• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yeraltı səltənətdə bir saat... - REPORTAJ

  • Dünya
  • 14 Mart 2012 13:10
  • 179 Baxış
Yeraltı səltənətdə bir saat... - REPORTAJ

Aidin yeraltı səltənəti


Qədim yunan əfsanələrində yeraltı səltənətə hökmranlıq edən tanrı Aid təsvir olunur. Guya bu səltənətə ölən insanların ruhları köçür. Aidin ayaqları altında oturmuş üçbaşlı köpək hamını yeraltı səltənətə buraxır, lakin heç kimi oradan qayıtmağa qoymurmuş...

Metronu həmin səltənətə bənzətmək ədalətsizlik olardı – çünki adətən hamımız ora düşə də bilirik, ordan çıxmağımızda da elə ciddi problem olmur...Amma dünya statistikasında hər 20-ci ölüm hadisəsinin metroda baş verməsi kimi acınacaqlı reallıq da var. Hətta"statik"lər bu məsələdə"rekord" sındıran şəhərin də adını müəyyənləşdiriblər. Paris metrosu. Burada il ərzində 61 ölüm hadisəsi baş verir.

Elmlər Akademiyası – tələbə, tələbə, tələbə...

Metro ən praktik və operativ nəqliyyat vasitələri sırasında xüsusi yer tutur. Bu nəqliyyat növü sübh tezdən işə gedənlərin və gecə yarısına qədər çalışan insanların işinə yarayır. Düzdür, indi Bakı Metropolitenində gediş haqqı avtobusla gediş haqqından fərqlənmir. Amma insanların rahatlıq baxımından çətin seçim qarşısında qoymur. Son məlumatlarına görə, təkcə ötən yanvar-fevral ayında Bakıda metrodan istifadə edənlərin sayı 8, 3 faiz artaraq 53, 6 milyon nəfər təşkil edib. Biz də metronun ən gur vaxtında - iş çıxışında sərnişinlərin sıxlığını görüb, onları söhbətə tutmaq qərarına gəldik.

İlk üz tutduğumuz metro stansiyası əsasən tələbələrlə"bol" olan Elmlər Akademiyası stansiyası oldu. Bu stansiyada axşam saat 6-dan sonra vaqonlarda iynə atsan, yerə düşməz. Qatarın gec gəlməsindən istifadə edib müşahidələr apardıq. Üç universitet tələbəsi öncə maşinist istiqamətində qatarı gözləsələr də, 3 dəfə vaqona minə bilməmələrindən məyus olub, mərkəz istiqamətinə yol aldılar.

56 yaşlı Zəhra Quliyeva ilə onun iş yoldaşı Gülsənəm Əliyeva metroda sıxlıqdan şikayətçidirlər:"Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Nə qədər qatar gəlir keçir, heç cür minə bilmirik. Amma nə edək, saatlarla avtobusda tıxaclarda qalmaqdansa, metroda 1 saat qatar gözləməyə məcburuq".

Elə bu an qatar gəldi və tələsən xanımlar qatarın yenidən dolu gəlməsinə dözməyərək bir təhər özlərini vaqona sala bildilər. Xanımların hər ikisinin kök olmasını görən gənclər onları itələyib vaqonun bağlanmasına kömək edirdilər. Bu an elə bir yaşlı kişi qadınları"qucaqlayaraq" içəri basdı və nəhayət qapı bağlandı. Bu mənzərə ətrafdakılarda gülüş doğurdu və bir neçə dəqiqə iş gününün yorğunluğunu, stressini bununla çıxardanlar da oldu...

Maraqlı mənzərə iki dostun birinin vaqona girə bilməsi, digərinin isə stansiyada qalması idi. Hər kəs bu iki dostun him-cimlə bir-birlərinə nə isə izah etməsinə tamaşa edirdi. Vəziyyət əvvəl gülməli görünsə də, sonradan stansiyada qalan gəncin əhvalının pozulması gözümüzdən qaçmadı...

Qızların çantasına xüsusi maraqla baxan polis

Metroda söhbətləşdiyim 26 yaşlı həkim Cavid Hətəmov havasızlıqdan şikayətçidir:"Bu basabasda havalandırma sisteminin də normal səviyyədə olmaması əlavə çətinlik yaradır. Bu günlərdə 20 yaşlarında bir gənc qatar gedən zaman huşunu itirdi. Epilepsiya xəstəsi olan oğlanı zorla həyata qaytara bildik. Metroda normal nəfəs ala bilməyən insanların tənəffüs orqanlarında xəstəliklər yaranır. Uzun müddət havasız şəraitdə qalan qadınların da dəfələrlə huşunu itirməyinin şahidi olmuşam".

Elmlər Akademiyası stansiyasında platformada sıxlığın yaranmasının bir səbəbi də eskalatorların işində ləngimələrdir. Səhər saatlarında hər 3 eskalator işləsə də, iş çıxışı zamanı bu eskalatorlardan biri"dincəlir". Sərnişinlərin narazı olduqları məqamlardan biri təhlükəsizliklə bağlıdır.

Universitet tələbəsi Günel Behbudova deyir ki, polis dəfələrlə böyük yükləri yoxlamadan buraxır:"Amma bizə gələndə çantamızın dəmir brelokuna da irad tuturlar. Bir dəfə məni çantamı açmağa məcbur etdilər. Mən də acıqla onun içərisində"prakladka" çıxarıb, polisə göstərdim. Necə utandısa, ondan sonra mən çemodanla da gəlsəm, yoxlamır. Birdə görürsən eskalatorun hansısa işləmir. Millət dəyir bir-birinə. Başa düşə bilmirəm, bu qədər xərc çəkib eskalator düzəldirlər, sonra da normal istifadəyə vermirlər".

Minəndə"Dərnəgül", düşəndə"İçərişəhər"

Bayaqdan üç tələbə qızın sonuncu vaqonlara tərəf getdiyini görüb anladıq ki, onlar da mənzil başına gecikirlər. Stansiyadan birtəhər minib, qarışıq və səs küylü stansiyalardan biri olan"28 May" stansiyasında düşürük. Burada, ümumiyyətlə, sərnişinlərin platformada dayanıb qatar gözləməsi mümkün deyil. Çünki intervalları arasında uzun fasilələr olan qatarlar gəldikcə, sıxlıq dözülməz olur.

Sərnişinlərin ən çox narazı olduqları məqamlardan biri platformalarda qatarın getdiyi istiqamətin düzgün göstərilməməsidir. 35 yaşlı müəllimə Pərvanə Bayramova bu anlaşılmazlıq səbəbindən işə gecikdiyindən şikayət edir:"Müdirimə başa sala bilmirəm ki, platformada"Dərnəgül" yazılır, sonra"28 May"-a çatanda dəyişir,"İçərişəhər" stansiyası olur. Yollarda tıxac olduğu üçün ən sürətli nəqliyyat növü hazırda metrodu. Əvvəllər belə problemlər az-az olardı, indi demək olar ki, "Əhmədli"dən"Elmlər"ə gəlincə qatar yalan olmasın bir 5 dəfə tuneldə dayanır. Adamın səbri tükənir".

Metronun"28 May" stansiyasında isə sıxlıq olmasına baxmayaraq sərnişinlər yaranan problemin aradan qalxdığını bildirdilər:"Burada hər zaman sıxlıq olur. Əsas odur ki, qatarlar tez-tez tuneldə qalmasın. Əvvəllər belə hal tez-tez baş verirdi. Son vaxtlar bu problem aradan qalxıb. Tıxacı yaradan əsas səbəb eskalatorların işləməməsidir".

Qatarda olan yaşlılar isə qatar getdiyi vaxt reysin altından çıxan cingilti səsindən narahat olduqlarını bildirdilər.
Təqaüdçü Elxan Aslanovun sözlərinə görə, bu səsə görə metroya minmək istəmir:"Dəmirlərin bir-binə sürtünməsi nəticəsində çıxan səs adamın beynini dağıdır. Hələ yaxşı ki qulaqlarım yaxşı eşitmir. Onda bu səsə qulaq asmaq lap dəhşətli olardı. Bir də metroda havasızlıq var. Adam nəfəs ala bilmir. Bizim ölkədə metro çox pis vəziyyətdədir. Xarici ölkələrin əksəriyyətində olmuşam. Bizim metro kimi bərbad metro görməmişəm".

Bakı Metropolitenində sərnişinin sıxlığı ilə fərqlənən stansiyalar içərisində Nefçilər, Koroğlu stansiyalarının da adını çəkmək olar. Amma hələlik bu iki stansiyadakı müşahidələrimizlə kifayətləndik.

Bakı Metropoliteninin ümumi uzunluğu 34,6 km olan 2 xəttdən, 23 işləyən və iki tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkən zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur

Rihannanın metro sevgisi

Xarici mətbuatının yaydığı məlumata görə, dünya şöhrətli pop ulduz Rihannanı metroda görənlər gözlərinə inana bilməyib. Müğənni yaxın rəfiqəsinin yeni kolleksiyasının təqdimat mərasiminə qatılıb. Mərasimdən sonra isə paytaxtda alış-veriş üçün müğənni metroya minib. Pərəstişkarları müğənnini metroda görüncə təəccüblənib. Rihanna pərəstişkarlarına avtoqraf verib. Qeyd edək ki, Rihannanın metrodan istifadə etməsi adət halını alıb.

Metro humanizmi

Amma metroda müsbət hadisələr də baş verir. Ötən il şahidi olduğum bir hadisə ilə yazımı bitirmək istəyirəm. Gənclik stansiyasında 20 yaşlarında gənc oğlan relslərin üstünə uzanmaqla özünü öldürmək istəyirdi. O relsin üzərinə atlanan kimi platformada olan üç gənc onun arxasında düşüb onu platformaya yenidən qaldırdılar və bununla bir insan həyatını xilas etdilər. Dediyim odur ki, insanlığı hər yerdə, hətta yer altında da göstərmək heç vaxt gec deyil...


P.S. Metro haqqında 10 maraqlı fakt

1. 2. Dünyanın ən qızğın stansiyası hesab olunan Tokionun İkebukuro stansiyasından Sutkada 491 958 sərnişin keçir.

3. Yeraltı keçiddən 155 000 000 sərnişin istifadə edir bu isə aviasərnişinlərin sayından 34 dəfə çoxdur.

4. Dünya müharibəsi zamanı (1941-1945) Rusiya metrosunda 150 uşaq dünyaya gəlmişdir.

5. Dünyadakı metro reyslərinin uzunluğu 10 000 m-dir. Bu isə Şimal qütbündən Ekvatora qədər olan məsafəyə bərabərdir.

6. Tokio metrolarının pik saatları qadınlar üçün təhlükəli hesab olunur.

7. Barselonadakı metro tunellərinin diametri 12 metrdir. Orda dünyanın ən qeydi-adi iki mərtəbəli poezdləri hərəkət edir.

8. Məkkədə ilk yeraltı keçid çəkilərsə 25 000 avtobusa ehtiyac qalmayacaq.

9. Bilbaoda elektrik enerjisinin 33%-i qatarların dayandırılmasına sərf olunur.

10. Dünyada 30 liniya metro maşinistsiz hərəkət edir. Bunlar Avtomatlaşdırılmış şəkildə hərəkət edirlər.


Nailə RÖVŞƏNQIZI

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR