Heydər Əliyev adına İdman Sarayında mühafizə gücləndirilir
Bizi izləyin

İdman

Heydər Əliyev adına İdman Sarayında mühafizə gücləndirilir

Avropa Oyunları ilə bağlı 7800 tamaşaçı tutumuna malik Heydər Əliyev adına İdman Sarayında daha bir yenilik edilib.

Əsasən test yarışlarının da keçirildiyi arenada yeniliklər hər kəsi təəccübləndirib. Müasir standartlara cavab verən arenada yenidənqurma və əsaslı təmir işləri görülüb. 1977-ci ildə inşa edilən Heydər Əliyev adına İdman Sarayında Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar görülən rekonstruksiya işləri fevralda tamamlanıb. Avropa Oyunları ilə əlaqədar aparılan təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Tacşəkilli olan fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb.

Daha bir yenilik...

Ancaq sarayda bu yaxınlarda daha bir yeniliklər olub. Bu barədə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Obyektlərin idarə olunması şöbəsinin mütəxəssisi İlkin Babayev Publika.az-a məlumat verib. O bildirib ki, yoxlama məntəqələrinin strukturu dəyişdirilir, təhlükəsizlik işləri daha da gücəndirilir:

“Bundan əlavə, maşınlar üçün olan yoxlama məntəqəsini söküblər. Yaxın günlərdə yenidən hazırlayacaqlar. Bunlar tam hazır olduqdan sonra yəqin ki, biz dövlət mühafizə orqanları ilə təlim olacaq.

Mühafizənin necə olacağı barədə treninq olacaq. Məsələn daxili qoşunlar çəpərin yanında dayanacaq. Bundan əlavə mühafizədə harada boşluqların olduğuna baxacağıq. Həmin boşluqları doldurmağa çalışacağıq”.

Xatırlatma...

Birinci Avropa Oyunları zamanı burada cüdo, sambo və güləş yarışları keçiriləcək.

Cüdo üzrə yarışlar iyunun 25-28-də baş tutacaq. Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlarda 350-dən çox cüdoçu iştirak edəcək. Kişi və qadın idmançılar fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Çoxsaylı idman oyunlarından birincisidir ki, ilk dəfə Avropa miqyasında gözdən əlil idmançılar arasında da cüdo yarışı keçiriləcək.

Sambo yarışları iyunun 22-də Heydər Əliyev adına İdman Arenasında kişi və qadınlar arasında 8 ayrı çəki üzrə keçiriləcək. Ümumilikdə 70-dən çox idmançı 8 medal dəsti uğrunda mübarizə aparacaq.

Güləş yarışları iyunun 13-18-də baş tutacaq. Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarında 480 kişi və qadın güləşçi 24 müxtəlif çəki kateqoriyası üzrə yunan-Roma və sərbəst güləş üslublarında mübarizə aparacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm