Kiyevin “dəfn etdiyi”, Moskvanın “dondurduğu” “Novorossiya”: kimin hesabı düz olacaq?
Bizi izləyin

Dünya

Kiyevin “dəfn etdiyi”, Moskvanın “dondurduğu” “Novorossiya”: kimin hesabı düz olacaq?

2015-ci ilin 12 fevral tarixində Minskdə imzalanan atəşkəs razlaşmasından sonra Donbas probleminin həllində heç bir irəliləyişə nail olunmayıb. Ukrayna ordusu yenidən formalaşdırılır, separatçılar isə dayanmadan Rusiya tərəfindən silahlandırılır. Deməli, üfüqdə yeni hərbi əməliyyatlar görünür.

Ukrayna prezidenti Pyotr Poroşenko prezident seçilməsinin bir illiyi münasibətilə qonağı olduğu telekanalda bildirdi ki, Rusiyanın “Novorossiya” layihəsi iflasa uğrayıb. “Rusiya Federasiyasının arzusu heç də Donetsk və yaxud da Luqanskı işğal etmək deyildi. Bizim hamımız bilirik ki, əsas plan birinci mərhələdə “Novorossiya”nın yaradılması idi. Rusiyanın ilk mərhələdə Xarkov, Dnepropetrovsk, Donetsk, Luqansk, Zaporoje, Xerson, Nikolayev, Odessa və Krımı “Novorossiya” çətiri altında birləşdirmək istəyiydi. Artıq bu layihə rəsmi olaraq iflas edib”.

Bəs bundan sonra nə olacaq, doğrudanmı, Ukraynanı tamamilə dağıtmağı nəzərdə tutan “Novorossiya” layihəsi sıradan çıxıb.

Publika.az xəbər verir ki, Ukraynanın “Unian.net” saytına açıqlama verən rusiyalı politoloq, publisist Andrey Piontkovskinin fikrincə, Kreml üçün hazırda bütün rusiyalıları “Ukrayna faşizmi” haqqında isteriyanı dəstəkləməyə məcbur etmək çox çətindir.

“Donbas hövzəsində çox az adam könüllü vuruşmağa hazırdır. Nə Solovyov, nə də Kiselyov öz çağırışları ilə bu insanları toplamaq iqtidarında deyil. Məhz bunun nəticəsidir ki, Rusiya Donbas hövzəsinə öz əsgərlərini göndərir”, - politoloq deyib.

Onun sözlərinə görə, bir il əvvəl Kremldə müvəffəqiyyətli görünən “Novorossiya” layihəsi məhv olub: “Ukraynanın cənubi-şərqinin zəbti qeyri-real, Rusiya qoşunlarının cəlb edilməsi ilə böyük hərbi əməliyyatlar qeyri-mümkündür. Rusiya hərbi qulluqçularının böyük itkiləri və Qərbin mümkün yeni sanksiyalarına görə genişmiqyaslı əməliyyatlar Moskva üçün fövqəladə təhlükəlidir. Rusiya əhalisinin əksəriyyəti Krımın zəbt edilməsini pozitiv qəbul edir. Amma heç kəs istəmir ki, yüzlərlə və ya minlərlə rusiyalı qonşu ölkənin ərazisində ölsünlər. Doxsan faiz ehtimalla genişmiqyaslı hərbi əməliyyatlar ən yaxın vaxtlarda olmayacaq”.

Ukraynanın Razumkov Mərkəzinin hərbi proqramlar üzrə direktoru Nikolay Sunqurovskinin firincə, hazırda Kreml “yumşaq güc”ə üstünlük verir: “Hazırda anti-terror zonasında baş verənlər, daimi atəşlər və Minsk razılaşmalarının pozması xəbərdarlıqdır ki, əgər Ukrayna qulaq asmasa, danışıqlara və güzəştə getmək istəməsə, o halda təcavüzü gözləyin. Bunun üçün isə Donbas hövzəsində bütün lazımı ilkin şərtlər yaradılır, canlı güc və texniki təchizat artırılır. Putinə sadəcə təcavüz lazım deyil, ona müvəffəqiyyət lazımdır. Qələbə ilə yekunlaşmayan istənilən hərbi hərəkət onun sonunu gətirəcək”.

Sunqurovskinin fikrincə, Putinə danışıqlar stolunda Ukraynanı və Qərbi yerinə oturtmaq üçün effektiv təsir alətləri lazımdır: “Putinə “respublikalar”a muxtar statusun verilməsi lazımdır. Putinə həmçinin Krıma dəhliz lazımdır və istəyir ki, Kiyev bu dəhlizi könüllü şəkildə versin. Çünki hərbi güclə dəhlizi ələ keçirmək və onu saxlamaq mümkün deyil”.

Öz növbəsində, Rusiya politoloqu, tarix elmləri doktoru, “Brookings Institution”un böyük elmi işçisi Liliya Şevsova hesab edir ki, Kreml "Novorossiya”nın yaradılması ideyasının bütün potensialını bitirib: “Bu, rus etnik millətçiliyinə əsaslanan “Rus dünyası” layihəsinin bir hissəsidir. İdeya rus millətçilərinin Kremlin ətrafında birləşməsini yüngülləşdirdi. Amma bu qısamüddətli təsiri olan ideyadır. Çünki ideya Rusiya imperializmini partlada və ölkədə stabilliyi poza bilər. Amma bu o demək deyil ki, rus millətçiliyindən gələcəkdə müəyyən hüdudlarda istifadə edilməyəcək”.

Liliya Şevsova hesab edir ki, Moskva silahlı separatçıların Rusiya ərazisinə qayıdışında da maraqlı deyil və Donbasla həmsərhəd regionlarında, xüsusən Rostovda “çəpərləmə”dən istifadə edəcək.

Ukraynanın siyasi eksperti Andrey Zolotarev da eyni fikirdədir. Onun fikrincə, “Novorossiya” layihəsinin iflas olması ilə problem heç yerə yox olmayıb: “Donbas hövzəsi “qara dəliyə” çevrilmək təhlükəsi qarşısındadır. Bu təhlükə Rusiya üçün də keçərlidir. Axı silahlı muzdurlar Rusiyanın öz regionlarına, o cümlədən Şimali Qafqaza qayıda bilərlər. Kremldə də bu təhlükəni real anlayırlar”.

Ukraynalı ekspert hesab edir ki, Rusiyanın “DXR” və “LXR” separatçı qurumları dərin xəndəklər və mühafizə istehkamları ilə özündən ayırması, beləliklə də sərhəd nəzarətini gücləndirməsi təsadüf sayılmamalıdır: “Deməli, Surkovun planı reallaşdırılır ( Putinin boz kardinalı” kimi tanınan müşaviri Vladislav Surkov – Ö.D.). Bu plan Minsk razılaşmaları vasitəsilə Donbas hövzəsinin Ukraynaya itələnməsini nəzərdə tutur. Donetsk və Luqansk vilayətlərinin sakinləri özlərini hansısa bir “DXR” və”LXR”də düşünmürdülər, onlar özlərini Rusiyanın bir hissəsi olaraq görürdülər. Buna görə də Kremlin hərəkətləri onlar tərəfindən tez-tez xəyanət kimi qəbul edilir. Onlar görürlər ki, heç vaxt Rusiya tərkibinə qəbul edilməyəcəklər”.

“Penta” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Vladimir Fesenko isə “Novorossiya” layihəsini “dəfn” etməyə tələsmir. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin layihəni bağlamayıb, yalnız dondurub və istənilən vaxt donunu aça bilər.

"Rusiya Donbas hövzəsində təhlükənin potensial mənbəyini saxlamaq istəyir. Məqsəd isə odur ki, separatçı “respublikalar”dakı silahlı insanlar Rusiyanı deyil, Ukraynanı hədələsinlər. Məhz buna görə də Rusiya “respublikalar”la sərhəddə istehkam tikintiləri yüksəldir”, - Vladimir Fesenko vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm