İcra başçısı müxbiri işdən qovdurdu: “Space” təsdiq etdi (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

İcra başçısı müxbiri işdən qovdurdu: “Space” təsdiq etdi (YENİLƏNİB)

Space TV-nin müxbiri Gündüz Məmmədov işdən çıxarılıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev “Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədovu işdən çıxartdırması barədə yayılan məlumatlara cavab verib.

İcra başçısı V.İsayev deyib ki, haqqında deyilən fikirlər yalandır:

“Boş-boş fikirlərdir. İcra başçısı jurnalist qovdurandır? Bu barədə məlumatı da bu gün səhər əldə etmişəm. Yəqin ki, o jurnalist rayonla bağlı verdiyi şantaj xarakterli materiala görə işdən çıxarılıb. O iddia edir ki, guya mən onu otağıma çağırmışam və sairə. Bütün bunlar yalan söhbətdir. Mən o jurnalisti tanımıram”.

***

Space TV-nin Xəbərlər Departamentindən müxbiri Gündüz Məmmədovun işdən getdiyi təsdiqlənib.

Departamentdən Publika.az-a bildirilib ki, bəli G.Məmmədov işdən gedib. Ancaq onu da bildirdilər ki, müxbirin hansı səbəbdən işdən getdiyi barədə yalnız telekanalın icraçı direktoru Kamil Şahverdi məlumat verə bilər.

K.Şahverdi ilə əlaqə saxlamaq cəhdimiz isə hələ ki, baş tutmur.

***

Space TV-nin müxbiri Gündüz Məmmədov işdən çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə G.Məmmədov özü sosial şəbəkədə yazıb.

O bildirir ki, rəhbərlik onu Bərdə rayonunun icra başçısı Vidadi İsayevin göstərişi ilə işdən uzaqlaşdırıb:

“Bir neçə gün öncə çalışdığım Space televiziyasından ayrıldım. İşdən çıxma səbəbim mənə qarşı edilən haqsızlıq idi. Mənə verilən tapşırığı yerinə yetirmək üçün üz tutdum çəkiliş məkanına. Məsələ isə pambıq əkən fermerlərin qəbul məntəqəsi tərəfindən aldadılması idi. Pambığın pulunu fermerlərə 50 qəpikdən deyil, 46 qəpikdən vermişdilər. Müsahibələr götürdüm. Aldadılan fermerləri danışdırdım. Sonra üz tutdum sözügedən zavoda. Ancaq orada mənə müsahibə verən tapılmadı. Daha sonra Bərdə rayon İcra Hakimiyyətindən birinci müavin mənə zəng vurdu ki, başçı səni çağırır. Getmək istəməyəndə mənə hədə-qorxu gəldilər. Məcbur getməli oldum. Başçı Vidadi İsayevin otağına daxil olan kimi mənə dedi ki, “artıq tapşırmışam, səni işdən çıxarıblar”. Belə də oldu. Rəhbərlik heç bir əsası olmadan, icra başçısının sözü ilə işdən on beş gün kənarlaşmağımı istədi. Mən isə mənə atılan böhtanla razılaşmayıb, ərizəmi yazdım və işdən çıxdım. Mən bu haqsızlığın tezliklə aydınlaşmasını istəyirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm