• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İflasa hazırlaşan birjalar, bahalaşan benzin və FİFA qalmaqalının acı nəticəsi - HESABAT

  • Hesabat
  • 30 May 2015 15:00
  • 1 435 Baxış
İflasa hazırlaşan birjalar, bahalaşan benzin və FİFA qalmaqalının acı nəticəsi - HESABAT

Yola saldığımız həftə dünya, xüsusilə Yunanıstan iqtisadiyyatı üçün ağır keçdi. Birjalar ölkənin iflasına hazırlaşdılar. Borc məngənəsinə düşən daha bir ölkə olan Ukrayna isə çarəni moratorium elan etməkdə tapdı. Amerikada iqtisadi artım zəiflədi. Afrikada isə əksinə, göstəricilər insanların üzünə güldü. İran, Qazaxıstan benzinin qiymətini qaldırmağı qərara aldılar. FİFA-nın Dünya Kubokunun 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qatarda təşkili ilə bağlı qərarı sponsorları hiddətləndirdi, “Amazon”nun vergi yükü artırıldı.

Bu dəfə başlayaq Afrikadan. Afrika İnkişaf Bankının hazırladığı son hesabata görə, qitədə iqtisadi artım rəqəmləri bu il 4,5 faiz, gələn il isə 5 faiz təşkil edəcək. Xarici tələbin müsbət təsirlərindən faydalanan Afrika ölkələri 2007-ci ildəki qlobal maliyyə böhranından sonra ən yüksək artım rəqəmlərinə imza atıb. Qitədə ən sürətlə böyüyən ölkələr Şərqdə yerləşir. İqtisadi artım tempinə görə Qərbi və Orta Afrika ölkələri ikinci və üçüncü sıralara yer alır.

Aylardır iflasla üz-üzə olan Yunanıstanda vəziyyət ağır olaraq qalır. Ölkədəki böhran o həddə çatıb ki, ötən həftə bütün dünya birjaları Yunanıstanın iflasına hazırlaşdılar. Lakin yunan hökuməti ilə kreditorlar arasındakı müzakirələrin müsbət tərəfə yön alması vəziyyəti bazarların xeyrinə dəyişdi. Belə ki, baş nazir Aleksis Çipras müzakirələrdə irəliyə doğru addım atıldığını dedi və birjalar sakitləşdi. Nazirin sözlərindən məlum oldu ki, hazırda son müzakirələr gedir. Razılaşmaya çox yaxındılar. Bu arada Rəsmi Afinaya görə, razılaşma əldə edilərsə maaşlar və pensiyalar kəsilməyəcək.

Xatırladaq ki, Afina iyunda Beynəlxalq Valyuta Fonduna 1,5 milyard dollar borc qaytarmalıdır. Növbəti ayda isə 7 milyard borcunu ödəməlidir. BVF və Avropa Birliyi ilə dörd aydır davam edən müzakirələr indiyə qədər nəticəsiz qalmışdı. Ötən həftə reallaşan görüşdə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana güzəştə gedəcəklərinə dair fikirlər səsləndiriblər.

Ukrayna da xarici borc probleminin məngənəsində qalıb. Xarici borclarını ödəyə bilməyən Ukrayna çarəni moratorium (dövlətin öhdəliklərini yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər hansı bir hərəkətdən imtina edilməsi) elan etməkdə tapıb. Ötən həftə parlamentdə səsverməyə çıxarılan moratorium qanunu prezident Petro Poroşenko tərəfindən qəbul olunub. Bu qanun sayəsində ölkə ehtiyac duyduğu təqdirdə xarici borc ödənişlərinin hamısını, ya da bir qismini tək tərəfli olaraq dayandıra biləcək. Onu da deyək ki, Ukraynanın xarici borcu 23 milyard dollardır. Ölkə rəhbərliyi mart ayından borcun 15 milyarda endirilməsi istiqamətində danışıqlar aparır.

Yeri gəlmişkən, Ukrayna təkcə bu il 8 milyard dollar borc ödəməlidir. Bu məbləğin 3 milyard dolları Rusiyaya olan borcdur. Maraqlısı isə odur ki, Ukraynanın moratorium elan etməsinə baxmayaraq Rusiyanın maliyyə naziri Anton Siluanov Kiyev rəhbərliyinin borcunu ödəməyi təxirə salacağı təqdirdə beynəlxalq məhkəməyə müraciət edəcəklərini bildirib.

İsveçrə Mərkəzi Bankının ilin əvvəlindən sabit məzənnə tətbiqindən imtina etməsi isə ölkənin iqtisadiyyatına yaramayıb. 2014-cü ilin son rübündə 0,5 faiz təşkil edən ölkə iqtisadiyyatı ilin ilk rübündə 0,2 faizə düşüb. İllik bazada ümumi daxili məhsul istehsalı da gözləntiləri doğrultmayıb. 1,5 faiz proqnozlaşdırılan ÜDM 1,1 faizdə qalıb. Hansı ki, 2014-cü ÜDM-in artımı 1,9 faizə çatmışdı. Mərkəzi Bankın sabit məzənnə tətbiqindən imtina etməsi ölkə ixracına pis təsir edib. Apreldə ixrac 1,3 faiz azalıb.

Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı da ağır günlərini yaşayır. Ölkə iqtisadiyyatı ilin ilk rübündə 0,7 faiz nisbətində sıxılıb. ÜDM-dəki geriləmə dolların digər valyutalara nəzərən dəyər qazanmasına və ölkənin qərb sahilindəki limanlarda etirazların başlamasına gətirib çıxarıb. Ən pisi də odur ki, ÜDM-dəki göstəricilər Amerika Mərkəzi Bankının göstərici faiz dərəcələrini artırmaq qərarını təxirə sala bilər. Bütün bunlara baxmayaraq, dünyanın bir nömrəli iqtisadiyyatının ilin ikinci rübündə gedişatı tərsinə çevirməsi və 2 faiz iqtisadi artın nümayiş etdirməsi gözlənilir.

Qazaxıstan Rusiyadan dəmir yolu ilə dizel yanacağı idxalına qoyulan müvəqqəti qadağanın vaxtını uzatdı. Müvafiq əmir ölkənin Enerji Nazirliyindən verilib. Sənəddə “20 may tarixindən 25 iyun 20115-ci il tarixinə qədər Rusiya Federasiyasından Qazaxıstan Respublikasına dəmir yolu ilə dizel yanacağının gətirilməsinə qadağa qoyulsun” deyə bildirilir.

Dizel yanacağı və benzin idxalına qadağanın səbəbi Rusiyadan neft məhsulları idxalının artması nəticəsində Qazaxıstanın neft emalı zavodlarında məhsulların yığılıb qalmasıdır. Qeyd edək ki, qərardan sonra mayın 26-dan respublikada Aİ92/93 benzini bahalaşıb. Bir litr Aİ 92/93 benzinin qiyməti 108 tenge ($0,58), bir litr Aİ-80 benzini – 89 tenqe ($0,48), bir litr dizel yanacağının qiyməti isə 99 tenge ($0,53) müəyyən edilib. Bu zamana qədər isə bir litr AI 92/93 benzinin qiyməti 99 tengeyə başa gəlirdi.

İran hakimiyyəti də daxili bazarda benzinin qiymətini 40% qaldırmaq qərarına gəlib. Bu barədə İranın Oil Products Distribution şirkətinin rəhbəri bəyanat verib. O deyib ki, yanacaqdoldurma məntəqələrində adi yanacağın bir litri əvvəlki 0.26 dollar əvəzinə 0.36 dollara satılacaq. Yüksək keyfiyyətli benzinin bir litri 0.43 dollar, dizel yanacağı 0.11 dollar, aviasiya yanacağı isə 0.21 dollar olacaq.

Səudiyyə Ərəbistanı isə 2040-cı ildə neftdən imtina edəcəyini açıqlayıb. Bunu ölkənin neft naziri Ali al-Naimi “Financial Times” qəzetinə müsahibəsində deyib. Məlum olub ki, krallıq karbohidrogen deyil, elektrik enerjisi ixracı ilə məşğul olacaq. Ali al-Naimi həmçinin qeyd edib ki, indi planetimizdə milyarddan çox insan elektriksiz yaşayır, buna görə mədən yanacağına tələbat əhəmiyyətli dərəcədə qalacaq. Nazirin fikrincə, neftin qiymətinin düşməsi günəş elektrik stansiyalarını gəlirsiz sahəyə çevirmir. O inanır ki, günəş enerjisindən istifadə iqtisadi cəhətdən neft və qaz hasil etməkdən daha sərfəli olacaq.

Səudiyyə Ərəbistanı karbohidrogen çıxarılmasından asılılığı azaltmaq istəyini ilk dəfə 2012-ci ildə açıqlayıb. Krallığın planlarına 2032-ci ilə günəş stansiyalarının hesabına enerji istehsal etmək daxildir. Ölkə həmçinin atom və külək energetikasına ümid edir.

İş dünyası

İş dünyasında isə vəziyyət Beynəlxalq Futbol Federasiyaları Birliyində (FIFA) baş verən korrupsiya qalmaqalı ilə qarışdı. Korrupsiya faktları sponsorları hiddətləndirdi. Visa, “Coca Cola” və “Adidas” kimi dünya nəhəngləri FİFA-dan problemi qısa müddətdə həll etməsini tələb etdilər. Analitiklər isə hesab edir ki, FIFA-ya yönələn ağır ittihamlar futbol dünyasının yalnız keçmişini deyil, gələcəyinə də təsir edir. Qalmaqalın səbəbi isə Dünya Kubokunun 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qatarda təşkil olunmasıdır. Xüsusilə Qatarda matçların 50 dərəcə istilikdə keçirilməsi təhlükəli hesab edilir.

Dünya kubokunun bu iki ölkəyə verilməsi başda “Sony” və “Emirates” hava yolları şirkəti kimi sponsorların FİFA-nı tərk etməsinə yol açıb. FİFA-nın reklam gəliri 1,5 milyard dollar azalıb.

Dünyanın ən böyük internet alış-veriş saytı “Amazon” Almaniya, İngiltərə, İtaliya və İspaniyada vergi ödəyəcəyini açıqlayıb. Bu siyahıya yaxın zamanda Fransanın da əlavə olunacağı qeyd edilib.

Xatırladaq ki, indiyə qədər Amerika şirkət vergiləri Lüksemburgdaki mərkəzinə köçürür və bu ölkələrə çox cüzi miqdarda vergi ödəyirdi. Məsələ ilə bağlı bir il əvvəl istintaqa başlayan Avropa Komissiyası bu vəziyyətin qeyri-qanuni olduğunu açıqlamışdı.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun qəbul edildi. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilin əvvəlindən sahibkarlara 83,6 milyon manat kredit verdiyini açıqladı. Mərkəzi bank bivalyuta səbətinə keçidin manatın bütün valyutalara qarşı çoxtərəfli məzənnəsinə məqsədyönlü təsir imkanları yaratdığını bildirdi.

Başlayaq büdcədən. Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Maliyyə naziri Samir Şərifov 2014-cü il dövlət büdcəsinin icrasına dair rəqəmləri açıqladı. Bəlli oldu ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub. Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub.

Maliyyə naziri həmçinin əlavə etdi ki, hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna qədər büdcənin vahid xəzinə hesabında 1 728 622 300 manat məbləğində qalıq yaranıb. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində büdcənin vahid xəzinə hesabında yaranan 1,729 mlrd. manat məbləğində qalıq bu ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidməti ilə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilib: “2014-cü ildə dövlət ehtiyat fondlarında müəyyən layihələrin icrası üçün 697 milyon manat nəzərdə tutulub. Ancaq bu layihələrin bəzisinin icrası daha artıq müddət tələb edir. Qanunu nəzərə alaraq, həmin vəsaitdən qalan 200 milyon manat nəzərdə tutulan layihələrin icrası üçün 2015-ci büdcə ilinə keçirilib.2014-cü ildə büdcə xərclərinin 15,2 faizinin müdafiə xərclərinə yönəldilib”.

Yola saldığımız həftə Mərkəzi Bankın yanvar-mart ayları üzrə pul siyasəti icmalı da diqqət çəkdi. İcmalda bildirilir ki, 2014-cü ilin sonlarından etibarən qlobal əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi, eyni zamanda, ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya meyllərinin güclənməsinin psixoloji təsiri daxili valyuta bazarında xarici valyutalara, xüsusilə ABŞ dollarına tələbi yüksəldib. Xarici valyutaya tələbin yüksəlməsi daxili valyuta bazarının hər iki seqmenti - nağd və qeyri-nağd valyuta bazarları üzrə müşahidə olunub.

Hesabat dövründə valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. Ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi 2,3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,4 dəfə artıb.

Valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq, AMB-nin İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə ABŞ dollarının manata qarşı məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. Bu qərarın qəbulu ərəfəsində manatın partnyor ölkələrin valyutalarına qarşı bahalaşması səviyyəsi özünün pik həddinə çatıb. Belə ki, 2014-cü ilin əvvəlindən 2015-ci ilin fevral ayının ortalarınadək manat ticarət tərəfdaşlarının valyutalarına nəzərən orta çəkili hesabla 30% bahalaşıb. Bu dövrdə ABŞ dollarına nəzərən rus rublu 86%, avro 20%, qazax təngəsi 20%, türkmən manatı 22%, Moldova leyi 17%, Belarus rublu 52%, Ukrayna qrivnası 169%, turk lirəsi 13%, İran realı 12%, gürcü larisi 31% dəyərdən düşüb. Məzənnənin 33,55% korreksiyası manatın qeyd olunan valyutalara qarşı baş vermiş orta çəkili bahalaşmasını neytrallaşdıra bilib.

Valyuta bazarında yaranmış yeni şəraiti nəzərə alaraq Mərkəzi Bank, eyni zamanda, hesabat dövründə məzənnə siyasətinin əməliyyat çərçivəsində dəyişiklik edib. Belə ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb.

“Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik”. Belə bir bəyanatla isə həftə sonuna doğru Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi: “Bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-TAP layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək. Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq”.

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu tətili

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR