Azərbaycanlının tarixə düşən liderliyi - o, kimləri qabaqlamır ki... - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanlının tarixə düşən liderliyi - o, kimləri qabaqlamır ki... - FOTOLAR

Hər nə qədər güclü hücumçu olursansa ol, daha çox millidə vurduğun qollarla xatırlanacaqsan. Buna ən bariz nümunə kimi dünya futbolunun kralı Peleni göstərmək olar. Bu gün Pele haqda danışarkən "Santos"un fanatlarından başqa, bəlkə, heç kim onun klubda vurduğu qolları xatırlamır. Pele deyərkən insanın gözləri qarşısında onun sarı futbolkada, mundiallarda rəqib müdafiəçiləri təngə gətirdiyi fintlər və vurduğu qollar canlanır. Eyni sözləri argentinalı əfsanə Dieqo Maradona barədə də demək olar. Düzdü, Maradona "Napoli"nin heyətində də yüksək səviyyəli futboluyla seçilsə də, onun adını çəkəndə ilk olaraq 1986 və 1990-cı illərin dünya çempionatlarında sərgilədiyi oyunlar yada düşür.

Yuxarıda adını çəkdiklərimiz dünya futbolunda da ad çıxarıblar. Amma dünya futbolunda o qədər də tanınmayan, ancaq milli komandanın heyətində vurduqları çoxsaylı qollarla öz ölkələrində əfsanəyə çevrilənlər, adlarını tarixə yazdıranlar da var.

Publika.az bu dəfə milli komandalarda vurduğu qollarla əfsanəyə çevrilən 10 futbolçunu təqdim edir:

10. Stern Con (Trinidad və Tobaqo) - 70 qol (115 oyun)

Stern Con millidə çox erkən - cəmi 19 yaşında debüt etdi. O, ilk qoluna da elə məhz 19 yaşında imza atdı. Sternin ilk qurbanı isə Finlandiya millisi olub. Düzü, onun yoxlama oyununda finlərə vurduğu qol matçın taleyini həll etməmişdi (1:2). Con klub karyerası ərzində əsasən İngiltərənin Premyer Liqa və Çempionşip klublarının şərəfini qoruyub. O, bu ölkədə "Nottingem Forest", "Sautqempton", "Sanderlend", "Derbi Kaunti", "Koventri Siti", "Kristal Pelas", "Bristol Siti", "İpsviç" və "Birmingem"in şərəfini qoruyub. Hazırda karyerasını Trinidad və Tobaqo çempionatında davam etdirən 38 yaşlı forvard millidəki son qoluna 2011-ci ildə Hindistanla yoxlama oyununda (3:0) imza atıb. Növbəti ildə isə o, 17 illik milli karyerasına son qoydu. Milli karyerası ərzində əsasən Şimali Amerika millilərini məyus edən Stern, vətənində əfsanəyə çevrilmiş hücumçulardandır.

9. Miroslav Kloze (Almaniya) - 71 (137)

Polşa əsilli forvard milli karyerasına 23 yaşında başlayıb. Başqaları kimi 18-19 yaşından milli karyerasına başlamasa da, yığmada ən çox qol vuran 10 hücumçu arasına girməyi bacarıb. Özü də Kloze bu qollara hər hansı Asiya və Şimali Amerikanın kiçik yığmaları kimi yarımhəvəskar millilərin yox, samballı yığmaların çıxış etdiyi Avropada imza atıb. O, həmçinin dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur. Kloze qatıldığı 4 mundialda (2002, 2006, 2010, 2014) keçirdiyi 24 matçda 16 qola imza ataraq, bu sahədə nəinki Almaniyanın həm də, dünya futbolunun tarixinə düşüb. Hazırda "Latsio"nun şərəfini qoruyan Miroslav, millidəki sonuncu qolunu keçən il dünya çempionatının yarımfinal mərhələsində Braziliyaya qarşı fantastik oyunda imza atıb (7:1). Kloze məhz həmin mundialdan sonra milli karyerasını bitirib.

8. Məcid Abdullah (Səudiyyə Ərəbistanı) 71 (116)

Bu ad yəqin ki, bir çox futbol azarkeşinə ümumiyyətlə tanış deyil. Buna baxmayaraq, Məcid öz adını Səudiyyə Ərəbistanının futbol tarixinə qızıl hərflərlə yazıb. Maraqlıdı ki, Abdullah bütün karyerası ərzində Səudiyyə Ərəbistanında bir klubda çıxış edib (Əl Nəsr). Millidə 19 yaşında debüt edən Məcid ilk qolunu 20 yaşında Pakistana vurub. Karyerası ərzində əsasən Asiya millilərinin qapısına yol tapan forvard yığmadakı son qoluna 1994-cü ildə Trinidad və Tobaqo millisiylə yoxlama oyununda (3:1) imza atıb. Forvard elə həmin ildə də milli karyerasına son verib.

7. Bəşər Abdullah (Küveyt) 75 (133)

Bəşər də Məcidlə oxşar karyera yaşayıb. 19 yaşında millidə debüt edib, elə həmin ildə də ilk qoluna imza atıb (Cənubi Koreyayla oyunda) və karyerası ərzində Asiyadan kənarda heç bir klubun şərəfini qorumayıb. Maraqlıdır ki, Bəşərin çox erkən başlayan milli karyerası elə erkən də başa çatıb. Futbolçu cəmi 30 yaşında milli karyerasına son verib. Millidəki son qoluna isə 28 yaşında imza atıb. Onun 2005-ci ildə Özbəkistanın qapısından keçirdiyi top millidəki sonuncu qolu olub.

6. Kunişiqe Kamamoto (Yaponiya) 75 (76)

Siyahının 6-cı pilləsində yenə Asiya təmsilçisi var. Bu dəfə Yaxın yox, Uzaq Şərqdən. Kamamoto hələ Yaponiyada futbolun inkişaf etmədiyi 60-70-ci illərdə məhsuldarlıq nümayiş etdirib. O, 20 yaşından Yaponiya millisinin şərəfini qorumağa başlayır. Millidə cəmi 13 il çıxış edən Kamamoto keçirdiyi 76 oyunda 75 dəfə rəqib qapıçıları məyus edib. Hazırda Yaponiyada siyasətlə məşğul olan Kunişiqe Məcid Abdullah kimi, karyerası ərzində vətənindən kənarda çıxış etməyib.

5. Qodfrey Çitalu (Zambiya) 76 (108)

Çitalu 70-ci illərdə yox, müasir dövrdə oynasaydı yəqin ki, ən azı Avropanın orta səviyyəli klublarının diqqətini cəlb edərdi. Belə ki, 1968-ci ildən 1980-ci ilə kimi millidə 76 qola imza atan forvard yüksək qol duyumuna malik olub. Bəzi qaynaqlarda onun millidə bundan da artıq qola imza atdığı qeyd edilir. Çitalu karyerasını bitirdikdən bir neçə il sonra 1993-cü ildə Zambiya millisiylə birgə yollandığı səfərlərdən birində təyyarənin qəzaya uğramasıyla həyatını itirir. Çitalunun adı 3 il öncə Lionel Messiylə yanaşı çəkilib. Belə ki, argentinalı futbolçu bir mövsüm ərzində 86 qola imza ataraq əfsanəvi alman futbolçu Herd Müllerin 85 qolluq rekordunu qırdıqdan sonra Çitalu da gündəmə gəldi. Daha doğrusu Zambiya Futbol Federasiyası (ZFF) Çitalunun bir mövsüm ərzində həm Müllerdən, həm də Leodan daha çox qol vurduğunu açıqladı. ZFF Qodfreyin bir mövsümə nə az nə çox, düz 116 qol vurduğunu bildirirdi. Sonda məsələyə qarışan FİFA mərhum futbolçunun qolları bu qurumun bayrağı altında keçirilən yarışlarda vurmadığını əsas gətirərək, ZFF-in iddiasını rədd etdi.

4. Pele (Braziliya) 77 (92)

Siyahının 4-cü pilləsində girişdə bəhs etdiyimiz futbol kralı Pele var. Əfsanəvi futbolçu millinin heyətində çox gənc - cəmi 17 yaşında debüt edib. Forvard ilk qoluna isə elə həmin il Argentinayla Roka kubokunda keçirilən oyunda imza atır (1:2). Pele 14 illik möhtəşəm milli karyerasına isə 1971-ci ildə son qoyur. Əfsanəvi futbolçu elə sonuncu qoluna da həmin ildə imza atır. O, sonuncu dəfə 1971-ci ilin 11 iyulunda Avstriyayla yoxlama oyununda fərqlənir (1:1).

3. Hüseyn Səid (İraq) 78 (137)

Nə qədər maraqlı olsa da, İraq millisinin sabiq üzvü Hüseyn Səid bu siyahıda dünya futbolunun kralı Peleni qabaqlayır. Hüseyn 19 yaşında debüt etdiyi İraq millisində 13 il çıxış edib. Bu müddətdə o, nə az nə çox, düz 78 dəfə rəqib qapılara yol tapıb. İlk qoluna 1977-ci ildə Cənubi Koreyayla oyunda imza atan Səid (1:1), sonuncu qolunu 1989-cu ildə Qətərlə oyunda (2:2) vurub (1989). Hüseyn karyerası ərzində yalnız bir klubun - Bağdad "Tələbə"sinin şərəfini qoruyub.

2. Ferents Puşkaş (Macarıstan) 84 (85)

Ferents Puşkaş təkcə Macarıstan futbolunun yox, həm də "Real"ın əfsanəvi üzvüdü. Millidə 1945-ci ildə cəmi 18 yaşında debüt edən Puşkaş 1956-cı ildə milli karyerasına son verib. Buna səbəb forvardın öz ölkəsindən didərgin düşməsidi. Həmin illərdə Macarıstanda siyasi vəziyyət gərginləşdiyindən, Puşkaş ölkəsini tərk edərək "Real"da forma geyinməyə başlayır. Milli karyerası ərzində 84 qola imza atan Ferents, vətənindən didərgin düşdükdən sonra 4 oyunda İspaniya millisinin də şərəfini qoruyub. Ancaq əfsanəvi hücumçu İspaniya millisində Macarıstan yığmasındakı məhsuldarlığını nümayiş etdirə bilməyib.

Macarıstan futbolunun əfsanəsi 2006-cı ildə 79 yaşında dünyasını dəyişib.

1. Əli Daei (İran) 109 (149)

Siyahıda birinci pillədə İran millisinin heyətində 100-dən artıq qola imza atmış Əli Daei var. Əslən azərbaycanlı olan futbolçu milli karyerası ərzində 100-dən çox qol vurmuş yeganə futbolçudu. Əli klub karyerası ərzində İranla yanaşı, Avropanın da bir neçə klubunun şərəfini qoruyub. O, Almaniyada - "Herta", "Bavariya" və "Arminiya"nın şərəfini qoruyub. Maraqlıdı ki, Daei millidə 24 yaşında debüt edib. O, İran yığmasının heyətində ilk qoluna 1993-cü ildə Taypeylə oyunda (6:0) imza atıb. Həmyerlimiz yığmada sonuncu qolunu 2006-cı ildə Kosta Rikayla yoxlama oyununda (3:2) vurub. Daei elə həmin ildə də milli karyerasını başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm