İqtisadi gündəm
İlham Əliyev: Bolqarıstan Azərbaycan üçün Avropada etibarlı tərəfdaşlardandır
Biz Bolqarıstan ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Ölkəniz bizim üçün Avropada etibarlı tərəfdaşlardandır və aramızda yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da imzalanma mərasimi başa çatandan sonra Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
İlham Əliyev daha sonra deyib: “Biz az öncə əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən birgə bəyannamə imzaladıq. Bu, ölkələrimiz arasında yüksək səviyyəli dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin sübutudur. Burada iqtisadiyyat, enerji, mədəniyyət sahələri əks olunub. Eyni zamanda, bizim üçün çox vacibdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin nizamlanması da qeyd olunur və münaqişənin yalnız beynəlxalq hüquq, yəni dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyi vurğulanır. Biz Bolqarıstana ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə görə təşəkkürümüzü bildiririk. Biz bu gün əməkdaşlığın bütün aspektlərini müzakirə etdik. İnanıram ki, müzakirə etdiyimiz bütün məsələlər icra olunacaqdır. Artıq bir çox işlər görülüb, ancaq hələ də görüləcək işlərimiz çoxdur”.
Dövlət başçısı qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq
ikitərəfli əlaqələrimizin əhəmiyyətli hissəsini təşkil edir: “Sabah
biz bir yerdə tarixi tədbirdə iştirak edəcəyik. “Cənub” qaz
dəhlizinin təməlqoyma mərasimi təşkil olunacaqdır. Bu, Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olacaq və
Azərbaycana öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək
imkanı verəcəkdir. Şadam ki, Bolqarıstan “Cənub” qaz dəhlizi
layihəsinin iştirakçısıdır. Bu, həm bizim üçün, həm də Avropa üçün
vacib layihədir. Azərbaycan Bolqarıstana və gələcəkdə ölkənizin
ərazisindən digər ölkələrə qaz nəql edə biləcəkdir. Çünki
ixtiyarımızda olan böyük həcmdə qaz ehtiyatımız hesabına biz qaz
təchizatının coğrafiyasını genişləndirərək Sizin qonşularınızı da
əhatə edə biləcəyik.
Biz enerji təhlükəsizliyi məsələsində gələcək illərdə də fəal
məsləhətləşmələr və əlaqələndirmə aparacağıq. Çünki sabahdan biz
bir çox ölkələrin iştirakı ilə konkret işlərə başlayırıq. Burada
əlaqələndirməyə və addımlarımızın lazımi şəkildə planlaşdırılmasına
ehtiyac olacaqdır. Biz “Cənub” qaz dəhlizi layihəsinin vaxtında və
yüksək səmərəliliklə icra edilməsi məsələsinə sadiqik və şübhə
etmirəm ki, bu, məhz belə də olacaqdır. Eyni zamanda, biz enerji
sahəsində digər layihələri də nəzərdən keçirə bilərik və onları da
məhz bu gün müzakirə etdik”.
Prezidentin sözlərinə görə, sərmayə imkanları, tikinti sahəsində
fəaliyyət və üçtərəfli formatda müxtəlif əməkdaşlıq imkanları
vardır: “Bir sözlə, enerji sahəsindəki əməkdaşlığımız şirkətlərimiz
üçün mühüm layihələrdə əlavə imkanlar yaradacaqdır.
Biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu məsələsini müzakirə
etdik. Biz Bolqarıstandan Azərbaycana və Azərbaycandan Bolqarıstana
sərmayə qoyuluşunu alqışlayırıq. Əminəm ki, bu da qarşılıqlı
fəaliyyətimizə əlavə təkan verəcəkdir. Bundan əlavə, mən cənab
Prezident vasitəsilə Bolqarıstan şirkətlərini Azərbaycana dəvət
etdim. Burada müxtəlif infrastruktur layihələrinə də sərmayə
yatırıla bilər, həm də bolqar şirkətləri ölkəmizdə podratçı kimi
çalışa bilərlər. Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyəsi
və olduqca mehriban dostluq münasibətlərimiz işgüzar dairələr üçün
əməkdaşlığın artırılmasına gözəl imkanlar yaradır. Cənab Prezident,
bu tarixi vaxtda bizimlə olduğunuza görə Sizə bir daha
minnətdarlığımı bildirirəm. Sabah biz Azərbaycanın enerji sahəsinin
inkişafı üçün müstəsna əhəmiyyətə malik hadisəni qeyd edəcəyik.
Sizi bir daha salamlayıram və inanıram ki, əməkdaşlığımız bundan
sonra da davam edəcəkdir”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu