İŞİD nə istəyir, yaxud Qərbin müdafiə sənayesi necə canlandırılır? –Təhlil
Bizi izləyin

Dünya

İŞİD nə istəyir, yaxud Qərbin müdafiə sənayesi necə canlandırılır? –Təhlil

İraq və Suriyanın böyük bir hissəsinə nəzarət edən “İslam Dövləti” (İŞİD) terror təşkilatını yaratdığı rezonansa görə yalnız 2001-ci ildə Nyu-Yorkdakı “Əkiz qüllələr”i partlatmaqda ittiham olunan “Əl-Qaidə” ilə müqayisə etmək olar. Baxmayaraq ki, hadisənin arxasında “Əl-Qaidə”nin olması ilə bağlı iddialara şübhə edənlər də kifayət qədərdir.

Artıq neçə aydır ki, İŞİD dünya gündəminin əsas maddələrindən birinə çevrilib. “İŞİD nədir, nə istəyir?”, “İŞİD-in arxasındakı güc kimdir?”, “İŞİD-in güclənməsində Qərbin rolu varmı?”, “Qərbin qazancı nə olacaq?” kimi suallar bir-birini əvəzləyir. Və bu suallara müxtəlif formada cavablar da verilir.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında dərc olunan bir “İŞİD nədir və nə istəyir” başlıqlı yazıda da yuxarıda səsləndirilən suallara cavab axtarılıb. Həmin yazını təqdim edirik.

“İslam Dövləti” və ya məşhur adı olan İŞİD Suriya və xüsusilə İraqda son aylarda vəhşi qətliamları ilə gündəmə gələn bir terror təşkilatıdır. Türkiyə diplomatları və konsulluq işçilərini qaçırması, İraq ordusunu darmadağın edərək ölkənin ikinci ən böyük şəhəri olan Mosulu ələ keçirməsi, şiə türkmanlar, xristianlar və yezidilərə qarşı qətliamları həyata keçirməsi kimi hadisələrlə dünya gündəminə gələn təşkilat “İraq Şam İslam Dövləti” adını sonradan “İslam Dövləti” ilə əvəzlədi.

Amerikalı jurnalistlərinin başının kəsilməsindən - 9 avqust tarixindən başlayaraq ABŞ ordusu və ingilislərin SAS komandoları təşkilata qarşı daha çox hava əməliyyatı şəklində zərbələr endirdi. İŞİD-in həddindən artıq şiddətə yol verməsi təşkilatın dini təməldən daha çox geopolitik-siyasi hədəflərə xidmət edən bir quruluş olduğunu deməyə əsas verir.

Hesab edildiyi kimi, İŞİD yeni qurulmuş bir terror təşkilatı deyil. ABŞ-ın beynəlxalq hüquqa söykənməyən 2003-cü ildəki İraq işğalından sonra - 2004-cü ildə iordaniyalı Əbu Musab əl-Zerkavi tərəfindən “Tövhid və Cihad” adı ilə qurulan təşkilat qarşıdakı illərdə “Əl-Qaidə” çətiri altına girəcək və “İraq Əl- Qaidəsi” adlandırılacaqdı. Təşkilatın təməl məqsədi İraq və Suriya torpaqlarının şimal hissəsində, xüsusilə sünni ərəblər, türkmanlər və kürdlərin çoxluq təşkil etdiyi torpaqlarda bir şəriət dövləti qurmaqdır.

Təşkilatın gəlir qaynaqları barədə də müxtəlif iddialar var. İddialara görə, İŞİD bir cinayətkar təşkilat kimi işləməkdədir və əsas maliyyəni xərac, qaçaqmalçılıq və digər cinayətlərdən əldə edir. Təşkilatın İraq və Suriyada bank qarətləri və adam qaçırma kimi əməllərdən də pul qazandığı deyilir. İŞİD bu gün dünyanın dörd bir tərəfindən gələn (Çeçenistan, Afrika, Pakistan, Əfqanıstan, Liviya və Avropa ölkələri) və sələfiliyə söykənən bir şəriət dövləti ortaq hədəf görən üzvlərdən təşkil olunub. İŞİD-in Suriyadakı silahlı döyüşçülərinin sayının 5-6, İraqdakı döyüşçülərinin sayının isə 10 mindən çox olduğu iddia edilir. İŞİD-in silah tələbatını necə qarşılamasına gəlincə, müxtəlif fikirlər irəli sürülür. Bəzi fikirlərə görə, təşkilat silahları ABŞ ordusunun İraqdakı anbarlarından oğurlayıb. Bir başqa iddialara görə isə aralarında Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və ABŞ-ın olduğu ölkələr tərəfindən Suriya müxalifətinə göndərilən silahların əhəmiyyətli hissəsi İŞİD-in əlinə keçib.

Vaxtilə İngiltərə kəşfiyyatı “MI6”da işləyən jurnalist-yazar Alaster Crookeyə görə, təşkilatın gizli və uzunmüddətli hədəfləri arasında Səudiyyə kralı ailəsinin yerinə keçərək Səudiyyə Ərəbistanı və Körfəz coğrafiyasında nəzarəti təmin etmək də var. Belə görünür, Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləzizin İŞİD-lə bağlı dünyaya xəbərdarlığı da təsadüfi deyilmiş. Səudiyyə kralı ölkəsindəki xarici səfirlərin olduğu bir toplantıda dünyanın İŞİD təhdidinə qarşı birləşməyəcəyi halda, təşkilatın Avropa və ABŞ-a çatacağını söyləyib.


“Terrorizm sərhəd tanımır.Cihatçıların baş kəsdiyini və bunları küçələrdə uşaqlara göstərdiyini görürük. Onların nələr etdikləri və nələr edə biləcəkləri də sirr deyil. Sizdən bu mesajı liderlərinizi çatdırmağınızı xahiş edirəm: Şeytanı bir güc olan terrorizmə qarşımüdriklikvə sürətləbir şəkildə savaşmaq lazımdır. Əgər laqeyd qalsaq, terrorizm bir ay sonra Avropaya, iki ay sonra ABŞ-a çatacağından əminəm”, - Abdullah bin Əbdüləziz deyib.

Təşkilatın arxasında kimin dayandığı da bu günə qədər tam bəlli olmayan böyük bir müəmmadır. İŞİD-in kürd qruplarla ciddi şəkildə qarşıdurmaya girməməsi, qətliamların daha çox türkman, xristian və yezidilərə qarşı həyata keçirməsi İraqın şimalında müstəqil bir kürd dövlətinin qurulmasına zəmin yaratmaq üçün qurulmuş süni bir təşkilatın olduğu barədə iddiaları gündəmə gətirir. Çünki bölgəsini İŞİD-dən müdafiə etmək məcburiyyətində olan kürd rəhbərliyi artıq müstəqil bir dövlət kimi davranmaqda və Qərb ölkələrindən aldığı yeni silahlarla peşmərgə ordusunu gücləndirməkdədir. Bir müddət əvvl İsrail də müstəqil kürd dövlətini tanımağa hazır olduğunu bəyan etmişdi.

Yekun bir qiymətləndirmə aparsaq, deyə bilərik ki, İŞİD-in arxasındakı güc hər kim olursa olsun, təşkilatın bu vaxta kimi atdığı addımlar ən çox islam dininə zərər verir və bölgəyə mümkün görünən Qərb müdaxilələrinə dünya ictimaiyyətində qanunilik qazandırır. Bu baxımdan İŞİD-in bütün Qərb düşməni görüntüsü arxasında əslində Qərb mərkəzli bəzi strukturlar tərəfindən dəstəklənilə biləcəyi iddiası daha güclü görünür. Çünki iqtisadi böhranda olan Qərb dünyasının müdafiə sənayesində İŞİD sayəsində yeni bir canlanma müşahidə olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm