İsrailin kürd siyasəti: Hədəflər nə qədər yaxındır?
Bizi izləyin

Dünya

İsrailin kürd siyasəti: Hədəflər nə qədər yaxındır?

İsrailin kürd siyasəti: Hədəflər nə qədər yaxındır?

Yaxın Şərq regionunda uzun müddətdir ki, mövcud olan və xüsusilə son 10 ildir təsirini artıran əlaqələrdən biri İsrail-kürd əlaqələridir. Bu əlaqələr bir çox baxımdan qaçılmazdır və bu əlaqələrin mövcudluğunu şərtləndirən məntiqli səbəblər vardır.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında dərc olunan bir yazıda İsrail-kürd əlaqlərinin mövcudluğunu şərtləndirən səbəblərə toxunulur.

“İsrailin kürd siyasəti” adlı yazının müəllifi Sarp Yakutdur. Müəllif hesab edir ki, İsrailin geopolitik xüsusiyyətləri, bölgədəki maraqları onu birbaşa olaraq kürdlərlə yaxşı əlaqələrə itələyir. Onun sözlərinə görə, bu əlaqələr kürdlərin də regionda əlinin güclənməsi üçün çox vacibdir.

S.Yakut bildirir ki, bu əlaqələrin əhəmiyyətini başa düşmək üçün ilk növbədə İsrailin yerləşdiyi coğrafiyaya diqqət yetirmək lazımdır: “İlk baxışda diqqət çəkən vəziyyətə görə, İsrail ərəb ölkələri ilə əhatələnib. Bu vəziyyət İsrailin düşmənlər tərəfindən mühasirəyə alındığı ilə bağlı fikirlərə gətirib çıxarıb. Bu məsələdə İsrailin haqlı səbəbləri də var. İsrailin daha çox Fələstinlə, ümumiyyətlə ərəblərlə yaşadığı problemləri bilirik. İsrailin ətrafında ərəb ölkələrinin olması təbii olaraq özünü rahat hiss etməməsinə səbəb olur. 1948-ci ildə İsrail dövləti qurulduğundan bu yana baş verənlər dediklərimizi təsdiqləyir. Bu tarixdən etibarən İsrail ilə ərəb ölkələri arasında bir neçə dəfə hərbi qarşıdurma olub”.

Yazı müəllifinin fikrincə, son 10 ildə regionda baş verənlər vəziyyəti köklü şəkildə dəyişib: “Bunun ən böyük faktoru isə kürdlərin əlindəki təbii qaynaqlar, yəni neft ehtiyatlarıdır. Xüsusilə İraqda Mosul, Kərkük və Ərbilə nəzarət edən kürdlər bölgədə müxtariyyət qazanaraq əhəmiyyətli bir oyunçuya çevrilib. Bu vəziyyət isə İsrail üçün inanılmaz bir fürsət yaradıb. Kürd bölgəsinin tarixi, Sikes-Pikot razılaşmasında çəkilən sərhədlər İsrailin düşmən olaraq gördüyü dövlətləri əhatə edir. Yəni bu gizli razılaşmanın bir gün gerçəyə çevrilməsi İsrailin bir oxla bir çox ölkəni hədəf almasına gətirib çıxara bilər. Bunun üçün də İsrailin ata biləcəyi ən məntiqli addım kürdləri dəstəkləməkdir. İsrailin kəşfiyyat və hərbi operatorları illərdir ki, kürd bölgələrində fəaliyyətini bu istiqamətdə davam etdirir. Bu fəaliyyət kürd birliklərinin öyrənilməsi, eləcə də İran ilə Suriyanın kürd bölgələrində həyata keçirdiyi gizli əməliyyatları əhatə edir. İsrailin kürdlərə yanaşması isə yeni bir hadisə deyil. 1960-1970-ci ilərdə İsrail aktiv bir şəkildə İraqa qarşı kürd qiyamlarını dəstəkləyib. Bu, İsrailin apardığı strateji siyasətin bir nəticəsidir”.

S.Yakut israilli strateq Oded Yinonun müəyyənləşdirdiyi məqsədlərin günümüzə qədər gəldiyini bildirir: “Oded Yinon “1980-ci illərdə İsrail üçün strategiya" başlıqlı hesabatını “Kivunim” jurnalında nəşr etmişdi. Oded Yinona görə, İsrailin Orta Şərqdə imperialist güc olmasının yolu ətrafındakı ərəb müsəlman dövlətlərin bölünməsi ilə reallaşacaq. Onun fikrincə, İraq bir nömrəli təhdiddir və bu dövlət mütləq kürdlər, sünnilər və şiələr arasında bölünməlidir. Belə ki, 2003-cü ildəki amerikan-ingilis birgə işğalı kürdlərə müxtariyyət verməklə bu məqsədə çatmaq üçün yol açıb”.

“Yekunlaşdıraraq deyə bilərik ki, İsrail özünü mühasirəyə alınmış bir ölkə kimi hiss edir. Geopolitik olaraq bu vəziyyəti aradan qaldırmağın ən mümkün yolu səni mühasiyəyə alanları mühasirəyə almaqdır. Bu baxımdan kürd bölgəsi İsrail üçün biçilmiş xalatdır”, – yazı müəllifi sonda bildirir.

Qeyd edək ki, Yinonun hesabatı Yaxın Şərq ölkələrinin xüsusilə demoqrafik strukturunu əsas alırdı. Bu demoqrafik strukturun xülasəsi aşağıdakı kimi idi: “Yaxın Şərq ölkələrinin heç biri monoetnik – yalnız bir millətdən ibarət olan sabit və köklü dövlətlər deyildi. Əksinə, süni şəkildə bir-birinə qarşı qoyulmuş etnik tərkibə malik idi. Bu vəziyyət, 19-cu əsrin sonu və 20-ci əsrin ilk qərinəsində Yaxın Şərqi müstəmləkələşdirən Avropalı güclərin müəyyən məqsədlər üçün həyata keçirdiyi bir tənzimləmə siyasətinin nəticəsi idi. Müstəmləkəçilər İraq, Suriya, Livan, İordaniya kimi Yaxın Şərq ölkələrini əhali tərkibi və ya məzhəb təməlinə görə deyil, öz idarəetmə xüsusiyyətlərinə görə meydana çıxartmışdılar. Sərhədləri isə masa üzərində xətkeşlə çəkmişdilər. Bu səbəbdən sözügedən ölkələrin heç biri, fundament millətçilik tarixinə sahib olmayan, süni və dolayısı ilə də asanlıqla dağıla biləcək dövlətlərdir. Suriya və ya İraq ölkəsi var, amma nə "Suriya milləti", nə də "İraq milləti" kimi sosial bir gerçək yoxdur. Bir sözlə, bu dövlətlərin sərhədləri daxilində bir-birlərinə heç də normal münasibət bəsləməyən müxtəlif dini və etnik qruplar var”.

“1980-ci illərdə İsrail üçün strategiya” hesabatında Yaxın Şərqdəki hər bir ərəb ölkəsi təhlil edilir və necə parçalana biləcəyi haqqında fikir yürüdür. Məsələn, İraqın şimalında bir kürd dövləti, mərkəzində bir sünni ərəb dövləti, cənubunda şiə ərəb dövləti olmaqla üç yerə bölünməsinin mümkün olduğunu, İsrailin bu istiqamətdə ciddi səy göstərməsinin lazım olduğunu yazır.

"1980-ci illərdə İsrail üçün strategiya” hesabatında Suriya haqqında yazılan "parçalanma ssenarisi" isə belədir:

“Suriya etnik tərkibinə uyğun olaraq, bugünkü Livanda olduğu kimi müxtəlif dövlətlərə parçalanacaq: Sahildə bir şiə dövləti, Hələb bölgəsində bir sünni dövləti, Dəməşqdə ona düşmən mövqedə olan başqa bir sünni dövləti və Dürzi dövləti. Beləliklə, bu dövlətləşmə prosesi bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin zəmanəti olacaq və bu hədəf bu gün artıq çata biləcəyimiz qədər yaxındır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm