Afaq Gəncəlinin təmtəraqlı ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Layihə

Afaq Gəncəlinin təmtəraqlı ziyafət libasları - FOTOLAR

Cazibədar aparıcı Afaq Gəncəli stilinə xüsusi önəm verən məşhurlar sırasına daxildir. Aparıcı illərdir efirdə olmasına baxmayaraq, özünəməxsus tərzi ilə insanları təəcübləndirməyi və onların qəlbinə yol tapmağı bacarıb. Publika.az-ın "Qarderob" layihəsinin bu sayında teleaparıcı Afaq Gəncəlinin geyim stilini təhlil edəcəyik.

Karyerası ərzində teleaparıcı ampulasını bir neçə dəfə dəyişib.Hər gün efirdə olan aparıcı dəb qaydalarını dərindən mənimsəyib. Rənglərin harmoniyasından məharətlə istifadə edən aparıcı illər ərzində özünə yaraşan rəngləri və fasonları seçməkdə ustalaşıb.

Dəblə ayaqlaşan, heç bir trendi nəzərdən qaçırmayan Afaq Gəncəlinin geyim tərzi müasir klassikaya daha yaxındır. Aparıcı müsahibələrində dəfələrlə sərbəst geyinməyi, geyimlərində rahatlığı çox sevdiyini desə də, onu, adətən, təmtəraqlı və parıltılı ziyafət libaslarında görürük.

Aparıcının alış-veriş etməyi xoşlasa da, bunun üçün vaxtı yoxdur. Amma dəbi yaxından təqib edir, heç bir trendi buraxmır. Aparıcının sözlərinə görə, geyimlərinə orta hesabla 700 manatdan çox pul xərcləyir. Geyimdə əsasən, keyfiyyətə fikir verir.

Afaq Gəncəli gözəlliyini ön plana çıxaran, qüsurlarını örtən paltarları ustalıqla seçir. Onun qarderobunda qısa paltarlara çətin rast gələ bilərsiniz. Belə ki, aparıcı uzun və midi donlara daha çox tünlük verir. Boyu çox hündür olmasa da, krujeva, yarıqlı və fərqli kəsimləri ilə diqqətçəkən uzun qiyafələri onun əynində çox effektli görünür. Mini ətəkləri sevməyən aparıcı sinə dekoltesiylə kifayətlənir. Amma burada əndazəni aşıb ifrata varmır.

Cazibədar aparıcı müsahibəsində etiraf edib ki, qarderobunda ucuz geyimlər də çoxluq təşkil edir:

“Brend geyimlər geyinirəm, amma qarderobumda ucuz geyimlərim də var. Onları elə bəh-bəhlə geyinirəm ki, hamının xoşuna gəlir. Yalan nə danışım, brend geyimlərim də var, adi geyimlərim də. Ən bahalı paltarımın qiyməti beş mindir. Ucuz da ki, dediyim kimi, 30-40 manatlıq geyimlərdir”.

Geyinməkdən çəkindiyi rəng yoxdur. Ancaq tünd rəngləri daha çox sevir. Azərbaycanın stil ikonası adını qazanmaqda iddialı olan bu xanım qara rəngə daha çox müraciət edir. Həmin rəng aparıcının cazibəsini xüsusi ilə vurğulayır. Yeri gəlmişkən qeyd edək ki, qara rəngi seçən insanlar həmişə mübarizəyə hazır, alovlu, ehtiraslı olurlar. Lakin ağ da cazibədar aparıcıya çox yaraşır. Ağ rəngli donlar aparıcının təbii qarabuğdayı dərisinin fonunda əla görünür.

Ayaqqabı məsələsinə gəldikdə, Afaq Gəncəli geyimlərini dikdaban ayaqqabılarla tamamlayır. Onu yastıdaban və ya idman ayaqqabılarında ancaq idman zalında görə bilərsiniz. Hündür görünməyi xoşlayan aparıcı gündəlik həyatda da, adətən, dikdaban ayaqqabılar geyinir.

Hansı tərzdə və rəngdə olmasından asılı olmayaraq, Afaq Gəncəli maraqlı görünə bilir. Bunu isə aksessuarların sayəsində edir. Böyük kolyelər, üzüklər və sırğalar ən adi geyimi belə darıxdırıcı olmaqdan xilas edir. Geyimini ona uyğun olaraq müxtəlif rəngli yarıqiymətli və qiymətli daşlarla bəzədilmiş zinət əşyaları ilə vurğulayır.

Saçlarındakı eksperimentlər də uğurlu alınır. Eyni saç stilində gəzməkdən bezən ulduz saç kəsimini tez-tez dəyişdirir. Hətta dünən qısa saçlarda qarşımıza çıxan məşhur aparıcını bu gün efirdə uzun saçlarda və başqa saç rəngində görə bilərik. Efirdə fərqlənməyə çalışan aparıcı saç rəngini də tez-tez dəyişir. Saçlarında sarı, qəhvəyi, qızılı, qara və.s rəngləri sınaqdan keçirsə də, sarı saçlar aparıcının üz quruluşuna və dəri rənginə daha çox yaraşır. Retro və Hollivudsayağı dalğalar da aparıcının zərifliyini vurğulayır.

Geyimdə təmtərağı sevən aparıcı makiyajda da parıltıya qaçır. Əsas diqqəti gözlərinə ayırır. Həcmli dodaqlarını isə bej və çəhrayı tonları ilə vurğulamağı xoşlayır. Lakin aparıcının makiyajının hər zaman uğurlu alındığını deyə bilmərik. Afaq Gəncəlinin daim efirdə olduğu üçün baxımlı görünmək və makiyajdan çox istifadə etmək məcburiyyətində olduğunu başa düşmək olar. Lakin xatırladaq ki, dünyanın ən tanınmış makiyaj ustaları son illərdə təbiiliyin dəbdə olduğu barədə bar-bar bağırırlar. Gözəl üz cizgilərinə malik olan aparıcının öz üzünü rənglərin hücumuna məruz qoyması qətiyyən xoşa gəlmir.

Sonda aparıcının saysız-hesabsız dəbdə olan geyimlərini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm