Krımın Moskvadan “xahişi” Ukraynanı parçalanmaya aparır
Bizi izləyin

Dünya

Krımın Moskvadan “xahişi” Ukraynanı parçalanmaya aparır

“Krım tatarları yarımadada sabitliyi pozan separatçılara layiqli cavab verməyə hazırdır. Krım tatarları ölkə siyasətçilərinin günahı üzündən uzun müddətdir qeyri-müəyyən qalan siyasi statuslarına baxmayaraq, bu gün Krımın Ukraynadan ayrılmasının Krım və onun sakinləri üçün necə böyük fəlakət olduğunu dərk edir”.Ukraynada vətəndaş qarşıdurması və ölkənin parçalanması təhlükəsi hələ də sovuşmayıb. Baxmayaraq ki, hakimiyyət müxalifətlə danışıqlar masasına oturub, 19 Yanvar tarixindəki nümayişlərin başlanmasına səbəb kimi göstərilən 16 Yanvar qanunları ləğv edilib, müxalifətin əsas tələbləri sırasında olan hökumətin istefası reallaşıb, 2004-cü il Konstitusiyasına qayıdışla bağlı müzakirələr başlayıb.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri Krım tatarları Məclisinin sədri Refat Çubarov “unian.net”ə müsahibəsində deyib.

Xatırladaq ki, fevralın 4-də Krım Millət Məclisində millət vəkilləri “hakimiyyət millətçi-faşist qruplaşmasına keçərsə” muxtariyyətin statusuna zəmanət vermək və krımlıların maraqlarını qorumaq xahişi ilə Rusiya prezidenti ilə Dövlət Dumasına müraciət təklifi ilə çıxış etmişdilər. Mərkəzi hakimiyyət isə Avromaydan olaylarının Ukraynanın bütövlüyü üçün təhlükə yarada biləcəyindən narahatdır. Ukrayna Təhlükəsizlik Xidməti ötən həftə ərazi bütövlüyünün təhdid edilməsi hazırlıqları ilə bağlı cinayət işi qaldırıb. Xidmətdən yerli mediaya geniş məlumat verilməsə də, məsələ ilə bağlı geniş araşdırmanın başladığı təsdiqlənib.

Parlament həmçinin yarımadanın siyasi gələcəyi ilə bağlı referendumun keçirilməsini planlaşdırır. Kiyevdə isə Krım parlamentinin təşəbbüsünü özfəaliyyət olaraq qiymətləndiriblər. Fevralın 7-ində Soçi Qış Olimpiya Oyunlarının açılışın iştirak edən Ukrayna prezidenti Viktor Yanukoviç Rusiya prezidenti ilə görüşmüşdü. Qeyri-rəsmi məlumatlara görə, prezidentlər Krım parlamentinin sözügedən təkliflərini də müzakirə ediblər.

Beynəlxalq Demokratiya İnstitutunun rəhbəri Sergey Taranın sözlərinə görə, Krım deputatlarının təşəbbüsləri Ukrayna prezidentinə təsirin əlavə vasitəsi olacaq: “Simferopolda səslənən bəyanatlar onu göstəririr ki, hakim partiyanın komandası elə də monolit deyil. Ukrayna üçün ərazi bütövlüyü təhlükəsi mövcuddur”.

İndiyə qədər Krım parlamenti Ukrayna prezidentindən fövqəladə vəziyyəti tətbiq etməyi və hadisələrə sərt müdaxiləni israrla tələb edirdi. Hazırda isə vəziyyət dəyişib. “Rus birliyi" Partiyasından olan deputat Sergey Sekov muxtariyyətin gələcək statusunun müəyyənləşdirilməsi üçün referendumun keçirilməsi və yardım üçün Rusiyaya müraciətlə bağlı təklif edilmiş təşəbbüslərin səsverməsini 19 Fevralda keçirilə biləcəyini deyib. Ukrayna müxalifətinin nümayəndələri isə əmindirlər ki, Krım muxtariyyəti Ukrayna tərkibindən çıxmaq üçün hazırlığa başlayıb. “Batkivşina” (Vətən) partiyasının parlament fraksiyasının üzvü Nikolay Tomenko Ukrayna parlamentindəki çıxışında Krım parlamentini buraxmaq üçün mərkəzi hakimiyyətə çağırış edib.

Ukrayna Siyasəti İnstitutunun rəhbəri Konstantin Bondarenko “Nezavisimaya qazeta”ya hadisəni şərh edərək bildirib ki, Krım elitaları və Krım siyasətini özünəməxsus xüsusiyyətlərə malikdir. “Orada çoxları üçün Rusiyaya cəzbedicidir. Mərkəzi hakimiyyətin bir qədər zəiflənməsini hiss edən kimi öz oyununu oynamağa çalışırlar, maliyyələşməyə ümid edərək özünü Rusiyaya təklif edirlər. Bu özfəaliyyətdir və problemi həll etmək olar. Amma Kiyevdə indi Krımla dalaşmaq istəmirlər. Məsələ ümumukrayna böhranından çıxış çərçivəsində həll ediləcək”, - ekspert hesab edir.

GUAM Ölkələri Jurnalistlərinin Araşdırma Mərkəzinin direktoru, uzun müddət Ukrayna parlamentində aparıcı mütəxəssis olmuş Elxan Nuriyev Publika.Az – a ölkənin parçalanma təhlükəsi və Krım tatarlarının müstəqillik əldə etmə ehtimallarını dəyərləndirib. Onun fikrincə, Krım tatarlarının Rusiya ilə bağlı xatirələri heç də yaxşı deyil:

“Krım tatarları Məclisinin, hətta millətçiləri və radikal islamçılarının hamısının qərarı var ki, Krım tatarları Ukrayna respublikasının tərkibində qalır. Krım tatarlarının parlamentdə iştirakı həmişə Ukrayna milli demokratik qüvvələrinin fraksiyalarında olub. Ümumiyyətlə belə bir çağırış və gözlənti də yoxdur. Krım tatarları 1944-cü ilin mayında Krımdan necə vəhşicəsinə çıxarıldıqlarını unutmayıblar. Bu günki nəslin əksəriyyəti yollarda əziyyətlər çəkən, Qazaxıstanda, Sibirdə, Özbəkistanda doğulanlardır. Onların yaddaşında böyük bir iz var ki, Rusiya ilə yaxınlıq olmaz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm