“Kremllə ermənilərin Qarabağa yanaşması arasında prinsipial fərq yoxdur”
Bizi izləyin

Dünya

“Kremllə ermənilərin Qarabağa yanaşması arasında prinsipial fərq yoxdur”

“Kremlin problemə yanaşması ilə ermənilərin yanaşması arasında prinsipial fərq yoxdur”

Xəbər verdiyimiz kimi, dünən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtondakı Kornegi Mərkəzində Qarabağ probleminə dair geniş məruzə ilə çıxış edib.

Köhnə-yeni prinsiplər

Madrid Prinsiplərinin danışıqlar stolu üzərində olduğunu söyləyən diplomat tərəfləri həmin təklifləri əsas götürməyə çağırıb. O, bu təkliflərin ölkənin ərazi bütövlüyü, güc tətbiq eləməmək və müqəddəratı təyinetmə prinsiplərinə əsaslandığını söyləyib.

Uorlikin sözlərinə görə, bu təkliflər həmsədr ölkələrin prezidentlərinin əvvəlki bəyanatlarına əsaslanır və hazırda 6 təməl elementdən asılıdır: Həmin elementlər onlardan heç biri üstün tutulmadan, paket halında qəbul edilməlidir. Əks halda sülh danışıqları baş tutmayacaq”.

Həmsədr həmin elementləri aşağıdakı kimi sıralayıb:

1. Tərəflər Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşır və onun yekun hüquqi statusunun Dağlıq Qarabağ əhalisinin iradəsi əsasında müəyyən edilməsi gələcəyə saxlanılır.

2. Müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət verməlidir.

3. Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır.

4. Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.

5. Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır.

6. Tənzimləmə beynəlxalq zəmanətləri və sülhməramlı əməliyyatı nəzərdə tutmalıdır.

Bəyanatda nə çatışmır?

Publika.az – a açıqlamasında politoloq Qabil Hüseynli amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışını şərh edib.

Çıxışın məhz indi edilməsinin səbəbinə gəlincə, politoloq qeyd edib ki, Qərb post-sovet məkanındakı münaqişələrin necə təhlükəli olduğunu və onun maraqlarına qarşı çevrilə biləcəyini artıq anlamağa başlayıb. Q. Hüseynli bunun bəyanatda lazımı şəkildə təsbit olunmamasına baxmayaraq, hesab edir ki, dönüş məqamları hiss olunur: “Məsələn, bəyanatda “işğal” sözü işlədilir və Azərbaycan torpaqlarının işğalından bəhs edilir. Amma burada da bir çatışmazlıq var. Torpaqların Ermənistan tərəfindən işğal olunduğu vurğulanmır. Münaqişənin həlli ilə bağlı 6 prinsip irəli sürülür və bunlar faktiki olaraq Madrid Prinsiplərində əksini tapıb. Amma burada müəyyən korrektə işi aparılıb. Laçın dəhlizi haqqında danışılır və rayonun Azərbaycana məxsusluğuna xələl gətirilməməsi fikri səslənir. Bəyanatda təcavüz faktına siyasi qiymət verilmir. Amma bütövlükdə bölgəyə sülhməramlıların gətirilməsi, Dağlıq Qarabağa keçid statusunun verilməsi, məcburi köçkünlərin geriyə qaytarılması fikri olsa da, onların beynəlxalq qüvvələrin bilavasitə nəzarəti altında qaytarılması faktı vurğulanmır”

Bəyanatdakı hansı məqam narahatlıq doğurur?

Q. Hüseynlinin sözlərinə görə, Dağlıq Qarabağa keçid statusunun verilməsi barədə təklif bəyanatda narahatlıq yaradan məqamdır. Politoloq hesab edir ki, burada Azərbaycanın ərazi bütövlüyü məsələsi nəzərdən qaçırılır: “Keçid statusunun verilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü xələl gətirilməsi dərhal aydın olur. Düzdür, Dağlıq Qarabağın ətrafındakı rayonların azad edilməsi barədə fikir səsləndirilir. Amma qondarma Dağlıq Qarabağ qurumuna keçid statusun verilməsi o deməkdir ki, Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinin başlanğıcı qoyulur. Lissabon sammitində, ATƏT-in bütün sənədlərində post-sovet məkanındakı münaqişələrlə bağlı hamısının ərazi bütövlüyü qəbul edilib, amma Azərbaycanın ərazi bütövlüyünə ABŞ-ın indiki yanaşmasında şübhələr var. Bu baxımdan bəyanatı irəliyə doğru atılmış yarımçıq addım kimi dəyərləndirilə bilər”.

Politoloq bildirib ki, ABŞ-ın müəyyən qədər dəyişən mövqeyinin bütövlükdə münaqişənin həlli üçün yetərli olacağına inanmır: “Biz yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Azərbaycana ən yüksək statusunun verilməsinə tərəfdarıq. Keçid status isə yüksək özünüidarəetməni az qala müstəqilliyə yaxın bir elementə çevirir. Bu baxımdan da bir-birini təkzib edən fikirlərin şahidi oluruq”.

Rusiya və Fransa bəyanata nə deyəcək?

Politoloq qeyd edir ki, Rusiya tərəfdən gözlənilməz addımlar atıla bilər: “Rusiya ictimai fikrinə tez-tez müxtəlif variantlar irəli sürülür. Dağlıq Qarabağ ermənilərinə Rusiya vətəndaşlığının verilməsi, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi fikirlər Jirinovski kimi siyasətçi və politoloqlar tərəfindən tirajlanır. Bu o deməkdir ki, Kremlin problemə yanaşması ilə ermənilərin yanaşması arasında prinsipial fərq yoxdur. Fransa da buna yaxın bir mövqe sərgiləyir. Amma Fransa üçün keçid dövr mövcuddur. Yəni, Dağlıq Qarabağın sonuncu status müəyyənləşənə qədər Azərbaycanın tərkib hissəsi kimi qəbul edilir. Amma Fransada referendum məsələsi də var. Dağlıq Qarabağ referendumla guya öz müqəddəratını müəyyənləşdirir. Burada da Kosova presedentindən istifadə etmək istəyirlər. Əslində beynəlxalq hüquqda öz müqəddəratını müəyyən etmiş millət ikinci dəfə bunu edə bilməz. Bu baxımdan hər üç həmsədrin fikirlərində beynəlxalq hüquq normalarından ciddi kənara çıxmalar var. Hələ ki, hər üç həmsədr də problemin həllini obyektiv yanaşmadan uzaqdır. Bəziləri xeyli uzaq, bəziləri isə müəyyən qədər uzaqdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm