• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ekspert: “Rusiya Orta Asiyada İŞİD-lə müharibəyə başlayacaq”

  • Dünya
  • 8 Dekabr 2014 17:54
  • 563 Baxış
Ekspert: “Rusiya Orta Asiyada İŞİD-lə müharibəyə başlayacaq”

Rusiya prezidenti Vladimir Putinin Ukrayna barədə planları ilə bağlı müxtəlif iddialar irəli sürülür. Məsələn, “Novaya qazeta” nəşri bu gün yazıb ki, Moskva Ukraynanın şərqindəki Donetsk və Luqansk “xalq respublikaları” Ukraynaya geri “itələmək” istəyir.

Qəzet qeyd edir ki, bu işlə Rusiya prezidentinin köməkçisi, MDB, Abxaziya və Cənubi Osetiya ilə ictimai-iqtisadi əməkdaşlıq üzrə idarəyə nəzarət edən “boz kardinal” Vladislav Surkov şəxsən məşğul olur. V.Surkova bu işdə sözügedən idarənin rəis müavini İqor Udoviçenkonun da kömək etdiyi bildirilir.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Razumkov Mərkəzinin hərbi proqramlar üzrə direktoru Nikolay Sunqurovski fərqli düşünür.

Ekspertin sözlərinə görə, Ukrayna ilə bağlı Rusiya prezidentinin planı Ukraynanın bir dövlət olaraq mövcudluğunun dayandırılmasıdır. O qeyd edir ki, bu halda Putin müxtəlif variantlara gedə bilər: birbaşa hərbi müdaxilədən tutmuş, Ukraynada vəziyyətin gərginləşdirilməsi və münaqişənin dondurulmasına qədər.

"Putinin planı müstəqil dövlət kimi Ukraynanın mövcudluğuna son qoyulmasıdır. Amma bunun üçün Rusiya Federasiyasının resursları məhduddur. Putinə bu planın həyata keçirilməsi üçün güc və vasitələr lazımdır”, - o vurğulayıb.

Ekspertin fikrincə, Ukraynaya qarşı təcavüz Rusiyanı xeyli problemlə üz-üzə qoya bilər: “Deyirlər ki, Putin növbəti ilin yazında hücuma başlayacaq. Amma mən görürəm ki, Orta Asiyada “İslam dövləti”nin hücumu başlanacaq və Putin Orta Asiyanı itirə bilər. Bunu istəməyən Rusiyaya Orta Asiyada çoxlu resurs lazımdır. Təsadüfi deyil ki, ehtiyatda olanların və Rusiya sülhməramlıların təlimləri məhz Orta Asiyada keçirilirdi. Bəli, Rusiyanın əhalisi Ukraynadan 4-5 dəfə çoxdur. Amma bu potensialın tətbiqi yerləri də olduqca çoxdur. Bundan başqa, Ukraynanın ehtiyatları və resursların motivasiyasının səviyyəsi Rusiyadan daha çoxdur”.

Bununla belə, N.Sunqurovski Rusiyanın hərbi hücumunu istisna etmir: “Mən bu məsələdə tamamilə optimist deyiləm. Ondan başlayaq ki, Putin öz hədəflərindən imtina etməyib. O, Ukraynaya təzyiq göstərməkdə davam edəcək. Mən Putinin dayanacağına şübhə edirəm. Birincisi, Putinə Krım üçün quru dəhliz lazımdır. İkincisi, digər regionlarda qeyri-stabil vəziyyət lazımdır. Məsələn, Xarkovda baş verənləri görürük. Burada “beşinci kolon”un hərəkəti müşahidə olunur. Dekabrın 2-də keçirilən nümayiş “Novorossiya”dakı nümayişlərin dəyişmiş forması idi. Vilayətdə Rusiya ilə bağlı olan çoxlu müəssisələr var. Hər şeydən əvvəl gəmiqayırma, aviatikinti, raket texnologiyası və sair. Hələ 1996-cı ildə aydın oldu ki, Rusiyaya bağlı müəssisələrin yaradılması kursuna start verilib. Bütün bu vaxt ərzində Ukrayna rəhbərliyi ixrac və idxalın diversifikasiyası üçün heç nə etməyib”.

Ukraynalı ekspert “xalq respublikaları”nın genişlənmə üçün müvəqqəti müharibə meydanı olduğuna şübhə etmir: “Rusiyanın hücumu bir neçə istiqamətdə ola bilər. Bu isə hansı regionda qeyri-stabil vəziyyətin yaradılmasının daha asan olmasından asılı olacaq. Məsələn, Xarkovda vəziyyəti gərginləşdirməyə çalışırlar. Əgər burada istədiklərinə müvəffəq olmasalar, eyni cəhdlər başqa istiqamətlərdə ortaya çıxacaq. Əgər mən Rusiya Müdafiə Nazirliyinin rəhbərliyində olsaydım, bir neçə istiqamətdə zərbə vurardım. Fevral ayından bu günə qədər Ukrayna ilə sərhəddə Rusiya ordusunun çoxsaylı kontingentinin təlimləri davam edir. Qərb də bizim liderlərimizi qorxudur ki, Rusiya ilə vuruşmaq faydasızdır. Hər təlimdə hər briqadadan bir batalyon iştirak edirdi, amma bütün briqadanın sayı nəzərə alınırdı. Həmçinin bizim kəşfiyyatçılarımıza da məlum idi ki, bir çox hallarda Rusiya sadəcə olaraq hərbi texnikanın hava ilə doldurulan maketlərindən istifadə edirdi və Rusiyanın güclü ordusunun effekti yaradılırdı”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR