Ruhunu itirmiş “Xəzər Lənkəran” üçün böyük, yoxsa kiçik oyun?
Bizi izləyin

İdman

Ruhunu itirmiş “Xəzər Lənkəran” üçün böyük, yoxsa kiçik oyun?

Ruhunu itirmiş “Xəzər Lənkəran” üçün böyük, yoxsa kiçik oyun?

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunlarına martın 28-də start veriləcək. Publika.az xəbər verir ki, ilk oyun günündə cəmisi bir qarşılaşma baş tutacaq.

Sumqayıtda əhəmiyyətsiz oyun

Turun ilk qarşılaşmasında “Sumqayıt” AZAL-I qəbul edəcək. Bu oyun nə komandalar, nə də azarkeşlər üşün heç bir əhəmiyyət daşımır. AFFA İcraiyyə Komitəsinin qərarından sonra eltanı heç bir komandanın tərk etməyəcəyi məlum oldu. İndi turnir cədvəlinin sonuncu pilləsində olan “Sumqayıt” da bilir ki, onu heç bir təhlükə gözləmir. Belə olan halda meydanda mübarizə aparmağın nə mənası var? Elə AZAL da eyni durumdadı. Medallara iddiasını çoxdan itirən “təyyarəçilər” meydana baş girləmək üçün çıxacaqlar. Bu qarşılaşma yalnız AZAL-ın yeni baş məşqçisi Tərlan Əhmədov üçün əhəmiyyətli ola bilər. Əhmədov AZAL-ın sükanı arxasında ilk qələbəsini lazımsız oyunda qazanmaqla nisbətən rahatlıq tapa bilər.

Komandalar çempionatda 12-ci dəfə qarşılaşacaqlar. AZAL indiyədək sumqayıtlıları 4 dəfə məğlub edib. "Sumqayıt" isə 2 dəfə 3 xala sevinib. 5 qarşılaşmada tərəflər meydandan 1 xalla ayrılıb. Top fərqində də "təyyarəçilər" öndədi - 12:17.

“Sumqayıt” son 7 qarşılaşmada rəqibinə qalib gələ bilməyib. Bakılılar ardıcıl iki səfər oyununda qol da buraxmayıb. Son yarım ildəki 2 matçda isə bərabərlik qeydə alınıb.

2148 günlük qələbə həsrəti

Martın 29-da turun daha 2 qarşılaşması olacaq. Günün və turun prinsipial oyununda “Neftçi” “Xəzər Lənkəran”ı qəbul edəcək. Turnir cədvəli baxımından bu oyun yalnız “Neftçi” üçün əhəmiyyətli sayıla bilər. Ancaq klubların rəqabəti baxımından yanaşsaq bizi gərgin mübarizənin gözlədiyi şəksizdi. Cənublu fanatlar üçün “Neftçi” ilə oyunun əhəmiyyəti olduqca böyükdü. Çempionatda bütün iddiasını itirən “Xəzər Lənkəran”ın futbolçuları necə, bunun əhəmiyyətini anlayırlarmı? Son oyunlar göstərir ki, “Xəzər Lənkəran”ın futbolçuları ruhən ölmüş vəziyyətdədirlər. Mustafa Dənizli isə onları diriltmək əvəzinə “biz çempionat oyunlarına diqqət ayırmırıq” deməklə, futbolçularını daha da ruhdan salır. Deyəsən nəinki futbolçuların, türkiyəli mütəxəssisin özünün də Lənkəranda mübarizlik əzmi itib.

Rəqiblər çempionatda 29-cu dəfə qarşılaşacaqlar. Bu qarşılaşmalarda "Neftçi" 9, "Xəzər Lənkəran" 7 qələbə qazanıb. 12 oyunda tərəflər meydandan bir xalla ayrılıb. "Ağ-qaralar"ın 30 qoluna lənkəranlılar 23 dəfə cavab verə bilib.

10-cu qələbəsinin astanasında olan “Neftçi” son 5 ev oyununda meydanı qolsuz tərk etməyib. Paytaxtdakı son 3 dueldə hər iki komanda qol sevinci yaşayıb. “Xəzər Lənkəran” “Böyük oyun”larda qonaqların 2148 günlük qələbə həsrətinə son qoymağa çalışacaq. Belə ki, 6 ilə yaxındı rəqiblərdən heç biri səfərdə qalib gələ bilmir.

“Simurq” üçün “davam-tamam” oyunu

Günün daha bir qarşılaşmasında “Bakı” “Simurq”u qəbul edəcək. Bu oyunun gərgin keçəcəyi gözlənilir. Zaqatala təmsilçisi son turlar qazandığı ardıcıl qələbələr sayəsində medal qazanmaq şansı yaxalayıb. Bu şansı saxlamaq üçün əsas rəqiblərdən olan “Bakı” mütləq məğlub edilməlidi. “Zolaqlılar” qeyri-sabit çıxış etdiklərindən onların oyunu haqda konkret fikir yürütmək mümkünsüzdü. Ancaq yəqin ki, futbolçular ciddi rəqiblə üz-üzə qaldıqlarının fərqində olarlar. Bu oyun tərəflər arasında çempionatdakı 20-ci qarşılaşma olacaq.

Paytaxtın eyni adlı təmsilçisi bu rəqiblə oyunlarda böyük üstünlüyə malikdi. Belə ki, "Bakı" 9, "Simurq" isə cəmi 3 qələbə qazanıb. 7 oyunda tərəflər meydandan 1 xalla ayrılıb. Bakılıların 23 qoluna sumqayıtlılar 13 dəfə cavab verə bilib.

“Bakı” ardıcıl 6-cı dəfə rəqibini məğlub etməyə çalışacaq. "Simurq" isə 9 oyunluq qələbə həsrətini bitirmək iddiasındadı. Zaqatala təmsilçisinin səfərdəki hədəfi 1210 günlük qələbəsizliyə son qoymaqdı.

“Qarabağ” qisas, “Qəbələ” bəraət arzusunda

Turun daha 2 qarşılaşması isə martın 30-da baş tutacaq. Turnir cədvəli baxımından turun ən prinsipial qarşılaşması “Qarabağ”la “Qəbələ” arasında baş tutacaq. Qəbələlilər son turlar yaşadıqları uğursuzluq nəticəsində turnir cədvəlindəki mövqelərini əldən veriblər. Bu qarşılaşma Yuri Syominin yetirmələri üçün olduqca əhəmiyyətlidir. Onlar medallar uğrunda mübarizədən qopmamaq üçün məğlub olmamalıdırlar. “Qəbələ” bu qarşılaşmada sərgiləyəcəyi oyunla, əldə edəcəyi nəticə ilə bəraət almalıdır. “Qarabağ” da çempionluq yolunda həlledici addımı atmaq üçün qalib gəlməyə çalışacaq. Qarşılşamanın prinsipiallığını daha bir məqam artırır. “Qəbələ” “köhlən atlar”ı kubok mübarizəsindən uzaqlaşdırıb. “Qarabağ”ın qisas arzusu da qarşılaşmaya əlavə rəng qatır. Bu, tərəflər arasında çempionatdakı 23-cü qarşılaşma olacaq. "Qarabağ" rəqibi üzərində böyük üstünlüyə malikdi. Belə ki, ağdamlılar 11, qəbələlilər 5 qələbə qazanıb, 7 oyunda qalib müəyyənləşməyib. "Qarabağ"ın 30 qoluna "Qəbələ" 21 dəfə cavab verib. Ardıcıl 5 oyunda rəqibinə xal verməyən “Qarabağ” 17 aydı rəqibinə uduzmur. Ağdam təmsilçisi öz meydanındakı son iki oyunda minimal fərqlə qalib gəlib.

Qeyd edək ki, "Qarabağ" cari mövsümdə Premyer Liqadakı hər üç oyunda "Qəbələ"ni yenib. Lakin kubokdakı qarşılaşmalardan Yuri Syominin yetirmələri qalib ayrılıb. 1/4 finalın ilk oyunu 0:0 hesabı ilə yekunlaşıb və "Qəbələ" cavab matçında 2:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıb.

“Bankirlər” üçün asan “qazanc”

Turnir cədvəlinin 3-cü pilləsində qəraralaşan “İnter” “Rəvan”ı qəbul edəcək. Çempionatdakı mövqeyini qorumaq üçün bu qarşılaşmanı “bankirlər” üçün “asan gəzinti” hesab etmək olar. Çempionatda heç bir iddiası olmayan “Rəvan” bütün diqqətini kuboka yönəltdiyindən bu oyunda ehtiyat qüvvəyə güvənə bilər. Tərəflər çempionatda 8-ci dəfə üz-üzə gələcəklər. "İnter" indiyədək “Rəvan”a qarşı keçirdiyi bütün paytaxt derbilərində qalib gəlib. Onlar son 5 qarşılaşmada 2 və ya daha çox qol vurmağı bacarıb. Cari mövsümə təsadüf edən 3 görüşdə isə hər iki komanda qol vurub.

1 Qarabağ 27 58

2 Neftçi 27 48

3 İnter 27 45

4 Bakı 27 45

5 Qəbələ 27 44

6 Simurq 27 39

7 Xəzər L 27 34

8 AZAL 27 26

9 Rəvan 27 17

10 Sumqayıt 27 13

Oxumağa davam et
Reklam
Reklam

Gündəm