“Qudbay” Vaşinqton, “Hello” Moskva? – Putindən yeni diplomatik gediş
Bizi izləyin

Dünya

“Qudbay” Vaşinqton, “Hello” Moskva? – Putindən yeni diplomatik gediş

Son vaxtlar Səudiyyə Ərəbistanı-Rusiya xəttində müşahidə olunan yaxınlaşma meylləri okeanın o tayından – Vaşinqtondan narahatlıqla izlənilir.

Publika.az ABŞ-ın “Christian Science Monitor” nəşrinə istinadən xəbər verir ki, Vaşinqtonun narahatlığının kökündə Rusiya və Səudiyyə Ərəbistanın dünyada ən böyük neft istehsalçıları olması dayanır.

Qeyd edilir ki, Ər-Riyad və Moskvanın mümkün əməkdaşlığı dünya neft bazarındakı vəziyyətdə ciddi təsir edə bilər. Amma hələlik bu baş verməyib. ABŞ nəşrinin yazdığına görə, Səudiyyə ilə Moskvanın xarici siyasətində həlledilməz fikir ayrılıqlarının olması, həmçinin ABŞ və Səudiyyə arasındakı möhkəm əlaqələr onların sıx əməkdaşlığına mane olur. Amma vəziyyət dəyişə bilər.

Səudiyyə Ərəbistanının vəliəhdi, rejimin müdafiə naziri Məhəmməd bin Salmanın Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşməsi də vəziyyətin dəyişkən olduğunu göstərir. Bəzi beynəlxalq ekspertlər dünyada dəyişən geostrateji vəziyyət fonunda Səudiyyə Ərəbistanı-Rusiya əməkdaşlığının əlamətlərini göstərirlər. Qeyd edilir ki, Səudiyyə Ərəbistanının pulu Moskvaya Qərb sanksiyalarını zərərsizləşdirməyə kömək edə bilər. Eyni zamanda Rusiyanın silahı, mühəndis-texniki təcrübəsi və diplomatik dəstəyi Səudiyyənin yeni kralına ölkənin ABŞ-dan asılılığından xilas olmağa kömək edəcəyi hesab olunur.

Eyni zamanda, digər ekspertlər hesab edirlər ki, geostrateji dəyişikliklərə baxmayaraq, Ər-Riyad-Moskva yaxınlaşması taktiki xarakteri daşıyır və hər iki tərəfin maraqları olduqca məhdudlaşdırılıb. Rusiya və Səudiyyə Ərəbistanı arasında bir çox fikir ayrılıqları qalır. Məsələn, Səudiyyə Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin devrilməsində maraqlıdır. Həmçinin, Səudiyyə İranın nüvə proqramı ilə bağlı danışıqların müsbət yekunlaşması və sanksiyaların ləğvini istəmir, amma Rusiya sanksiyaların ləğvində maraqlıdır.

Şahzadə Salmanın Sankt-Peterburq səfərində 6 dövlətlərarası müqavilə imzalandı. Razılaşmalar Rusiyanın Səudiyyədə 16 atom stansiyasını tikməsini, kosmik sahədə əməkdaşlığı, infrastruktur layihələrinin reallaşdırılması və ən yeni Rusiya silahlarının çatdırılmasını nəzərdə tutur.

Moskva Şərqşünaslıq İnstitutunun Yaxın Şərq üzrə eksperti İrina Zvyaqelskaya hesab edir ki, Rusiya Yaxın Şərqdə ən güclü oyunçu ilə münasibətləri qaydaya salmağa cəhd edir. Onun sözlərinə görə, Qərbin sanksiyaları Putini yeni diplomatik gedişləri axtarmağa məcbur edir. Rusiyalı ekspert qeyd edib ki, Putin ərəb ölkələrinin ABŞ-ın siyasətindən narazı olduğunu bilir və bundan yararlanmaq niyyətindədir: “Biz görürük ki, Yaxın Şərqin bir çox dövləti ABŞ-ın siyasətindən narazıdır və Rusiya ilə münasibətləri qaydaya salmaq istəyir. Səudiyyə Ərəbistanı ehtimal ki, ABŞ-a dəqiq siqnalı göndərir: partnyorları əvəz etmək mümkündür”.

Moskvadakı Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski qeyd edir ki, Səudiyyə Ərəbistanı ABŞ-ın onun küncə qoyduğunu hiss edir və Ər-Riyad daha ABŞ-a etibar etmədiyini göstərmək uçun Rusiya kartını oynayırlar: “Fikrimcə, Kremldə anlayırlar ki, bütün bunlar sadəcə oyundur və ciddi heç nəyə gətirib çıxarmayacaq”.

Satanovski xatırladır ki, Putinin 2007-ci ildə Səudiyyə Ərəbistanına səfəri zamanı münasibətlərin qaydaya salınması, hətta silahların çatdırılmasına dair müqavilələr imzalanması haqqında danışıqlar olsa da, ancaq sonra bunların heç biri baş vermədi.

“Bütün bunlar teatrdır. Səudiyyə Ərəbistanı vaxtaşırı bunu edir ki, Amerikanı qısqanmağa məcbur etsinlər”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm