Qərbin Qarabağ kartında Rusiya faktoru: İrəvan özünü hərraca çıxarıb
Bizi izləyin

Dünya

Qərbin Qarabağ kartında Rusiya faktoru: İrəvan özünü hərraca çıxarıb

İrəvanın Baqramyan prospektində etiraz aksiyasının davam etdiyi bir vaxtda – iyunun 27-də Ermənistan prezident administrasiyası iqtisadi məsələlər üzrə Rusiya-Ermənistan hökumətlərarası komissiyanın həmsədri, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov ilə prezidenti Serj Sərkisyanın görüşü haqqında informasiya yayıldı.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, tərəflər bir sıra məsələlərdə razılıq əldə ediblər.

Razılaşmadan biri odur ki, Ermənistan rus qazının 1000 kubmetrini 189 dollar deyil, 165 dollara alacaq. Bundan başqa, Rusiya Ermənistan ordusunun arsenalının müasir silahlarla doldurulması üçün 200 milyon dollar kredit verməyə razıdır. Razılaşmalar bununla bitmir. Rusiya İstintaq Komitəsi Gümrüdə bir ailəni qətl edən rusiyalı hərbçi Permyakovun istintaqını Ermənistanın hüquq-mühafizə orqanlarına verir. Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılmasına kreditin verilməsi haqqında müqavilə imzalanır. Son olaraq, “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin auditinin keçirilməsi haqqında razılıq əldə olunub.

Ermənistanın “Lragir” nəşrinin yazdığına görə, müasir silahların alınmasına xərclənəcək 200 milyon dollar ölkənin təhlükəsizlik səviyyəsini yüksəldəcək və regionda hərbi güc balansını bərpa edəcək. Nəşr regionda güc balansının Rusiyanın Azərbaycana silah satışı ilə Bakının xeyrinə dəyişdiyini xatırladıb.

“Lragir” nəşri qeyd edir ki, Moskvanın İrəvana etdiyi bütün bu güzəştlərin arxasında öz maraqlarını qorumaq cəhdi dayanır.

“Ermənistanın energetika sistemi, demək olar ki, tamamilə Rusiyaya aiddir. İndi bu sistem kollaps həddindədir, texnologiya və maliyyə investisiyaları yoxdur. Bu sferada imzalanan müqavilələr Ermənistanı suveren energetika siyasətini həyata keçirmək imkanlarından məhrum edib. Bundan başqa, bu sfera korrupsiyanın yuvasına çevrilib. Amma bu vəziyyət uzun müddət davam edə bilməzdi. “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin ətrafında yaranan vəziyyət Rusiyanın energetika inhisarçılığını təhdid etməyə başladı. “Ermənistanın Elektrik Şəbəkələri”ni xilas etməklə, Rusiya Ermənistan energetikasında öz inhisarçılığını xilas edir. Buna görə də vəsaitlər verilir”, - “Lragir” yazıb.

Amma erməni nəşri hesab edir ki, bütün bu vədlər kağız üzərində qala bilər. Nəşr xatırladır ki, Ermənistan Avrasiya iqtisadi İttifaqına üzv olacağını elan edəndə Moskvadan bir sıra vədlər alsa da, onların hamısı unudulub.

“Lragir” yazır ki, beynəlxalq geostrateji vəziyyət də Rusiyanı Ermənistana bəzi güzəştləri etməyə vadar edir: “Qərb ritorikanı sərtləşdirib və öz şərtlərini diktə edir. Digər tərəfdən, son zamanlar Ermənistan hakimiyyəti nümayişkaranə şəkildə “qərbyönümlü” siyasət aparır, Qərbdən maliyyə, eyni zamanda Dağlıq Qarabağ məsələsi ilə bağlı dəstək alır. AŞPA-nın son qətnaməsindən “işğal” ifadəsinin çıxarılması buna misaldır. Və bu vəziyyətdə Rusiya özünün “strateji" öhdəliklərini yerinə yetirməyə tələsdi”.

Bu gün erməni KİV-ində belə bir informasiya çıxdı ki, parlament Gümrüdəki bazanın icarə müddətinin uzadılması məsələsinin müzakirə edilməsi üçün növbədənkənar iclasını çağırmaq niyyətindədir. Amma müzakirə olunacaq məsələnin detalları açıqlanmayıb. Belə ki, 2010-cu ildə bu müddət 49 il uzadılıb. Görünür ki, İrəvan bu məsələdən də istifadə edərək, Moskvadan əlavə güzəştlər qoparmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm