• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

" İran və ABŞ-da nüvə sazişinə şübhə ilə yanaşanlar var"

  • Dünya
  • 3 Fevral 2014 10:03
  • 463 Baxış
" İran və ABŞ-da nüvə sazişinə şübhə ilə yanaşanlar var"

Təbii ki, İran və ABŞ-da rəsmi Tehranın nüvə proqramı üzrə əldə edilmiş sazişə şübhə ilə yanaşanlar var. Bunu Trend-ə ABŞ Dövlət Departamentinin nümayəndəsi Alan Eyr deyib.

Onun sözlərinə görə, İran sazişə sadiq qalarsa, ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edilməyəcək: "İran və ABŞ-ın konstitusiyasına əsasən, ölkədə qanunverici və icraedici hakimiyyət bir-birindən ayrıdır və müstəqildir. Buna görə də Cenevrə sazişi ABŞ hökumətinin prezident və Konqresin səlahiyyətləri çərçivəsində İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcəyini nəzərdə tutur".

A.Eyr bildirib ki, bundan başqa, İran prezident və parlamentin səlahiyyətləri çərçivəsində nüvə proqramı haqqında əlavə protokolu ratifikasiya etməli və yerinə yetirməlidir: "ABŞ Prezidenti Administrasiyasında bu məsələ üzrə fikirlər üst-üstə düşür. Obama administrasiyası hesab edir ki, belə tendensiya saxlanılacağı təqdirdə, onlar Konqresə ciddi arqument təqdim edə bilərlər. Belə ki, hazırda yeni sanksiyaların vaxtı deyil".

Onun sözlərinə əsasən, İran və ABŞ arasında ciddi fikir ayrılıqları var və danışıqlar çətin keçəcək: "Lakin hər iki tərəf ciddilik, etimad və qarşılıqlı hörmət nümayiş etdirdilər. Böyük etimadın yaradılması xeyli vaxt tələb edir və hər iki tərəf irəliyə doğru hərəkət etməlidir".

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Prezidenti Administrasiyası İranın nüvə proqramının dinc həlli yolunun axtarışı və bu ölkənin nüvə silahı yaratmasının qarşısını almaq üçün dinamik diplomatik fəaliyyət aparmalıdır: "Birgə fəaliyyət planında qeyd edilmiş uzunmüddətli saziş bu məqsədi həyata keçirməyə kömək edəcək".

O, qeyd edib ki, ABŞ gələcək çağırışları dəqiq qiymətləndirərək İranla yeni danışıqlara başlayacaq: "Birgə fəaliyyət planında qeyd edildiyi kimi, bizim milli təhlükəsizliyi təhlükə altına salan bu ciddi problemi sülh yolu ilə həll etmək üçün misilsiz imkanımız yaranıb. Bu, həm də bizim məqsəd və vəzifəmizdir".

A.Eyr İran Prezidenti Həsən Ruhaninin yanvarın 23-də Davos İqtisadi Forumunda çıxışını şərh edib: "Biz Ruhaninin çıxışına diqqətlə qulaq asdıq. Əsas məqam odur ki, iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün vaxt lazımdır. Dünya ictimaiyyəti gözləyir və ümid edir ki, İran liderinin sözlərində dəyişikliklə yanaşı, Prezident Administrasiyası da daha yeni və konstruktiv yanaşmadan istifadə edəcək".

Onun fikrincə, yaxşı münasibətlər ümumi dəyərlər və maraqlar əsasında davam etdirilə bilər: "Dünya ictimaiyyəti İranın nüvə proqramının qarşılıqlı maraq və aktiv diplomatiyaya əsaslanan həlli yolunu axtarır. Biz çox ümid edirik ki, nüvə məsələsi üzrə hərtərəfli sazişə nail olmaq üçün İran və "5+1" ölkələri arasında danışıqlar prosesi davam edəcək".

A.Eyr bildirib: "Qeyd etmək lazımdır ki, İranın qəddar Suriya rejimini dəstəkləməsi, Suriya böhranı üzrə "Cenevrə-1" konfransı formatının əsas hissəsini dəstəkləməkdən imtinası sözlərdə dəyişikliyin kifayət etmədiyini nümayiş etdirir. Dünya ictimaiyyəti İranda sülh və sabitliyin bərqərar edilməsinə yönəldilmiş konstruktiv addımlar gözləyir".

Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, ABŞ İranın nüvə probleminin sülh yolu ilə həll edilməsi üçün güclü və aktiv diplomatiyadan istifadəyə hazır olduğunu nümayiş etdirdi.

Rəsmi Tehran təklif edəcəyi təqdirdə, ABŞ nümayəndə heyətinin İrana mümkün səfərini şərh edən A.Eyr vurğulayıb ki, diplomatiyanın mümkün formaları haqqında ehtimallar söyləmək qeyri-konstruktivdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR