Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçüləri əməkdaşlığı möhkəmləndirir - BƏYANAT
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçüləri əməkdaşlığı möhkəmləndirir - BƏYANAT

Bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşünün yekunda "Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul edilib.

Bununla yanaşı, görüş çərçivəsində "Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş" imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkci imzalayıblar.

Qeyd edək ki, tədbir çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə A. Əliyev və B. Tüfənkci ilə yanaşı Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili də iştirak edib.

A. Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu gələcəyə hesablanmış layihədir. "Bu layihə iştirakçı ölkələrin tranzit imkanlarının və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsində, bazar prinsiplərinin dərinləşməsində xüsusi rol oynayacaq. Bu layihənin reallaşmasında gömrük xidməti orqanlarının üzərinə böyük məsuliyyət düşəcək".

D. Kumsişvili isə bildirib ki, layihənin reallaşmasından istənilən nəticəni əldə etmək üçün hər üç ölkənin gömrük xidməti rəhbərləri əməkdaşlığı dərinləşdirmə və səylərinin əsirgəməməlidirlər.

Baş nazirin müavini layihəni dəstəklədikləri üçün Azərbaycan prezidenti İlham Əliyevə, onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana, həmçinin bu ölkənin baş naziri Binəli Yıldırıma təşəkkür edib.

"Məqsədimiz hər üç ölkə arasında ticarət dövriyyəsinin artırılmasıdır. Bu layihə məqsədimizə çatmaqda yardımçı olacaq. İnanıram ki, Bakı-Tbilisi-Qars işə düşdükdən sonra Qazaxıstan da bu layihələyə qoşulacaq və Orta Asiya ilə iqtisadi əlaqələrimiz və ticarət dövriyyəmiz artacaq".

B. Tüfənkci isə bildirib ki, Bakı-Tbilisi-Qars layihəsində işlərin 85%-i tamamlanıb: "Müəyyən çətinliklər səbəbindən layihəni vaxtında tamamlaya bilmədik. Ancaq inanırıq ki, bu ilin iyul ayınadək layihə istismara veriləcək". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm