• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“İqtidar-müxalifət dialoqu məsələsində təşəbbüskar olmaq istəməzdik“ – MÜSAHİBƏ

  • Dünya
  • 14 İyun 2012 10:27
  • 183 Baxış
“İqtidar-müxalifət dialoqu məsələsində təşəbbüskar olmaq istəməzdik“ – MÜSAHİBƏ

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqayın "euintegration.az" saytına eksklüziv müsahibə verib. Müsahibəni qurumun Bakı Ofisi yayıb.

Koray Tarqay 1947-ci ildə Türkiyənin Trabzon şəhərində anadan olub. Ali təhsilini Ankara Universitetində alıb. Burada o, siyasi elmlər üzrə bakalavr dərəcəsinə yiyələnib. Magistr dərəcəsini isə Kanadanın MakGil Universitetində alıb.

Diplomatik fəaliyyətə 1973-cü ildə başlayıb. Türkiyə müxtaəlif diplomatik missiyalarında iqtisadiyyat, siyasi, mətbuat və informasiya, mülki aviasiya və konsulluq məsələləri üzrə çalışıb.

Səfir Tarqay 1994-1996-cı illərdə Yunanıstanın Tessaloniki şəhərində Baş Konsul, 1999-2004-cü iləərdə Türkiyənin Malayziyadakı səfiri, 2004-2007-ci illlərdə Türkiyənin Xarici İşlər Nazirliyində Əfqanıstan, İraq və Livan üzrə koordinator, 2007-2011-ci illərdə Türkiyənin Çexiyadakı səfiri və digər diplomatik vəzifələrdə çalışıb. 2011-ci ilin avqustun 15-də isə ATƏT-in Bakı Ofisiniə rəhbər təyin olunub.

- Cənab səfir, artıq təxminə 9 aydır ki, Bakı şəhərində fəaliyyət göstərirsiniz. Bu 9 aylıq fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- 9 aylıq fəaliyyətim Azərbaycanı daha yaxından tanımağıma imkan verdi. Əvvəllər də mənə doğma sayılacaq bu ölkədə olmuşam. Bu dəfəki gəlişimdə ölkədə böyük dəyişiliklərin olduğunu gördüm. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. İnsanların həyat səviyyəsi yüksəlməkdədir. Əlbəttə ki, hər yerdə olduğu kimi, burada da bəzi problemlər mövcuddur. Biz də ATƏT-in Bakı Ofisi olaraq öz mandatımız çərçivəsində həmin problemlərin aradan qaldırılmasında və beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində Azərbaycana dəstək olmağa çalışırıq.

- Siz bundan əvvəl Türkiyənin Çexiyada səfiri vəzifəsində çalışmısınız. Necə düşünürsünüz, konkret ölkənin səfiri kimi çalışmaq daha maraqlıdır, yoxsa beynəlxalq təşkilatın nümayəndəsi, səfiri kimi çalışmaq daha cəlbedicidir?

- Hər iki işin öz xüsusiyyətləri, üstün cəhətləri var. Türkiyənin səfiri kimi çalışanda bu və ya digər ölkədə bir dövləti təmsil edirdim. Amma burada mən, ATƏT-ə üzv olan 56 ölkəni təmsil edirəm. Məncə, bu elə kifayət qədər böyük fərqdir. Amma çalışıram ki, bu görəvdə həm təmsil etdiyim təşkilatın işinə, həm də fəaliyyət göstərdiyim ölkəyə bir yararım olsun.

- ATƏT və Azərbaycan arasında insan huquqlari və demokratikləşmə sahəsindəki münasibətlərin mövcud durumu barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz məsələ bizim ən çox əməkdaşlıq etdiyimiz sahələrdən biridir. Ofisimizdə Qanunun aliliyi və Demokratikləşmə şöbələri fəaliyyət göstərir, onlar Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələri ilə fəal əməkdaşlıq edirlər.

Bunlar arasında məhkəmələrin və müvəqqəti saxlama yerlərinin monitorinqi, vəkil və hakimlər üçün təlimlər, yeni qanunverici aktlarının hazırlanması, jurnalistlər, gənc fəallar və digər qruplar üçün müxtəlif tipli treninqlərin keçirilməsini qeyd edə bilərəm. Ən əsası tərəflərin əməkdaşlıq etmək niyyətinin olmasıdır ki, bunda da mən ciddi problem görmürəm.

- İqtidar və müxalifət dialoqunun keçirilməsi ilə bağlı ATƏT-in Bakı Ofisinin səyləri barədə mediadan oxumuşuq. Lakin sonradan bu tədbir ləğv olundu. Ümumiyyətlə, Azərbaycanda iqtidar-müxalifət münasibətlərini necə qiymətləndirisiniz? Siyasi partiyalar, xüsusilə də hakim və müxalifət partiyaları arasında dialoqların aparılması nə qədər əhəmiyyətlidir? Bununla bağlı Azərbaycan praktikası nə qədər qaneedicidir?

- Deməzdim ki, tədbir ləğv olundu. Biz bu məsələdə təşəbbüskar kimi çıxış etmək istəməzdik. Təşəbbüs siyasi partiyalardan gəlməlidir. O halda biz də yardımçı oluruq. Mənim fikrimi bilmər istəyirsinizsə, siyasi qüvvələr arasında dialoq çox vacibdir. Davamlı dialoq və ünsiyyət tərəflər arasındakı soyuqluğu aradan qaldıra bilər.

Mediada tez-tez qarşılıqlı ittihamların şahidi oluruq. Amma əminəm ki, onlar bir araya gəlib, problemləri birlikdə müzakirə etsələr konstruktiv münasibətlərin əsasını qoymuş olarlar.

- Azərbaycanda vətəndaş cəmiyyəti ilə ATƏT-in Bakı Ofisinin əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Çox yaxşı. Biz layihələrimizin icrasında vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edirik. ATƏT-in Bakı Ofisi olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və güclənməsində maraqlıyıq. Bu, demokratik dəyişiliklərə təkan verən əsas amillərdən biridir.

- Bir müddət əvvəl Azərbaycanda müxtəlif internet saytlar kibercinayətkarlığın birbaşa hədəfi oldu. ATƏT-in Təhlükəsizlik sahəsində kibercinayətkarlıqla mübarizə üzrə təqdim edə biləcəyi hansı islahat paketi mövcuddur?

- Təəssüf ki, kibercinayətkarlıq dünyada ciddi problemə çevrilməkdədir. Nə qədər acınacaqlı olsa da, etiraf etməliyik ki, texnologiyaların inkişafı yalnız müsbət nəticələrə gətirib çıxarmır. Cinayətkar dəstələr də bundan "məharətlə" istifadə edir.

Bu baxımdan biz də bu cür təhlükələrə qarşı dayanaqlığımız gücləndirməliyik. ATƏT-in Bakı Ofisi bu sahədə bəzi layihələr həyata keçirir. Azərbaycanın müvafiq orqanları ilə əməkdaşlıq edirik və indiki mərhələdə başqa ölkələrin yararlandığı mütərəqqi təcrübələri onlarla bölüşürük.

- Azərbaycan coğrafi cəhədən Avropanın bir hissəsidir. Regional Təhlükəsizliyin təmin olunması sahəsində ATƏT-in hansı konkret nəticə verə biləcək mövqeyi var?

- ATƏT-in əsas hədəfi regionda təhlükəsizlik və sabitliyə nail olmaqdır. Dünyanın ən böyük regional təşkilatı olan ATƏT, hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləyir. Bildiyiniz kimi, ATƏT üç olçüdə - siyasi-hərbi, iqtisadiyyat-ətraf mühit və insan ölçülərində təhlükəsizliyin təmin olunmasına çalışır.

Amma bu sahələrdə müəyyən addımlar atıb və ya bəzi layihələr həyata keçirib konkret nəticələrdən danışmaq çətindir. Çünki sürətli inkişaf eyni zamanda sürətli islahatların həyata keçirilməsini labüd edir. Bunun üçün də təşkilata üzv dövlətlər arasında davamlı əməkdaşlıq olmalıdır. Bu gün dünyanın üzləşdiyi təhlükələrə qarşı tənha mübarizə aparmaq mümkün deyil.

- Seçki praktikasının təkminləşdirilməsi sahəsində ATƏT mövcud qanunvericilik çərçivəsində hansı praktiki seçki texnologiyaları paketini Azərbaycan üçün məqbul hesab edərdi? Məsələn, seçkidə iştirak edən tərəflərin və o cümlədən seçkiləri təşkil edən qrumların praktiki bacarıqlarının artırılması, beyəxlalq təcrübə mübadilələri və s. sahələrdə hansı addımların atılması məqsədəuyğun olardı?

- ATƏT-in Bakı Ofisi seçkilərlə bağlı dəstək layihələrini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyalarının yekun rəyləri əsasında hazırlayır və seçki prosesinin müvafiq iştirakçıları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirir. 2010-cu il parlament seçkilərinin yekunlarına dair ATƏT/DTİHB namizədlərin qeydiyyatındakı problemlərin aradan qaldırılması, seçki administrasiyasına etimadın yaradılması, dinc toplaşma və ifadə azadlıqlarının təmin olunması, azad və müstəqil medianın inkişaf etdirilməsi, səsvermə və səslərin sayılması prosedurlarının təkmilləşdirilməsi, seçki mübahisələrinin effektiv həll edilməsi və lazım gəldikdə səslərin yenidən sayılmasına dair aydın qaydaların tətbiq edilməsinə dair yeddi əsas tövsiyə irəli sürüb.

Bundan əlavə, seçki qanunvericiliyi, seçki administrasiyası, namizədlərin qeydiyyatı, seçkiqabağı kampaniyanın maliyyələşdirilməsi, seçki mübahisələri, media, gender, seçki günü prosedurlarına dair on yeddi digər tövsiyə verilib. Bu il ATƏT-in Bakı Ofisi dinc toplaşma azadlığı, namizədlərin qeydiyyatı və seçki mübahisələrinin həlli, siyasi proseslərdə qadınların iştirakı ilə bağlı layihələr həyata keçirməkdədir. Qarşıdan gələn növbəti üç ildə ardıcıl seçkilərin keçirilməsini nəzərə alaraq, bu sahəyə diqqət daha da artırılacaq.

- Müşahidəçiləriniz Azərbaycanın hüquq-mühafizə orqanlarına, həiçinin hakimlik və vəkilliyə qəbul üzrə keçirilən imtahanları müşahidə edirlər. Bu müşahidələrin nəticələri barədə mövqeyiniz bilmək maraqlı olardı.

- ATƏT-in Bakı Ofisi Məhkəmə Hüquq Şurasl ilə bir sıra sahələrdə əməkdaşlıq edir. Bunlardan biri də hakimliyə namizədlərin imtahanlarının müşahidəsidir. ATƏT-müşahidəçiləri 2011-ci ilin sonunda baş tutan yazılı və 2012-ci ilin yazında keçirilən şifahi imtahanları izləyib. İmtahanın ilkin mərhələsində (test imtahanı) Ofisimiz təşkilati baxımdan çox ciddi irəliləyişin olduğunu müşahidə edib.

Testlərin namizədlərə paylanması, onların yığılması və namizədlərin iştirakı ilə nəticələrin qiymətləndirilməsi çox şəffaf şəkildə həyata keçirilib. İmtahanın şifahi qismində isə bəzi təkmilləşdirmələrə ehtiyac var. İmtahanın şifahi hissəsində müşahidəçilər komissiya üzvlərinin olduqca geniş və nəzəri suallar verdiyni qeyd edib.

Nəticədə, namizədlər onlara cavab olaraq qanunvericilikdən müvafiq maddələri əzbərdən demək məcburiyyətində qalır. Namizədlərin hüquqi arqumentlərin qurması bacarığı yoxlanılmır. Bizim tövsiyələrimiz ondan ibarətdir ki, gələcəkdə daha çox diqqət nəzəriyyəyə yox, hüquqi analizə və qanunun tətbiqinə yönəldilsin. Gələcək hakimlərə hakimlərin etik davranış kodeksi ilə bağlı suallar da verilə bilər.

- ATƏT-in Azərbaycanda hüquq təhsilinin inkişafı üzrə hansısa mexanizmləri varmı?

- Ofisimiz bu günə qədər Bakı Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin hüquq tələbələri üçün məhkəmə proseslərinin simulyasiyasına dair təlimlər keçirməklə gələcək hüquqşünasların hüquqi təhsilinin artırılmasına öz tövhəsini verib. Tanınmış hüquq ekspertləri təlimçi qismində iştirakçılara Avropa İnsan Hüquqları Konvensiyasında təsdiq olunan ədalətli mühakimə ilə bağlı milli və beynəlxalq standartların tətbiqinin praktiki nəticələri barəsində məlumat verib.

Ofisin hüquqi yardımın keyfiyyətinin artırılması və gələcəkdə Azərbaycanda vəkilliyin inkişaf etdirilməsinə yönəlmiş islahatlara dəstəklə bağlı öhdəliklərinin bir hissəsi olaraq, Ofis "Azərbaycanda Vəkillik" üzrə nəzəri və praktiki dərsliyin hazırlanmasına, eləcə də nəşrinə yardım göstərməyi planlaşdırır. Bu dərslik daha sonra hüquq tələbələri və Vəkillər Kollegiyasına namizədlər üçün stolüstü kitab rolunu oynayacaq.

- Cəmiyyətdə hər zaman Azərbaycan və Ermənistan arasında alan konfliktin hələ də həllinin tapılmamağında ATƏT-in Minsk qrupu tənqidlərə məruz qalır. Müharibə yolunu inkar edən ATƏT-in indiyədək konkret hüquqi nəticələrə nail ola bilməməyinin səbəbləri nədədir?

- Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. ABŞ, Fransa və Rusiyadan olan həmsədrlər münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün vasitəçilik missiyasını həyata keçirir. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Fəaliyyətdə olan Sədrinin xüsusi təmsilçisi Anjey Kasprşik bu fəaliyyətləri koordinasiyası ilə məşğuldur. Bu məsələ mənim rəhbərlik etdiyim ATƏT-in Bakı Ofisinin mandatına daxil deyil.

O baxımdan, danışıqlar prosesi və onun detalları ilə bağlı hər hansı açıqlama vermək səlahiyyətinə malik deyiləm. Şəxsi fikrimi bilmək istəyirsinizsə, mən bu münaqişənin sülh yolu ilə tez bir zamanda həll olunmasını istəyirəm. Cənubi Qafqazda mövcud olan münaqişələr regionun inkişafını və dünyaya inteqrasiyasını ləngidir.

- Bəzən cəmiyyətdə belə bir sual yaranır ki, Avropa İttifaqı, Avropa Şurası və NATO-nun mövcud olduğu halda ATƏT-in fəaliyyəti hansı məxsusi fərqlərlə seçilir? Bu qrumlardan fərqli olaraq ATƏT hansı menyunu üzv dövlətərə təqdim edir?

- Məncə, hər təşkilatın öz missiyası var və fəaliyyətlərini də başlıca prinsiplərinə uyğun olaraq qurur. ATƏT-in fəaliyyəti təhlükəsizliyə hərtərəfli yanaşmaya əsaslanır. Yəni biz təhlükəsizliyin siyasi-hərbi, iqtisadiyyat-ətraf mühit və insan aspektlərini əhatə edirik. Hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatlarla nə qədər çox əməkdaşlıq edərsə qarşıya qoyulan məqsədə, yəni Avropa dəyərlərinə inteqrasiyaya daha tez çata bilər. Bu baxımdan, fərqli təşkilatların verə biləcəyi çoxşaxəli imkanlardan maksimum istifadə etmək lazımdır.

- 27 dekabr 2011-ci ildə prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiq edib. Bu fəaliyyət proqramında diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması da nəzərdə tutulub. Ofisinizin bu sahədə səyləri barədə nə deyə bilərsiniz?

- Xatırlayırsınızsa, mayın 2011-ci ilin 11-də ATƏT-in Bakı Ofisi Mətbuat Şurası ilə birlikdə qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans təşkil edib. Həmin tədbirdə ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç də iştirak etmişdi.

Biz beynəlxalq standartlara uyğun olan diffamasiya haqqında qanunun tezliklə qəbul olunmasını səbirsizliklə gözləyirik. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, jurnalistlər yazdıqları məqalələrə görə həbs olunmamalıdırlar. Əminəm ki, müvafiq qanunun qəbulu Azərbaycanda media azadlığının təmin olunmasında əhəmiyyətli addım olacaq.

- Hazırda ATƏT-in Azərbaycanla bağlı həyata keçirdiyi layihələrlə bağlı da danışmağınızı xahiş edərdik.

- ATƏT-in Bakı Ofisinin mandatına uyğun olaraq biz Azərbaycan hökuməti, Milli Məclis, vətəndaş cəmiyyəti və sizin də təmsil etdiyiniz kütləvi informasiya vasitələri ilə əməkdaşlığı davam edir və Azərbaycanda demokratik islahatların həyata keçirilməsinə yönəlmiş səyləri dəstəkləyirik.

Əsas fəaliyyət istiqamətlərinə gəlincə, söz və mətbuat azadlığı, toplaşma və birləşmə kimi fundamental azadlıqların təşviqi, məhkəmə və hüquq sahəsində islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, gender bərabərliyi, polis işinin təkmilləşdirilməsi, insan alverinə qarşı mübarizə, mütərəqqi idarəçiliyin təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, eləcə də ətraf mühitin qorunmasını qeyd edə bilərəm.

Bundan başqa, məhkəmələrin monitorinqini davam etməyimizi qeyd etmək istərdim. Ofisimiz həmçinin həbsxanalar və müvəqqəti saxlanma yerlərində də monitorinq aparır. Hakim və vəkillər, QHT-lər, jurnalistlər və sahibkarlar üçün müxtəlif təlim kursları təşkil olunur. Yeni qəbul olunmuş "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun icrası ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətlərimiz var.

Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti proqramı çərçivəsində ekologiyanın qorunmasına dair bir sıra layihələr dəstəklənib. Ofisimiz həmçinin insan alverinə qarşı işlərdə ölkənin müvafiq strukturları və vətəndaş cəmiyyəti təmsilçiləri ilə də bəzi layihələr həyata keçirib. Bir sözlə, layihələrimiz çoxdur və növbəti ildə də ATƏT-in Bakı Ofisi çeşidli fəaliyyətlərini davam etdirəcək.

- Sonda qeyri-rəsmi mövzuda suallar. Mümkünsə, ailə üzvləriniz barədə danışardınız... Məsələn, ailə üzvləriniz neçə nəfərdən ibarətdir, onlar da Bakıdadırmı?

- Mənim bir oğlum var. İnvestisiya məsələləri üzrə sözçüdür. Amerikada yaşayır. Həyat yoldaşım burada, Bakıda mənimlə birlikdədir.

- Siz özünüz Bakıda necə istirahət edirsiniz, şəhərin hansı yerlərini daha çox sevirsiniz? Burada dostlarınız varmı?

- Bakının gözəl yerləri çoxdur. Vaxt olanda həyat yoldaşımla birlikdə şəhərin və şəhər ətrafında ola tarixi yerləri gəzməyə çalışırıq. Dostlarım isə əlbəttə var. Yerli insanlarla ünsiyyət qurmaq mənim üçün daha rahatdlr. Eyni dildə danışırıq. Özümü evimdəki kimi hiss edirəm.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR