Tiflis “qızıl kart”a da şükür edir, amma…
Bizi izləyin

Dünya

Tiflis “qızıl kart”a da şükür edir, amma…

Şimali Atlantika İttifaqnın (NATO) Uels sammitinə böyük ümidlərlə yollanan qonşu Gürcüstan hərbi alyansdan “qarşılıqlı təsirin yeni formatı”nı almaqla kifayətləndi.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bildirib.

Halbuki, Gürcüstan NATO-nun Uels sammitindən ittifaqa üzvlüklə bağlı Fəaliyyət Planı, yəni “yol xəritəsi” gözləyirdi. Gürcüstanın müdafiə nazirinin sözlərinə görə, yeni format Gürcüstana müdafiə silahlarının çatdırılmasını, həmçinin NATO və Qərb ölkələrinin hərbi təlimlərində gürcü əsgərlərinin iştirakı və Gürcüstanda təlim-tədris mərkəzinin açılmasını nəzərdə tutur.

“İttifaq Gürcüstana təcavüz olacağı halda müdafiə silahlarının əldə edilməsində dəstək göstərməyə razılaşdı. Gürcüstan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin komandanlığı yanında NATO-nun hərbi ekspertlər qrupu işləyəcək. Qrup əməkdaşlığın yeni formatı çərçivəsində razılaşmaların icrasını əlaqələndirəcək”, - gürcü nazir deyib.

NATO-nun sammitində iştirak etmiş Gürcüstan Xarici İşlər Nazirliyinin başçısı Maya Pandjikidzenin sözlərinə görə, ölkəsi hərbi alyansla əməkdaşlığın görünməmiş səviyyəsinə nail olub: “Biz partnyorlar üçün planlaşdırılan bütün formatlarda iştirak edirik. NATO-nun baş katibi Anders Foq Rasmussen də deyib ki, belə əhəmiyyət bir format heç bir ölkə ilə yoxdur”.

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlarına inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksey Petriaşvili Gürcüstanın yaxın vaxtlarda İordaniyayla, İsveç, Finlandiya və Avstraliya ilə yanaşı NATO-dan “qızıl kart”ı alacağını bildirib. O, “qızıl kart”ın NATO üzvü olmayan ölkələrlə ən yüksək əməkdaşlıq statusunun olduğunu qeyd edib.

“Arsenali” müstəqil hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvilinin müstəqil hərbi-analitik jurnalının baş redaktoru bildirir ki, NATO-un sammitindən yüksək gözləntilə Gürcüstanda onsuz da çox aşağı idi. “Heç kəs artıq ümid etmirdi ki, Gürcüstan Fəaliyyət Planı alacaq və ya NATO-nun üzvü olacaq. Bu illər əvvəl aydın idi. Ona görə də NATO-nun Uels sammiti Gürcüstan üçün gözlənilən və qeyri-adi hadisələr olmadan keçdi”, - baş redaktor vurğulayıb.

İ.Aladaşvili həmçinin yaxın gələcəkdə Gürcüstanın NATO-ya üzvlük prosesini müəyyən edən sənədin alınmasının qeyri-mümkünlüyünü dilə gətirib: “Fəaliyyət Planı haqqında razılıq hələ 2008-ci ildə Buxarest sammitində əldə olunmuşdu. O vaxt deyilmişdi ki, Gürcüstan mütləq NATO-nun üzvü olacaq. Sonradan bu fikri ittifaq üzvləri bir neçə dəfə təsdiq etdilər. Təssüflər olsun ki, “yol xəritəsi”nin alınması üçün yol çox uzun oldu. Əlbəttə ki, bu Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ilə bağlıdır. Ukraynadakı hadisələrlə əlaqədar proseslər çox tez dəyişir, amma Gürcüstanın bu il və yaxud gələn il NATO-nun üzvü olacağını demək mümkün deyil”.

Xatırladaq ki, Cürcüstanın NATO-ya üzvlüyü ittifaqın 2008-ci ilin aprelində keçirilən Buxarest sammitində fəal müzakirə edilib. Ancaq NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin 2 dekabr 2008-ci ildə keçirilən Brüssel toplantısında Gürcüstana üzvlük üzrə Fəaliyyət Planı verilmədi. 2013-cü ilin oktyabrında NATO-nun baş katibi Andres Foq Rasmussen 2014-cü ildə Gürcüstan NATO-ya üzv olmayacağını bildirdi. Daha əvvəl isə deyilirdi ki, NATO ölkələri Gürcüstanı qəbul etməyə hazırdır, ancaq Abxaziya və Cənubi Osetiya problemi buna mane olur. Xatırladaq ki, 2008-ci ilin yanvarında, Rusiya-Gürcüstan müharibəsindən təxminən 7 ay əvvəl keçirilən referendumda da əhalinin 77 faizi NATO-ya üzvlüyü dəstəklədiyini ifadə edib.

Rusiyalı ekspert V.Litovkin Gürcüstan ərazi problemlərinə görə NATO-ya üzvü ola bilməyəcəyini bildirir. Onun sözlərinə görə, NATO-ya əlavə başağrı lazım deyil. “Klassik nümunə kimi Rumıniya və Macarıstan arasındakı mübahisəni göstərmək olar. Ölkələr Transilvaniyaya görə mübahisə edirdilər. Bunun nəticəsində də NATO nə Macarıstanı, nə də Rumıniyanı yaxına buraxmadı”, - ekspert xatırladıb.

Gürcüstan və Ukraynaya xüsusi statusun verilməsinə gəlincə, rusiyalı ekspert təxminən 15 dövlətin ona malik olduğunu və statusun mənəvi zövqdən başqa, onlara heç nə vermədiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm