Avrasiya bataqlığının mifləri: Kreml torpaqları qaytaracaq?
Bizi izləyin

Dünya

Avrasiya bataqlığının mifləri: Kreml torpaqları qaytaracaq?

Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən faktiki zəbt edilməsi fonunda Gürcüstanda “beşinci kolon” mövzusu yenidən aktullaşıb. Həmin qrup hesab edir ki, əgər Rusiyaya güzəşt edəriksə, itirilmiş ərazilər qaytarılacaq.

Publika.az-ın verdiyi xəbərə görə, Gürcüstanın “Грузия Online” saytında gedən bir yazıda bu yanaşmanın səhv olduğunu göstərən yazı dərc edilib.

Yazının müəllifi Tengiz Ablotiya hesab edir ki, “güzəşt qarşılığında torpaqlar” yanaşması Gürcüstanda uzun illər yetişdirilsə də, səslənən arqumentlərinin heç bir əsası yoxdur. Müəllif ilk olaraq Gürcüstanın sabiq prezidenti Eduard Şevernadzenin Rusiya ilə bağlı mövqeyini xatırladır: “Abxaziyanın 1993-cü ildə itirilməsindən dərhal sonra Şevernadze hökuməti Rusiyameylli siyasət aparmağa başladı. Bu siyasət özünü güc strukturlarının Moskvanın razılığı ilə təyin olunmasında da göstərirdi. Məsələn, arxa cəbhədə işləyən təsərrüfatçı Vardiko Nadibaidze müdafiə naziri təyin edilmişdi. İqor Qiorqadze isə təhlükəsizlik naziri oldu. O, hətta gizlətmirdi ki, bütün bağları ilə Moskva bağlıdır və Gürcüstanda Kremlin gözləri rolunu yerinə yetirir. Bununla belə, bütün bunlar bizi ərazilərin qayıdışına bir addım da yaxınlaşdırmadı”.

Fikrini əsaslandırmağa çalışan müəllif Rusiyanın 1990-cı illərdəki rəhbərliyi ilə indiki rəhbərliyi arasında da böyük fərq olduğunu qeyd edib: “Həmin vaxt Rusiya prezidenti Boris Yeltsin, xarici işlər naziri isə Andrey Kozırev idi. Onlar əsl liberal idilər. Amma indi Rusiyaya Putin rəhbərlik edir. Təsəvvür etmək olarmı ki, Putin torpaqları bizə qaytaracaq? Rusiyameylli siyasət ərazi məsələlərinin həllində heç bir irəliləyişə ümid vermir. Məsələn, Moldova bir neçə il əvvəl Rusiyaya tərəf döndü, amma Dnestyanı ərazi Kişnyov üçün daha yaxın olmadı. Eyni zamanda, Dnestryanı ərazi münaqişəsi gürcü-osetin, xüsusən gürcü-abxaz münaqişəsindən daha yumşaqdır. Orada etnik ziddiyyət yoxdur və çoxlu qan tökülməyib. Dnestryanı sakinlər Moldova pasportlarına malikdirlər, bütün dünyada Kişinyov aeroportu ilə gedirlər, Dnestryanı futbol komandaları Moldova çempionatı oynayırlar... Amma münaqişə həll edilmədi və moldavanlar yenidən Avropa vektoruna qayıtdılar”.

T.Ablotiya qeyd edir ki, Gürcüstanın sabiq spikeri Rusiya meylli siyasətə əvəz olaraq Abxaziya və Cənubi Osetiyanın qaytarılmasına söz versə də, Rusiya hökumətinin məmurlarından bu barədə heç nə eşidilmir: “Burdjanadze nə qədər lazımdırsa çalxalana bilər. Amma Putin və Medvedev bir dəfə demədilər ki, Gürcüstandan nə tələb olunur, yaxud da Abxaziya və Cənubi Osetiyanı unudaraq “yeni reallıqlar”ı tanısınlar. Rusiya rəhbərləri üçün yalan demək bir fincan çay içmək kimidir. Amma onlar heç vaxt, hətta işarə ilə demədilər ki, Gürcüstanın Rusiya meylli vektoru ərazi məsələlərinin həlli üçün kifayət qədər əsas ola bilər. Bu barədə rus dünyasının əsas ideoloqu Aleksandr Duqin də həyasızcasına fikrini bildirib: Gürcüstan Rusiyaya itirilmiş əraziləri qaytarmaq üçün deyil, daha çox itirməmək üçün qayıtmalıdır”.

“Əlbəttə, Abxaziya və Cənubi Osetiyanı unutmağa çağırmıram. Əksinə , onların haqqında həmişə xatırlamaq lazımdır. Amma bu torpaqlar nəhəng ticarətin obyekti olmamalıdır. Anlamaq lazımdır ki, 20 faiz çox əhəmiyyətlidir, amma 80 faizi onlara – Avrasiya bataqlığına qurban vermək olmaz”, - deyə yazı müəllifi bildirib.

Maraqlıdır ki, gürcü müəllifinin yuxarıda səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyəti üçün də yad deyil. Məsələn, Azərbaycanda da zaman-zaman bu cür fikirlər səslənir ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olsa, yaxud da Moskvanın maraqlarına cavab verməyən enerji layihələrindən imtina etsə, Ermənistanın işğalı altında olan ərazilərin qaytarılmasına kömək edə bilər. Təbii ki, Azərbaycanda heç kim bu cür arqumentləri inanmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm