• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Əl-Qaidə” cihadçılar üzərində nəzarətini itirir

  • Dünya
  • 4 Fevral 2014 09:58
  • 733 Baxış
“Əl-Qaidə” cihadçılar üzərində nəzarətini itirir

Bəzi cihadçı qruplaşmalar Ayman əl-Zəvahirini saymır.“Əl-Qaidə” lideri Ayman əl-Zəvahirinin ən son bəyanatında deyilir ki, özünü İraq və Şamın İslam Dövləti (İSİS) adlandıran qrup onun təşkilatına daxil deyil.
Publika.Az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, müşahidəçilər bildirirlər ki, bu bəyanatdan əvvəl “Əl-Qaidə” lideri uzun müddət onun komandalarına o qədər də əməl etməyən bu qrupu itaətə gətirməyə çalışırdı.Xəbər verilir ki, “Əl-Qaidə” son zamanlar sünni müsəlman ekstremizminin çoxsaylı dəstə və təriqətlərini idarə etmək qabiliyyətini itirməkdədir.

Fitnəyə qarşı

Hələ 1 ​​980-ci illərdə Zəvahiri və Üsamə bin Laden “əl-Qaidə”ni yaradanda, qarşılarına Əfqanıstanda sovetlərə qarşı vuruşan çoxsaylı silahlı dəstələr arasındakı “fitnə”ni aradan qaldırmaq məqsədini qoymuşdular.

Lakin həmin vaxtdan bəri “əl-Qaidə”nin hazırkı lideri Zəvahiri eyni problemi çözməkdə davam etməyə məcburdur.Mətbuat yazır ki, illər ərzində 62 yaşlı misirli lider çox dərsləri öyrənə bilib.

ABŞ üzərinə 11 sentyabr terror basqınları milyonlarla müsəlmanın radikallaşmasına kömək etmişdi.Amerika və Qərb müsəlman ekstremizminə qarşı sərt mübarizə yolları seçdikcə, Ərəb dünyasındakı əhalinin Qərbə münasibəti mənfiyə doğru dəyişirdi.

Bu isə “əl-Qaidə”yə heç bir təhlükəyə girmədən Yaxın Şərq boyunca ona əl verməyən diktatorların devrilməsi, sərhədlərin dəyişdirilməsi kimi utopik baxışlarının reallaşdırılması imkanı kimi görünürdü.Lakin yerlərdə Qərbə və onun müttəfiqlərinə zərbələr endirmək müşkülləşdikcə, “Əl-Qaidə” başqa bir strategiyaya keçdi: yerli əhali arasında nüfuz və hörmətə malik islamçı qruplaşmaların vasitəsi ilə genişlənmək.

Amma bu strategiya da uzun perspektivdə işləmədi. İraqdakı İSİS-in (o vaxtlar hələ təşkilat İSİ idi, çünki yalnız İraqda fəaliyyət göstərirdi) bundan əvvəlki lideri Abu Musab al-Zarqawi öz müstəqil fəaliyyətini genişləndirməyi düşünürdü və Suriyanı da hədəfə almışdı. Bunu isə “əl-Qaidə”nin lideri istəmirdi.Bir sözlə, Yaxın Şərq boyunca islamçı qruplar getdikcə daha çox “özfəaliyyətlə” məşğul olmağa başlamışdılar.

Cihad özfəaliyyəti

Ekspertlər bildirirlər ki, ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsinin “Əl-Qaidə” üçün yaratdığı qızıl şansın itirilməsinin əsas səbəbi də məhz yerli qrupların aşırı fəallığı idi.Cihad zorakılığının İordaniyaya yayılması və mülki əhali arasında
dəhşətli itkilərə bais olması son nəticədə xalq nifrətini “əl-Qaidə”ya qarşı yönəldirdi.

Zəvahiri Suriya münaqişəsində məhz bu meylin qarşısını almağa çalışır.O İSİS-lə “Əl-Qaidə” arasında hər hansı bağlılığın olmadığını bəyan etməklə yanaşı, həm də bütün silahlı qrupları özünün ötən il verdiyi təlimatlara əməl etməyə çağırıb.

Bu təlimatlar isə islamçı qruplaşmaları ilk növbədə əhalinin qəlbinə və ürəyinə hakim olmağa çağırırdı.Zəvahiri həmçinin “əl-Qaidə”nin Suriyada öz qrupu kimi tanıdığı əl-Nüsrə Cəbhəsini başqa müxalifət qruplaşmaları ilə əlaqədə olmağa təlimatlandırıb.

Zəvahiri ötən il İSİS təşkilatına İraqdan kənara çıxmamağı tapşırmışdı və Suriya münaqişəsində yalnız əl-Nüsrə Cəbhəsinin olmasını tələb etmişdi.Hələ ötən may ayında Ayman əl-Zəvahiri İSİS-in Suriyadakı əl-Nüsrə Cəbhəsi ilə birləşməsi təşəbbüsünü rədd etmişdi.

Maraqlıdır ki, Suriyada döyüşən əl-Nüsrə Cəbhəsinin özünü də 2011-ci ildə İSİS-in yaratdığı iddia edilir.

Məhz buna görə də 2013-cü ilin aprelində İSİS-in lideri Abu Bakr al-Bəğdadi öz təşkilatı ilə “əl-Nüsrə Cəbhəsi”nin birləşdiyini elan etmişdi. Lakin bu təşəbbüs əl-Nüsrənin lideri Abu Mohammed əl-Culani və “əl-Qaidə”nin lideri Zəvahiri tərəfindən rədd edilmişdi.

İnqilab, yoxsa Şəriət?

Bu hadisədən sonra İSİS və “əl-Nüsrə” müstəqil təşkilatlar kimi fəaliyyət göstərirlər.
Əgər “əl-Nüsrə Cəbhəsi”nin son məqsədi Suriya prezidenti Bəşər Əsədin rejiminə son qoymaqdırsa, İSİS daha çox ərazi ələ keçirməyə və bu ərazilərdə şəriəti ən ağır formada tətbiq etməyə çalışır.

​​

Məhz buna görə də, İSİS daha çox başqa qiyamçı qruplara qarşı vuruşmağa, müxalifəti sıxışdırmağa və yerli əhalini incitməyə başlayıb.

Xəbər verilir ki, İSİS təşkilatı və Qərb tərəfindən dəstəklənən antiəsəd qiyamçı qruplaşmalar arasındakı toqquşmalarda indiyədək 2300 nəfər həlak olub.Ötən bazar İSİS-in göndərdiyi intiharçının Hələbdə, qiyamçıların qərargahında törətdiyi partlayış 16 üsyançının ölümü ilə nəticələnib.

Ötən şənbə Hələbdə, yenə də İSİS tərəfindən təşkil olunduğu söylənən qoşa intihar partlayışlarında qiyamçı Tövhid Briqadasının komandanları da daxil olmaqla 26 üsyançı həlak olub.Elə həmin gün Siqur əş-Şəm qrupunun komandanı Hama qəsəbəsində pusquya salınaraq öldürülüb.Lakin göründüyü kimi, İSİS “Əl-Qaidə” liderinin çağırışlarını qulaqardına vurub və bundan sonra Zəvahiri bu qrupla bütün əlaqələrini kəsdiyini elan edib.

İki qoçun başı və Suriya inqilabı

Bütün Yaxın Şərqi bürümüş təlatüm “əl-Qaidə”nin işinə yarayırdı, lakin hər hansı qrupun fəaliyyət dairəsinin genişlənməsi bu üstünlüyü heçə endirirdi.Bəzi ərazilərdə, məsələn, Yəməndə Zəvahiri yerli əməliyyatçıları asanlıqla idarə edir. Lakin bir çox başqa yerlərdə, yağışdan sonra göbələk kimi artan qruplar və onların liderləri özləri bildikləri kimi hərəkət edirlər.

Beləliklə, “əl-Qaidə”nin “fitnə”yə qarşı mübarizəsi bu gün də davam edir.Tamamilə aydındır ki, İSİS-in İraqda qaxılıb qalmasını, Suriyada isə “əl-Nüsrə Cəbhəsi”nin fəaliyyət göstərməsini istəyən Zəvahiri müsəlmanlar arasında geniş yayılmış “iki qoçun başı bir qazanda qaynamaz” prinsipindən çıxış edir.

“Brukinqs Doha” analitik mərkəzindən Şarlz Lister bildirir ki, “Əl-Qaidə” liderinin İSİS barədə son bəyanatı onun Suriyadakı cihadı öz nəzarətində saxlamaq cəhdlərini nümayiş etdirir.Lakin ekspert inanır ki, İSİS çətin ipə-sapa yatsın və daxili döyüşlərə son qoysun.O deyir ki, bütün bunlar Suriya inqilabı üçün ölümcül zərbədir və nəinki ölkədə, hətta onun əyalətlərində müxalifətin qələbəsini qeyri-real edir.

Beləliklə, müasir cihad Qərb və onun yerli müttəfiqləri üçün nə qədər çox problem yaradıbsa, bir o qədər də çox “Əl-Qaidə” üçün başağrısı olub.Burada bir məsələni də qeyd etmək yerinə düşərdi. Müsəlman Şərqində adamlar adətən partiyalar yox, liderlərə inanırlar. Bu mənada Ayman əl-Zəvahiri adı Üsamə bin Laden qədər sanballı səslənmir.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR