
ABŞ-da polis zorakılığına qarşı Nyu-Yorkdan Vaşinqtona qədər etiraz yürüşü başlayıb.
Publika.az xəbər verir ki, 100 nəfərlik qrup
Nyu-Yorkdan Vaşinqtona qədər 402 kilometrlik yolu 9 günə qət etmək
üçün yürüşə başlayıb. Yürüş qara dərili Erik Qarnerin polis
tərəfindən öldürüldüyü “Staten İsland” bölgəsindən başlayıb.
Qara dərilinin öldürülməsindən sonra ABŞ-da “Nəfəs ala bilmirəm”
şüarı məşhurlaşıb. Yürüşçülər də həmin şüarların yazıldığı
köynəkləri geyiniblər.
Nyu-Yorkda yerləşən “Ədalət Liqası” adlı təşkilat tərəfindən təşkil
olunan yürüşə şəhər məclisinin üzvü Jumanne Vilyams da qatılıb.
Qeyd edək ki, “Ədalət Liqası” təşkilatı ABŞ-ın müxtəlif bölgə və
əyalətlərində uşaq haqlarının qorunması üçün “Uşaq ədaləti və
cinayətin qarşısını almaq” haqda, polisin irqçi, etnik və
millətlərarası ayrı-seçkiliyə qarşı “İrqçi təbliğata son” haqda,
həmçinin Müdafiə Nazirliyinin hərbiləşmə siyasətinə qarşı
“Hərbiləşdirmə” haqda qanunların qəbulu üçün mübarizə aparır.
Asif Nərimanlı