ABŞ yəhudilərinin “Forumdaily” qəzeti Azərbaycandan yazdı
Bizi izləyin

İqtisadi gündəm

ABŞ yəhudilərinin “Forumdaily” qəzeti Azərbaycandan yazdı

ABŞ yəhudilərinin “Forumdaily” qəzetində Şimon Brimanın IV Bakı Humanitar Forumunun yekunlarına həsr olunmuş məqaləsi dərc olunub.

Publika.az-a bu barədə beynəlxalq münasibətlər sahəsində ekspert, İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının həmsədri Arye Qut bildirib.

A.Qut məqalədə Ş.Brimanın suallarına cavab verərək Bakı Humanitar Forumunun çox mühüm beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkan olduğunu diqqətə çatdırıb. Bildirib ki, burada siyasətçilər, keçmiş dövlət başçıları, alimlər, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri görüşürlər.

İsrail politoloqu A.Qut IV Bakı Humanitar Forumunun yekunlarını belə səciyyələndirib: “Hazırda nəzəriyyədən tutmuş humanist təcrübəyə qədər multikulturalizmin müqayisəli tədqiqi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq şəraitində XXI əsr jurnalistikasının problemləri, sabit inkişaf üçün zəruri olan insan potensialının formalaşması, sabit inkişaf və ekoloji sivilizasiya, prioritetlərin dəyişməsi - yeni universallığın formalaşması və tolerantlığın müstəqil mənəvi dəyər kimi önə çəkilməsi, informasiya məkanının qloballaşması şəraitində aktual media məsələləri kimi beynəlxalq ictimaiyyətin mühüm problemlərini müzakirə etmək üçün 70 ölkənin siyasi, elmi, intellektual və biznes elitası nümayəndələrinin görüşməsi üçün dünya səviyyəli elə bir intellektual məkan, əslində yoxdur”.

İsrail Dövlətinin bu forumda yetərincə təmsil olunmasını müşahidə etməyin çox xoş olduğunu vurğulayan A.Qut deyib ki, İsraili forumda iki Nobel mükafatı laureatı - professor Ada Yonat və Hayfa Universitetinin rektoru, professor David Faraci təmsil edirdilər.

Ş.Briman yazır ki, İsrail ekspertinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin nitqi parlaq, konkret və yaddaqalan bir çıxış olub. Azərbaycan Prezidenti deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var. Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır”.

A.Qut bildirib ki, Azərbaycanın paytaxtı, füsunkarlığı ilə göz oxşayan Bakı beynəlxalq humanitar əməkdaşlıq üçün beynəlxalq məkana, “intellektual Davos”a çevrilir. “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi olan israilli ekspert söyləyib ki, Azərbaycan rəhbərliyinin siyasəti, tolerantlıq və multikulturalizm ideyasını təbliğ etməsi Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanılmasına, dünyada bu siyasətin bundan sonra da möhtəşəm müasir və güclü Azərbaycan modeli nümunəsində inkişaf və təbliğ etdirilməsinə yönələn strategiyasının əksidir.

Azərbaycanda multikulturalizm barədə Ş.Brimanın sualına cavab verən Arye Qut bildirib ki, Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeş və səmimi münasibəti bir İsrail vətəndaşı kimi məndə qürur hissi doğurur. Arye Qut vurğulayıb ki, Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və vətənidir: “Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam yaşadıqları yeganə və nadir yerdir və Azərbaycanın həqiqi qürur mənbəyidir. İkili standartlardan əziyyət çəkən, çox mürəkkəb və həssas geosiyasi əhatədə yerləşən, habelə Cənubi Qafqazın lideri sayılan bu ölkə Ermənistan tərəfindən başlanan ağır və qanlı ərazi münaqişəsinə, ərazilərinin 20 faizinin işğal olunmasına baxmayaraq, həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir”.

A.Qutun sözlərinə görə, insanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm