Səddamın keçmiş silahdaşının cəsədi tapıldı
Bizi izləyin

Dünya

Səddamın keçmiş silahdaşının cəsədi tapıldı

İraqın keçmiş prezidenti Səddam Hüseynin silahdaşı, keçmiş vitse-prezident və xarici işlər naziri Tarik Əzizin dünən naməlum şəxslər tərəfindən qaçırılan cəsədi tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalına açıqlamasında vəkil Bədi Aref Ezzat bildirib.

Amma o, cəsədin hazırda harada olduğunu və nə vaxt dəfn ediləcəyini bilmədiyini vurğulayıb.

Xatırladaq ki, cəsəd Bağdad hava limanında qaçırılmışdı. Cəsədin dəfn üçün İordaniyanın paytaxtı Ammana aparılması planlaşdırılırdı.

Tarik Əziz 1974-1977-ci illərdə informasiya naziri, 1983-1991-ci illərdə xarici işlər naziri, 1979-2003-cü illərdə baş nazirin müavini postlarını tutub. O, Səddam Hüseyn hökumətində yeganə xristian idi. 2010-cu ildə Tarik Əziz şiə müsəlmanlara divan tutulmasında iştirakına görə edam cəzasına məhkum olunub. Amma o vaxt prezident olan Cəlal Tələbani həmin hökmü imzalamayıb və faktiki olaraq onu əfv edib.

Bir il sonra İraq Ali Məhkəməsi şiələrə qarşı digər cinayətlərlə bağlı Tarik Əzizi ömürlük həbs cəzasına məhkum edib. O, həbsxanada bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi. 2010-cu ildə insult keçirən Əzizin dili tutulub. 2013-cü ildə Roma Papasına müraciət edərək, barəsində çıxarılmış edam cəzasının icrasını tezləşdirməyə yardım göstərməsini xahiş edib.

O, bu il iyunun 5-də saxlandığı həbsxanada ürək çatışmazlığından dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm