Bakıda hər kəs “Tax free” sistemindən yararlana biləcək
Bizi izləyin

İqtisadi gündəm

Bakıda hər kəs “Tax free” sistemindən yararlana biləcək

Aprelin 10-dan mayın 10-dək keçiriləcək ticarət festivalında.

“Aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə keçiriləcək Ticarət festivalı - “Baku Shopping Festival”ı günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən yararlana biləcək”.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir Bakı Şopinq Festivalının nəinki xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıdığını deyib:

“Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər ki, bu da dünya təcrübəsində bir ilkdir.Festivala bir sıra qonşu ölkələrdə, eləcə də son dövrlər Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi ölkələrində maraq var”.

Nazir onu da vurğulayıb ki, “Baku Shopping Festival” Qafqazda və Orta Asiyada ilk belə təcrübə kimi tarixə yazılacaq.

“Dünya Turizm Təşkilatının hesablamalarına görə, ticarət festivalları turist axınını 30 faizədək artırır. Ticarət turistlərin xərcləri sırasında əsas kateqoriyaya çevrilir, nəticə etibarilə birbaşa və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq iqtisadiyatın vacib gəlir mənbəyinə çevrilir.

Bakı Şopinq Festivalının internet saytı - www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir. Bir ay ərzində şopinq festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək, ölkəmizə gələn turistlərin sayını artıracaq, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Ticarət turizminin dünya miqyasında trendə çevrilməsi Azərbaycanın turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirəcək, turizm məhsullarının diversifikasiyasına gətirib çıxaracaq”.

"Baku Shopping Festival”ı günlərində ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kino nümayişləri və s. təşkil ediləcək.

Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Həmçinin müxtəlif dillərdə Çağrı mərkəzi (Call Center) turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına veriləcək. Festivalda iştirakçı kimi qeydiyyatdan keçən mağazalar “Tax free” nişanı ilə fərqlənəcək. Sahibkarlar festivalda iştirakçı statusu almaqla öz məhsullarını paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər. Qeyd edək ki, “Baku Shopping Festival” ilə bağlı bütün təfərrüatlar, qeydiyyat qaydaları, festival günlərində turistlərə təqdim olunacaq tur-paketlər və s. barədə www.bakushopfest.com saytında ətraflı məlumat almaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm