• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Üçlük” üçün təhlükə Qəbələdən gələcək?

  • İdman
  • 6 Yanvar 2015 13:30
  • 564 Baxış
“Üçlük” üçün təhlükə Qəbələdən gələcək?

Azərbaycan Premyer Liqası mövsümün ekvator xəttinə çatdı.

Düzdür, “Araz Naxçıvan”ın çempionatda iştirakdan imtina etməsindən sonra qarışıqlıq yarandı. Ancaq komandaların 32 oyun keçirəcəyini nəzərə alsaq, çempionatın ekvator xəttinə çatdığını deyə bilərik. Yalnız “Neftçi” və AZAL bu xəttə çatmaq üçün bir addım atmalıdı ki, bunun da turnir cədvəlində əhəmiyyətli dəyişikliyə gətirəcəyini güman etmirik.

“Qış yuxusu”na hansı komanda daha rahat getdi? Hansı komanda fasilədə daha çox “piylənməlidi” ki, yaza salamat çıxsın, çempionatın sonunda nəyəsə nail olsun? Qış gəlməmiş “soyuqlayan” hansı komandalar oldu? Azərbaycan çempionu 16 turdan sonra bəllidirmi? Bütün bu suallara aydınlıq gətirməyə çalışacağıq.

Digərləri gözləntiləri doğrultmadı, “Qarabağ”ın işinə yaradı

“Qarabağ”ın qış fasiləsinə lider kimi getməsi gözlənilməz olmadı. Gözlənilməz o oldu ki, “köhlən atlar” fasiləyə rəqiblərindən çox - 5 xal öndə yollandı. Fasiləyə qədər iki cəbhədə - çempionatda və Avroliqada mübarizə aparan “Qarabağ”ın ciddi müqavimətlə üzləşəcəyi gözlənilirdi ki, bu, baş vermədi. Qurban Qurbanovun yetirmələri heyətdə zədəlilərin çoxluğuna rəğmən, istənilən rəqibi büdrətməyə qadir olduğunu göstərdi. İki cəbhədəki mübarizə “köhlən atlar”ı yormadı. Bu amili Qurban Qurbanovun komandanı yaxşı balanslaşdırması kimi qəbul etmək olar. Amma onu da nəzərə almalıyıq ki, digər klublar futbol ictimaiyyətinin gözləntilərini doğrultmadı. İstər itirilmiş xallara görə “Qarabağ”a ən yaxın olan “İnter” və “Neftçi”, istərsə də mövsümün əvvəlində səs-küylü transferlər həyata keçirən “Xəzər Lənkəran” 16 tur ərzində ritmi heç cür tuta bilmədi.

“Bankirlər”in köhnə planı işə yaradı

“İnter”in taktikası köhnə plana əsaslanırdı - ciddi rəqiblərlə oyunlarda 1 xal qazanıb, zəiflərə qalib gəlmək. Zatən “bankirlər” üçün başqa yol da yoxdu. Nə Tsxadadzenin məşqçi savadı, nə də “İnter”in heyəti ciddi hədəflərə çatmaq üçün yetərli deyil. Çempionatda iştirak edən 9 komandanın əksəriyyətinin zəif olması “İnter”in işinə yaradı. 16 qarşılaşmadan 8-də heç-heçə edən “bankirlər” 7 qələbə qazanaraq 2-ci pillədə qərarlaşdı ki, bu da köhnə planın hələ də effektli olması anlamını verir. Əslində “bankirlər”in rəhbərliyi də çempionluğa layiq komandalarının olmadığının fərqindədir.

Qış fasiləsinə rahat yollanan “bankirlər”in yazda əhval-ruhiyyəsi yaxşı olmaya bilər. Çünki Tsxadadze artıq Gürcüstan milli komandası ilə müqavilə bağlayıb. Düzdür, gürcü çempionatın sonuna qədər “İnter”də qalacaq. Ancaq həqiqət budur ki, gürcünün bir əldə 2 qarpız tutması “İnter”in ziyanına işləyəcək. Tsxadadzenin gedəcəyi istər-istəməz komandada boşluqlar yaradacaq. Futbolçular yeni baş məşqçinin gəlişinə köklənəcək ki, bu da “bankirlər”in oyun ritminə təsir edəcək.

Bu amilləri nəzərə alsaq, “İnter”in fasilədən sonra “Qarabağ”la rəqabət aparacaq gücdə olmayacağını iddia edə bilərik. Güman ki, “İnter” çempionatın sonunda indi qərarlaşdığı 2-ci pilləni əldən verəcək. Hətta “bankirlər” ilk “üçlük”də qərarlaşmaya da bilər? Niyəsi də bəllidi.

“Neftçi” o gücdə deyil

Qış fasiləsində “Neftçi”nin heyəti gücləndirəcəyi şəksizdir. “Ağ-qaralar” 16 tur ərzində qeyri-sabit çıxışla yadda qaldı. Bunun bir ucu Arif Əsədovun futbol fəlsəfəsinə bağlıdırsa, digər ucu da heyətdəki çatışmamazlıqlara calanır. Sözsüz ki, bu çatışmamazlıqları “Neftçi” rəhbərliyi aradan qaldırmağa çalışacaq. “Ağ-qaralar” “Qarabağ”a badalaq vuracaq gücdə deyil. Amma heyət komplektləşdirilsə, ən azı fasilədən sonra “köhlən atlar”la müəyyən rəqabət aparıb, çempionata rəng qatmaq olar. Boşluqlar doldurulacağı təqdirdə, “Neftçi” asanlıqla gümüş medala yiyələnə bilər. “İnter”də yaşanan qeyri-müəyyənlik “ağ-qaralar” üçün əla fürsətdir. “Qarabağ”ın gücünü nəzərə alsaq, “Neftçi”ni çempion olmadığına görə kimsə ittiham etməyəcək. Əksinə, 2-ci pilləni tutmaq da uğur sayılacaq. Ancaq bunun üçün düzgün transfer siyasəti aparmaq, lazımsız futbolçulardan qurtulmaq üçün iradə nümayiş etdirmək vacibdir. “Neftçi”dəki lazımsız futbolçuların kimliyi isə hər kəsə, o cümlədən klub rəhbərliyinə də bəllidir.

Fərqli “Qəbələ” görəcəyik?

Fasilədən sonra ilk “üçlük” üçün təhlükəni hansı komanda yarada bilər? Baş verən dəyişiklikləri nəzərə alsaq, bu komanda “Qəbələ” olmalıdır. Yüksək şəraitə, sabit maliyyə dayağına rəğmən, “Qəbələ” fasiləyə qədər bərbad çıxış etdi. Rəhbərlik bunun günahını baş məşqçidə görüb Muntyanu ilə yolları ayırdı. Özü də vaxtında. İndi yeni baş məşqçinin - Qriqorçukun komanda quruculuğu üçün kifayət qədər vaxtı var. Həm transferlər etmək, həm də oyun fəlsəfəsini komandaya aşılamaq üçün qış fasiləsində “Qəbələ” yatmamalıdır. Ukraynalı mütəxəssis istədiyini reallaşdıra bilsə, fasilədən sonra fərqli “Qəbələ” görə bilərik. Düzdür, “Qəbələ” üçün çempionluq uğrunda mübarizə aparmaq artıq gecdi. Ancaq gümüş və bürüncə iddia etmək olar. Böyük ehtimalla fasilədən sonra elə çempionata rəng qatan, rəqabət yaradan komanda “Qəbələ” olacaq. Əyalət təmsilçisinin avrokuboklara vəsiqə əldə edəcək 4 klubdan biri olacağı da inandırıcıdır.

Ümid ona qalır ki, “Xəzər Lənkəran”ın iddiasızlığı...

Vəssalam. Digər komandalar qış fasiləsindən sonra hansısa iddia ortaya qoymaq gücündə deyil. Başqaları ilə işimiz yox, bu məqamda yalnız və yalnız “Xəzər Lənkəran”ın iddiasından geri çəkilməsi təəssüf doğurur. Azərbaycan futbolunda bu komandanın iddiasının itməsi ümumilikdə çempionatın səviyyəsinin düşməsi deməkdir. Bu, birmənalıdır. Heyəti demək olar ki, tamamilə buraxan, gənclərlə yola davam qərarı verən “ağ-yaşıllar”ın fasilədən sonra əlahiddə nəticə göstərəcəyi inandırıcı deyil. Ümid ona qalır ki, “Xəzər Lənkəran”ın iddiasızlığı yalnız bu mövsüm üçün keçərli olsun. Etiraf edək ki, bu komandanın zəifləməsi Azərbaycan çempionatının imicinə böyük təsir edir. İndi məlum olur ki, hansı komandanın nə səviyyədə güclənməsinə baxmayaraq, “Xəzər Lənkəran”ın çempionatdakı yeri əvəzsizdir.

Yerdə qalan komandalardan - “Bakı”dan, “Simurq”dan, AZAL-dan, “Sumqayıt”dan danışmağa dəyməz. Bu komandaları çempionatın qalan bölümündə heç bir təhlükənin gözləmədiyi bəllidir. Elitadan düşmək təhlükəsi yox, iddia da yox. Onda nə etmək lazımdır? Çempionatı yola vermək. Düzdür, “Simurq” rəhbərliyi iddialı olduğunu bəyan edib. Ancaq bu komandanın potensialının avrokuboklara vəsiqə üçün yetərli olmadığı aydındır. Hər kəs ayağını yorğanına görə uzatsa yaxşıdır.

16 turdan sonra nəticə çıxartmaq olar: “Qarabağ” çempion olacaq. “Köhlən atlar”ın dördnala çapmasının qarşısını kimsə ala bilməz. Təbii ki, “Qarabağ”lılar özləri özlərinə mane olmasalar. Bunun üçün isə hansısa səbəb yoxdur. Elə isə “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edək. Azərbaycan çempionatı qışda bitdi. “Qarabağ” çempiondu. Təbriklər, “Qarabağ”!

Natiq Muxtarlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR