ABŞ-da şahidlərin ayaqlarına qolbaq bağladılar
Bizi izləyin

Dünya

ABŞ-da şahidlərin ayaqlarına qolbaq bağladılar

ABŞ-ın Boston şəhərində terror aktı törətməkdə ittiham olunan Cohar Tsarnayevin şahidləri ABŞ Federal Təhqiqat Bürosunun (FTB) nəzarətində saxlanılır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Rusiyadan gələn şahidlər Boston mehmanxanalarından birində bir neçə gündür ki, “ev həbsi” altındadır. Onların kimliyi, hətta sayı açıqlanmır. Şahidlərin bütün yerdəyişmələrinə FTB-nin əməkdaşları nəzarət edir. Onların ayaqlarına elektron qolbaqlar bağlanılıb.

Şahidlərdən biri isə ABŞ-a daxil ola bilməyib. Ona Boston aeroportunda bildiriblər ki, Şimali Qafqazda cinayətkar dəstələrdən birinin iştirakçısı olub.

ABC telekanalının informasiyasına əsasən, şahidlərdən ən azı beş nəfəri ötən gün Rusiyaya qayıtmalı idi. Ancaq məhkəmə üzvlərindən birinin xəstəliyi ilə əlaqədar məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, 2015-ci il martın əvvəlində birinci məhkəmə iclasında Cohar Tsarnayevin vəkili Boston marafonunda partlayışın Cohar tərəfindən təşkil edildiyini etiraf edib. Vəkil Kudit Klarkın sözlərinə görə, ittiham edilənin qardaşı Tamerlan Tsarnayev terror aktını planlaşdırıb və Cohar terror aktını həyata keçirib. Öz növbəsində, köməkçi prokuror bildirib ki, Tsarnayev qardaşları müsəlmanlar ölkələrdəki hərbi hərəkətlərə cavab olaraq ABŞ-ı cəzalandırmaq istəyiblər: “Cohar inanırdı ki, o, amerikalılara qarşı müqəddəs müharibədə əsgərdir”.

Cohar Tsarnayev isə ona qarşı irəli sürülən ittihamları qismən qəbul edib.

Xatırladaq ki, terror aktı 2013-cü il aprelin 15-də Boston marafonunda törədilib. Terror aktı nəticəsində 3 nəfər ölüb, 250-dən çox adam yaralanıb. Partlayışların təşkilində təxminən 10 il ABŞ-da yaşayan Tsarnayev qardaşları ittiham edilib. Tamerlan Tsarnayev əməliyyat zamanı öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm