə savaşırdı. Bu seçkilərin sonucunda onların da məğlub olduğunu söyləyə bilərik».


Deputat düşünür ki, Türkiyənin Ərdoğanlı dönəmdə irəliləyişi bu ölkənin gücünü artıracaq:

«AKP-nin Türkiyənin həyatında növbəti dönəm üçün uğur qazanması hər kəsi yerinə qoydu. Qafqazda, daha geniş regional arxitekturada Türkiyənin gücü sarsılmaz oldu. Bu, Azərbaycanın xeyrinə işləyir. Məncə, dünənki gün həm də Azərbaycan üçün önəmli idi».


İstanbulda yaşayan azərbaycanlı Xaqani Abbasəli Türkiyədəki seçkilərin heç də Azərbaycandakından az pozuntuyla keçmədiyini iddia edir. O, MHP tərəfdarıdır və bu partiyanın qələbəsini azərbaycanlılar üçün daha sərfəli sayır və AKP-nin üstünlük qazanmasının Azərbaycan hakimiyyətinə sərfəli olduğunu düşünür: ​​


«AKP-nin qələbəsi Türkiyənin çıxılmaz bir duruma düşməsi, ölkənin yaxın gələcəkdə parçalanması, bölünməsi, iflas edən Yunanıstanın durumuna düşməsi deməkdir. Ölkədə çoxlu qarşıdurmalar var. Baxarsınız, seçkilərdən sonra burada çaxnaşmalar, ölümlər olacaq. AKP-nin son 6-7 ildəki layihəsi Türkiyənin parçalanmasına gətirib çıxarır».


Gülən- Ərdoğan savaşı qızışacaq


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu buna diqqət çəkir ki, AKP rüşvət qalmaqalı ilə üzləşsə də, 2009-cu illə müqayisədə MHP və CHP-nin toplam səsindən daha çox səs toplayıb:«Bələdiyyə seçkilərində partiyada konkret şəxslərə səs verilsə də, AKP səs çoxluğu qazanıb. Demək, vətəndaşları rüşvət qalmaqalından çox Ərdoğanın işləri də maraqlandırır. Bu illər ərzində iqtisadiyyat normallaşıb, gəlirlər artıb, yollar, xəstəxanalar, hava limanları tikilib. Ərdoğan həm güclü natiqdir, həm də xarizmatikdir».

​​Elxan Şahinoğlu Ərdoğanın Gülənin dəstəyi ilə hakimiyyətdə qalması barədə nağılın da bitdiyini düşünür. Axı 2009-cu ildə həmin dəstəklə 39 faiz səs toplayan Ərdoğanın dəstəyi indi daha çox artıb. Şərhçi seçkidən sonra siyasi gərginliyin azalmayacağını düşünür. Baş nazirin yumşaldıcı bəyanatlarının Gülən hərəkatına aid olmaması bunun əlaməti sayıla bilər:


«Gülən hərəkatına bağlı işadamları məsuliyyətə cəlb oluna bilər. Gülənin məktəb və universitetlərinin problemlərlə üzləşməsi mümkündür. Onun mediasına da bəlli təzyiqlər ola bilər. Çünki Ərdoğan Gülən hərəkatını boş buraxsa, radikal nurçular onun sonunu yaxınlaşdırarlar. Ərdoğan üçün Gülən hərəkatı müxalifətdən və vaxtilə onu devirməyə çalışan generallardan daha təhlükəlidir. Ona görə Gülən hərəkatı ilə Ərdoğan arasında savaş daha da qızışacaq».


«Rəcəb Təyyib Ərdoğanın bazar günü seçkilərində qələbəsi «Pirr qələbəsi» olacaq. Onun Ədalət və İnkişaf Partiyası, yəqin ki, bələdiyyələrin çoxluğunu qazanacaq, amma bütövlükdə Türkiyə beynəlxalq oyunçu kimi itirib», – bunu «New York Times»da dərc olunmuş başqa bir məqalədə oxuyuruq. ​​Müəllif Ərdoğanın daha çox düşmənlərinə hücum etmək üçün ambisiyalı xarici siyasətdən əl çəkdiyini vurğulayır:«Baş nazir öz siyasi qurtuluşuna o qədər cəlb olunub ki, bu yaxınlarda ölkə ərazisində «twitter»i də bağlayıb».


Müəllifin fikrincə, bəzilərinə neo-Osmanlılıq – Osmanlı İmperiyasının bərpası cəhdi kimi görünsə də, Türkiyə Amerika və Avropa liderlərinin gözlərində əsas siyasi oyunçuya çevrilə bildi. Ancaq yerli problemlər xarici siyasətə təsirini göstərdi. Məsələn, Krım problemində Ərdoğan mədəni və dini qardaşlarının köməyinə gəlməyərək, təəssüfünü bildirməklə kifayətləndi. Ərdoğanın taktikası ölkəni təcrid edib:«Bir müddət əvvəl Qərb dövlətlərində belə bir sual soruşulardı ki, «Türkiyəni itirən kimdir?». Çox barmaqlar Brüssel və Vaşinqtona tuşlanardı. Ancaq bu gün baş nazir ölkəni düşmənçilik və repressiyaya doğru apararkən, o barmaqlar elə cənab Ərdoğanın özünə yönəlir».

15.08

Türkiyənin maraqla gözlədiyi bələdiyyə seçkilərinin nəticələri nəhayət ki, bəlli oldu. Seçkilərin qazananı və məğlubu kim oldu?Publika.Az – ın verdiyi xəbərə görə, “Vatan” qəzetinin yazarı Hüseyin Yayman seçkilərin nəticələrini qiymətləndirib.

Rəcəb Təyyib Ərdoğanın daha bir qələbə qazandığını söyləyən H.Yayman ölkənin siyasi tarixində yeni bir səhifənin açıldığını bildirib.

Ərdoğan daha bir qələbə qazandı

Saatlar gecə yarısını göstərərkən seçkilərin ilkin nəticələri bəlli oldu. Ancaq rəqabətin bəzi vilayətlərdə son ana qədər davam edəcəyi görünür. Amma ortada dəqiqləşən bir vəziyyət var. Ərdoğan 3 parlament, 2 bələdiyyə və 2 referendum qələbəsinə daha birini əlavə etdi. Artıq ölkə siyasətində yeni bir səhifə açılır.

Dünya tarixində görünməmiş bir vəziyyət

Görünməmiş sərtliklə keçən bir seçki kampaniyasından sonra Ərdoğanın qələbəsi üzərində yenidən düşünmək lazımdır. Seçki kampaniya dövründə dilə gətirilən iddialara baxmayaraq, 12 illik bir iqtidardan sonra keçirilən üçüncü bələdiyyə seçkilərini də AKP qazandı. Dünya və ölkə tarixində görünməmiş bir vəziyyətlə qarşı-qarşıyıq.

Seçkilərin məğlubu Fəthullah Gülən

Seçki kampaniyası dövründə müxalifətdən daha çox müxalifətçi olan Gülən hərəkatı seçkinin məğlubu oldu. Bir din adamının partiya lideri kimi müxalifətdə olması qəribə bir vəziyyət yaratmışdı. CXP-nin camaat və sağ açılımı isə gözlənilən uğuru gətirmədi və çox güman ki, partiyadaxili müzakirələr yenidən başlayacaq. CXP bu seçkilərin ən çox mübahisə edilən partiyası olacaq.

MHP və BDP qazandı

Dəqiqləşməyən rəqəmlərə baxsaq, BDP-nin şərq və cənubi-şərqdə böyük bir müvəffəqiyyət əldə etdiyini görərik. Partiya ölkənin qərbində aparılan müzakirələrdən kənarda dayanaraq öz gündəmi ilə məşğul oldu. BDP səsini və bələdiyyə sayını artıraraq parlament seçkilərində seçki baryerini aşacağı barədə mesajını verdi.

MHP isə Şərqi Aralıq dənizi sahili və ölkə üzrə səslərin sayını artırdı. MHP də BDP kimi Ərdoğan ilə CXP və Gülən camaatı arasında gedən döyüşdən kənarda qalaraq cəmiyyətə üçüncü bir yol göstərdi.

Seçkilərin önə çıxan başlıqları

1. Ərdoğan mübahisəsiz yeni bir qələbə qazandı.

2. CXP-nin camaat və sağ açılımı gözlənilən qələbəni gətirmədi.

3. Gülən-Ərdoğan döyüşündən kənarda dayanan BDP və MHP üstünlük qazandı.

4. BDP “kürd məsələsi”nin həlli müddətində danışıqlar masasında əlinin daha güclü olacağını göstərdi.

5. Ərdoğan liderliyini daha da gücləndirdi və böyük bir şəxsi uğur əldə etdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm