• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanda öz elektrik və qazını özü istehsal edən ev var

Azərbaycanda öz elektrik və qazını özü istehsal edən ev var

Son vaxtlar dünyada geniş yayılan ekololoji ev nədir, necə olur, nəyə xidmət edir, müasir evlərdən nə ilə fərqlənir?

Ekoloq: “Eko-evdə yaşamaqla xəstəliklərdən uzaq olarıq”

Şəhərlər yarandığı zamanlardan sivilizasiyanın əsas mərkəzinə, mədəniyyət məbədlərinə çevrildi. XX əsrdə isə, bütün dünyada şəhərləşmə daha böyük vüsət aldı. Lakin XXI əsrdə urbanizasiyanın özü ilə gətirdiyi problemlər insanları bezdirir və artıq təbiət qoynunda sağlam həyat tərzi yaşamağa üstünlük verənlər artır.

Ekoloji evlər necə qurulur?

Ekoloji evlər hər cür zərərli sistemlərdən uzaq, ətrafa mənfi təsiri olmayan yeni nəsil evlərdir. Bu evlər təbii materiallardan tikilir, məsələn, çay daşı, qum, kərpic, taxta və kirəmid kimi təbii materiallardan hazırlanır. Belə evlər təbii isitmə sisteminə malik olur. Enerjisini günəşdən, və ya küləkdən əldə edir, bu vasitə ilə həm elektrik enerjisi olur, həm də bu enerjidən evin istilik təchizatı üçün istifadə edilir.

Bu cür evlərdə günün 24 saatı istifadə edilsə belə, heç vaxt enerji problemi olmur. İçməli su problemi olmur, çünki yağış sularını xüsusi cihaz-filtrlər vasitəsi ilə içməli suya çevirir. Ekoloji evlər külək enerjisini toplayıb gərəkdiyi zaman istifadə edə bilir.

Günəşin hərəkət sisteminə görə evin quruluşu tənzimlənir, pərdələr günəş hərəkət etdikcə gərəkən istiqamətə yönəldilir. Düzdür, bunların hamısı həyata keçirilməyib, amma yaxşın gələcəkdə bunları da görəcəyik.

İlk ekoloji ev İngiltərədə olub

İlk ekoloji ev 1851-ci ildə Londonda inşa edilib, “Cristal Palase” adlandırılıb. Lakin, uzun müddət bu tip evlər vacib sayılmadı. Ötən əsrin 70-ci illərində yaranan enerji qıtlığı bu tip evlərin inşasına yenidən təkan verdi. Avropa və Amerikada bu cür “yaşıl binalar” adlı ekoloji evlər inşa edildi.

Ekspertlər bildirir ki, ekoloji evlər təbiəti mühafizə etdiyi kimi, eyni zamanda insan orqanizminin dostudur. Bu evlər sırf təbii materiallardan inşa edilir, buna görə də zərərli olmur. Məsələn, daha çox hamam tavanı üçün istifadə edilən lambirin, plastik qapı-pəncərələr havaya zərərli maddələr buraxır. Amma taxtadan və kərpicdən, adicə çay daşından tikilmiş bir evdə bu kimi zərərlər olmur.

Belə evlər yayda sərin, qışda isti olur. Təbii havalanma sisteminə malik evlərin hər otağına Günəş şüası düşür. Müasir süni kimyəvi tərkibli materiallardan istifadə olunmayan evdə sağlam mühit olur.

Ekoloji rus evində qonaqlıq

Hələ Sovet vaxtı Voronejdə olarkən gördüyüm kənd evlərini təsvir etməklə mövzumuza maraqlı fraza əlavə etmək istəyirəm. 1989-cu ilin yay tətilində bu şəhərdə yaşayan əmimgilə getmişdik. Onun inşaatçı dostları bizi Kalaç rayonunun bir kəndinə (səhv eləmirəmsə Krasnobratskoe idi adı) qonaq apardılar. Göl kənarında balıq tutandan sonra, onların iş yerinə də baş çəkdik. Həmin yerlilərimiz orda kolxozçular üçün evlər tikirdilər.

Hazır olan evlərdən birində tərkibcə Sovet beynəlmiləlçiyini ifadə edən briqadanın verdiyi qonaqlıq maraqlı oldu. Yadımda yaxşı qalıb- birmərtəbəli, kürsülü, çardaqlı, 3-4 otaqlı evlər idi. Əvvəlcə, şalbanlardan bayır və iç divarları çəkirdilər, sonra o divarların bayır tərəfini qırmızı kərpiclə hörür, iç tərəfini isə fanerka ilə örtürdülər. Tavan taxtadan, döşəmə taxtadan, dam kirəmiddən. Hətta evin yuxarısında qırmızı kərpiclərin arasında ağ kərpiclə yazılmış “Baku”, “Tauz” sözləri də yadımda qalıb.

Bu kənddə qaz yox idi, belə evlərdə qışda meşədən yığıdıqları şam qozaları ilə evi qızdırırlar. Ətrafında təxminən 10 sotadək həyətyanı sahə var idi, qonşu həyətlərlə aralararında çəpər qoyulmurdu, küçə tərəfdən isə məsafəli taxta çəpər. İlk dəfə təbii kənd evini orda görmüşdüm, o zamanlar bizim kəndlərdə ikimərtəbəli daş qalalar tikirdilər ki, içində at çapmaq olardı.

Goranboyda milli ekoloji kənd evi

Kütləvi şəkildə olmasa da, ölkəmizin ayrı-ayrı yerlərində təbii ev tikdirənlər var. Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyevin bu sahədə təcrübəsi var. Birlik sədrinin Goranboyda yaşadığı ev məhz belədir. Hətta evin bütün enerji və istilik məsələsi təbii mənbələrdən alınır. Jurnalist yaxınlıqdan keçən dağ çayı üzərində quraşdırdığı qurğu ilə evi təmin edə biləcək qədər elektrik enerjisi ala bilir.

Ev sahibi həmçinin, bioqaz texnologiyasından da istifadə edir. Bu texnologiya inək peyininə əsaslanır və evə təmiz təbii qaz verir. Evin istilik sistemi, hamamın isidilməsi, mətbəxin yanacaq təchizatı üçün lazım olan enerji təbii yollarla əldə edilir.

Ekoloq deyir: “Bioqaz qurğusunun quraşdırılması 4500 manata başa gəlir, mini SES isə 3500-4000 manat civarında xərc tələb edir. Çoxları düşünə bilər ki, bu xərc çoxdur, amma həyatımız boyu kommunal xərclərə ödədiyimiz pulların yanında bu pul çox az miqdardır. Sadəcə, birdəfəlik xərc tələb olunur ki, problemi kökündən həll edəsən. Qurğuları quraşdırdıqdan sonra havayı enerji mənbəyinə sahib olursan”.

Təbiətlə harmoniyada yaşamaq zərurəti

Qeyd edək ki, bu layihələrin kütləvi şəkildə həyata keçirilməsi üçün mütləq dövlətin və ya beynəlxalq qurumların dəstəyinə ehtiyac duyulur, əks halda bu cür layihələr kütləvilik qazanmayacaq. Təbii evdə yaşamaqla xəstəliklərdən uzaq olar, alternativ enerji mənbələrindən istifadə etməklə ətraf mühitə qarşı humanist davranmış olar, bioqaz qurğusu vasitəsi ilə həm də meşələri qırmaqdan əl çəkərik.

Eyni zamanda, heyvandarlıq tullantılarının havaya buraxdığı metan qazının atmosferin yuxarı qatlarına qalxaraq ozon qatını dağıtmasının qarşısını da almış olarıq. Heyvanların peyinindən səmərəli istifadə edərək həm istilik əldə edər, həm də təbiəti qoruyarıq.

Ekoloqlar deyir ki, Yerin problemləri getdikcə artır və bütün bunların səbəbkarı da məhz insandır. Əsrlərdir normal atmosferdə, sakit bir planetdə yaşayan insan texnologiyanın kəşfi və inkişafı ilə öz yuvasını dağıtmağa başlayıb. İnsan heç olmazsa, bundan sonra təbiətlə dostlaşsa, bəlkə xilasımız mümkün oldu. Elə ekoloji evdən başlamaq pis olmazdı...

Elçin Bayramlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR