Həftənin iqtisadi mənzərəsi – Vəziyyət ruscadır
Bizi izləyin

Ekopublika.az

Həftənin iqtisadi mənzərəsi – Vəziyyət ruscadır

Həftənin iqtisadi mənzərəsi - Vəziyyət ruscadır

Yola saldığımız həftə dünya iqtisadiyyatının əsas mövzusu “Naftoqaz” “Qazprom” və Avropa Komissiyası arasında keçirilən üçtərəfli görüş oldu. Ukraynanın mavi qaz təchizatına görə olan borcu, qiymətlərin endirilməsi müzakirələrin əsasını təşkil etsə də, bir nəticəyə gəlinmədi. Əvəzində Rusiya prezidentinin köməkçisi Dimitriy Peskov bildirdi ki, Ukrayna özünü yaxşı aparsa, danışıqlar davam edəcək.

Başlayaq Avropadan. Portuqaliya beynəlxalq maliyyə dəstəyi proqramı çərçivəsində 2,6 milyard avroluq son yardım paketini rədd edib. Xatırladaq ki, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə 2011-ci ilin may ayında əldə olunan razşılaşmada kəmərsıxma siyasətini artırması, islahatları sürətləndirməsi şərtiylə Portuqaliyaya 78 milyard avro yardım nəzərdə tutulurdu. Lakin Konstitusiya Məhkəməsi tərəfindən təqdim edilən son kəmərsıxma siyasəti müsbət qarşılanmadığından bu paket təxirə salındı.

Daşınmaz əmlak qiymətlərinin od püskürdüyü və növbəti maliyyə böhranına gətirib çıxaracağı yönündə gözləntilərin artdığı İngiltərədə işsizlik nisbəti aprel ayında 6,6 faizə düşüb. Beləliklə, ölkədə işsizliklə bağlı son beş ilin ən aşağı rəqəmi qeydə alınıb.

İngiltərə Statistika Ofisinin açıqladığı hesabata görə, ölkədə işsizlərin sayında 161 min nəfər azalma baş verib. Bu rəqəm 2 milyon 160 minin ətrafında reallaşıb. İngiltərədə rəsmi işləyənlərin sayı 345 min artaraq 30 milyon 500 min nəfər təşkil edib. Bu arada ölkənin Mərkəz Bankı göstərici faiz nisbətini iş qüvvəsi bazarında vəziyyət yaxşılaşana qədər 0,5 faiz səviyyəsində saxlayacağını açıqlayıb.

Girişdə qeyd etdiyimiz kimi, Rusiya ilə Ukrayna arasında mavi qaz böhranı həftənin gündəmini təşkil etdi. İki ölkənin rəhbərliyinin deyişməsi aşıq məclisini yalan etdi. Deməli, Ukrayna hökuməti qazın ixrac qiymətinin endirilməsini tələb etdi. Eləcə də 18 ay üçün qazın 1000 kubmetrinin dəyərini 326 dollardan ödəməyə hazır olduğunu söylədi. Prezident Vladimir Putin od püskürərək “Qazprom”un Ukraynaya qazı Viktor Yanukoviçin zamanında olduğu qiymətə – endirimlə 385 dollara satdığını dedi. Əlavə etdi ki, Rusiya 2010-cu ildə imzalanan və 2019-cu ilə qədər qüvvəsi olan müqaviləyə qayıdılmasını istəyir. Bu müqaqvilədə 1000 kubmetr qazın qiyməti 385 dollar nəzərdə tutulur. Putin həmçinin Ukraynanın iyunun 26-na qədər 2,3 milyard dollar ödəməli olduğunu bildiridi.

“Qazprom” rəhbəri Aleksey Miller isə alverçi yanaşması ilə məsələyə müdaxilə etdi. Dedi ki, yer göy dağılsa da, iyunun 16-da hesablarında 1,951 milyard dolları görməlidirlər: “1000 kubmetr üçün 385 dollar obyektiv qiymətdir və Avropa Komissiyası tərəfindən dəstəklənir.

Avropa Komissiyasının rəhbəri Qyunter Ettinqet öznövbəsində tərəflərin qazın təchiz qiyməti ilə bağlı 12-15 aylıq razılaşmaya gəlinməsinin vacibliyini dilə gətirdi.

İki slavyan arasında qaz krizi dərinləşdikcə, Cənub-Şərqi-Avropa ölkələri havalar soyuyana qədər başlarına çarə qılmağın dərdinə düşüblər. “Cənub Axın” xətti yenidən gündəmə gəlib. Düzdür, Avropa Komissiyasının təzyiqlərindən çəkinən Cənub-Şərqi-Avropa dövlətlərinin bəziləri bu istiqamətdə müzakirələri təxirə salıblar.

Konkret olaraq, Bolqarıstanın baş naziri Plamen Oreşarski bildirib ki, işlər Avropa Komissiyasının təsdiqini almadan davam etməyəcək.

Bu arada Bolqarıstanın ardınca Serbiya hökuməti də Rusiyanın “Cənub axını” qaz kəmərinin tikintisini təxirə saldığı söylənsə də, bu, təsdiqini tapmadı. Serbiya Sofiya hökuməti ilə eyni qərarı aldığını yalanladı. Ölkənin baş naziri Aleksandar Vucicin açıqlamasına görə, serb hökuməti belə bir qərar verməyib: “Mənim bildiyim qədər ,“Cənub Axın” üzərindəki işlər davam edir. Bir dəyişiklik olsa, hökumət xəbərdar edər".

İldə təxminən 63 milyard kub metr təbii qaz ötürmək gücünə sahib olacaq “Cənub Axın” xətti Rusiya qazını Qaradənizin altından keçərək, Cənub-Şərqi Avropaya çatdırmağı nəzərdə tutur.

İş dünyası

İraq Şam İslam Dövlətinin Mosulu işğal etməsi neftin qiymətinin son 9 ayın ən yüksək səviyyəsinə yüksəlməsi ilə nəticələndi. Belə ki, brent tipli xam neftin bareli həftə ərzində 113,27 dollar oldu. Amerikanın xam neftinin bareli isə 106 dollara yüksəldi.

Onu da bildirək ki, İraq OPEC-in ikinci böyük neft ixracatçısı mövqeyindədir.

Kredit dərəcələndirmə təşkilatı “Fitch Ratings” Cənub Afrikanın BBB olan kredit notunu təsdiqləyərkən qeyd görünüşünü “sabitdən” “mənfiyə” endirib. Bu qərarına səbəb olaraq ölkədə ümumi daxili məhsulun azalmasını göstərib.

Təşkilat Cənub Afrikanın 2014-cü il üçün milli gəlirləri ilə bağlı artım proqnozlarını 2,8 faizdən 1,7 faizə, 2015-ci il üzrə proqnozlarını isə 3,5 faizdən 3,0 faizə endirib.

Bir tərəfdə Ukrayna, digər tərəf də Avropa. Hər kəs səfərbər olub rusun şikətinə qarşı səlib yürüşünə çıxıb. Konkret “Qazprom” “Lietuvos Dujos et Amber Grid”də olan hissələrini 132.8 milyon avroya satmağı qərarlaşdırıb. Şirkət bu addımı may ayının sonunda Litvanın “Lietuvos Dujos” qaz paylaşdırıcı şirkətində 38.9 faiz payı olan EON-nin hissələrini satın almaqla “Qazprom”un ölkədəki monopoliyasını azaltmasına, rəqabət sistemini təkrar idarə altına almasına cavab olaraq atır. Düzdür, hələlik müştəri tapılmayıb. Amma Aleksey Miller müəllim qərar verdisə, bu da olar.

Dünya fond bazarlarında da vəziyyət ruscadır. Amerika fond bazarında Dow Jones indeksi 0,60% -16 845 bəndədək, NASDAQ 0,14% - 4 332 bəndədək, S&P 500 0,35% -1 944 bəndədək azalıb.

Avropa fond bazarlarında Almaniya DAX-ı 0,79% - 9 950 bəndədək, Fransa CAC-40-ı 0,87% - 4 555 bəndədək, FTSE 100 indeksi 0,50% - 6 839 bəndədək azalıb. COMEX-də qızılın bir unsiyası dəyişməyərək 1 261,2 dollara bərabər olub.

Azərbaycan

Gəldik çatdıq bol-bəhrəli, naz nemətli ölkəmizə. Tanrının kefinin yaxşı zamanına düşdüyümüzdən, şükür Allaha, qazımız da var, neftimiz də. İqtisadiyyatımız o qədər sürətli inkişaf xətti götürüb ki, hətta yavaşlamağı belə düşünürük. Həftə ərzində bəlli oldu ki, Azərbaycanda ictimai nəqliyyatda kart sisteminin tətbiqi 2015-ci ilin əvvəlində başa çatacaq, ARDNŞ-nin Dövlət Sosial Müdafiə Fonduna ödənişlərini 16% azalıb, əhalinin banklardakı əmanətlərinin 41%-dən çoxu qorunmur, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 14% çoxalıb, Banklar 16,2 milyard manat borc veriblər, iqtisadiyyata yönəldilən hər 100 manatın 5,5 manatı geri qayıtmayıb, Ümumi Daxili Məhsul 2,8 faiz artıb, ilin əvvəlindən bu tərəfə tikintiyə hər ay 1 milyard manat xərclənib, son 10 ildə Azərbaycanda nəqliyyat infrastrukturuna 20 mlrd. dollar sərmayə qoyulub.

Söz nəqliyyatdan düşmüşkən, nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, 10 ildə xərclənən 20 milyard dəmir yollarının genişləndirilməsi, yeni yolların salınması və mövcud yolların yenidən qurulması, yeni hava limanlarının tikilməsinə, yeni hava gəmilərinin alınması, bir sözlə, nəqliyyatın bütün sahələrinə yatırılıb. O deyib ki, son ildə ölkədə 9 mindən artıq avtomobil yolu qurulub və yenidən bərpa olunub.

O da bəlli olub ki, gələn il istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tiflis-Qars dəmir yolunda sərnişinlərin gediş haqqına dair məsələlər hazırda müzakirə olunur. Təyyarə ilə müqayisədə qatarla gediş haqqı daha ucuz olacaq.

Nazir müavini əlavə edib ki, bu ilin oktyabrında ilk işçi qatar Türkiyə ilə sərhədə qədər gedəcək: “2015-ci ildə üç ölkə arasında xətləri birləşdirəcək və hərəkəti təşkil edəcəyik”.

Mərkəzi Bank isə bank sistemində depozitlərin həcminin azalması, zərərlə işləyən bankların sayının artması ilə mətbuatda yer alan informasiyalara münasibət bildirdi. Qeyd etdi ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir. Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunan azalma sistem xarakteri daşımayıb. May ayında bankların depozitlərinin həcmi bərpa olunub. Aprel ayındakı azalmanı üstələyib.

Bütövlükdə isə, son on ildə depozitlərin həcmi orta illik 40%, 2013-cü ildə 25%, cari ilin beş ayında 5% artıb.

Zərərlə işləyən bankların sayının artımı isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olub. MB-nın əsaslandırmasına görə, bu, bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin nəticəsidir.MB-nın açıqlamasına görə, bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır.

Beləcə, daha bir həftəni yola saldıq. Futbol yarışlarının hay-küyündən bezən qadın cinsinin bütün nümayəndələrinə səbr diləyi ilə hər kəsə xoş istirahətlər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm