• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hollivudun 39 yaşlı sarışın gözəlinin stili – FOTOLAR

  • Layihə
  • 9 Aprel 2015 14:10
  • 3 183 Baxış
Hollivudun 39 yaşlı sarışın gözəlinin stili – FOTOLAR

Bir qadın həm gözəl, həm intellektual, həm də təmizqəlbli ola bilərmi? Amerikalı aktrisa Riz Uizerspun sübut edir ki, bu, mümkündür. 39 yaşlı cazibədar aktrisa gözəlliyilə bir çox Hollivud filmini baxımlı edib. İntellektinə isə söz ola bilməz, uşaqlıqdan bəri kitablara qarşı böyük sevgisi olan Rizin indi böyük bir kitabxanası var. 11 yaşında "Amerikanın gənc istedadları" müsabiqəsinin qalibi olub.

Aktrisa tez-tez müəyyən xeyriyyə təşkilatlarına pul yardımı edir. Heyvanları çox sevir.

Onun ilk filmi 1991-ci ildə təqdim edilən "The Man in the Moon" olub. Sonrakı illərdə isə seriallarda rol alıb.

"Election" filmiylə ürəkləri fəth edib və "Qızıl qlobus"a namizəd olub. 2005-ci ildə "Walk the Line" filmindəki möhtəşəm oyununa görə "Oskar"ın "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülüb, üstəlik, "Qızıl qlobus"un da sahibi olub.

Aktrisa "Cruel Intentions" filmində tərəf müqabili olan aktyor Rayan Filliplə 1999-cu ildə ailə qurub. Bu evlilikdən cütlüyün iki övladı - Eva və Dikon dünyaya gəlib. Təəssüf ki, bu evlilik 2007-ci ildə boşanma ilə nəticələnib.

Boşandıqdan 2 il sonra sevgilisi Cim Tot ilə ailə qurmağa qərar verib. Cim Tot barədə rəfiqələrinə "O, mükəmməl bir insandır. Nəhayət, xəyallarımdakı kişini tapdım", - deyən Riz sevgilisinin uşaqlarıyla da yaxşı anlaşdığını nəzərə alaraq heç düşünmədən evlənmə təklifini qəbul edib. Cim Tot prodüserdir, o gənc istedadları axtarıb tapır və onları populyarlaşdırır. Bu möhtəşəm cütlük xoşbəxt evliliklərini indiyə kimi davam etdirməyi bacarıblar. Hələ uzun illər onları birlikdə, əl-ələ görəcəyik.

Buna əminik, çünki Riz Uizerspun ailəsinin xoşbəxtliyi üçün karyerasını ikinci plana ata biləcəyini etiraf edir.

Bu dəfə "Onların stili" layihəsində bu gözəl və zərif xanımın stil sirlərindən bəhs edəcəyəm.

"Legally Blonde" filmində canlandırdığı obraz kimi Riz özü də çəhrayı rəngə pərəstiş edir. O, hətta toyunda da ənənələri pozaraq ağ əvəzinə çəhrayı rəngli gəlinlik geyinib.

В платье Stella McCartney

Elə qırmızı xalıda da onu tez-tez çəhrayı rəngin müxtəlif çalarlarında olan ziyafət libaslarında görürük.

Göy, ağ, qara, qırmızı, narıncı, sarı kimi rənglər də diqqətindən yayınmır. Saçları sarı olduğu üçün demək olar ki, ona hər rəng yaraşır.

Adətən tək rəngli və ya ikirəngli libaslara üstünlük verir. Sinə dekoltesiylə kifayətlənir. Ayaqları gözəl olsa da, maksi və midi donlar geyinir.

Belini vurğulayan, balıq siluetli ziyafət libasları qarderobunda çoxluq təşkil edir. Saya paltarları daha çox sevsə də, arada bir stilinə rəng qatmaq üçün gipürlü, biserli, pulcuqlu libaslar da geyinir.

Платье Calvin Klein Collection

"Jimmy Choo", "Cristian Louboutin", "Sain Laurent", "Manolo Blahnik" ən sevdiyi ayaqqabı brendləridir.

Платье Self-Portrait, лодочки Christian Louboutin

Geyimində olduğu kimi ayaqqabı seçimində də parlaq rənglərə üstünlük verməkdən çəkinmir.

Burnu açıq, hündürdabanlı ayaqqabılarda özünü çox seksual hiss etdiyini deyir.

Etiraf etmək lazımdır ki, Rizin küçə stili daha çox bəyənilir. Gündəlik həyatda "casual" stildə geyinməyi xoşlaya ulduz bir-birindən şıq kombinləriylə gözəl görünmək istəyən xanımlara ilham verir.

Ботильоны Saint Laurent, сумка Bally

Köynəklər, rahat koftalar, klyoş ətəklər, iri çantalar, dəbli şapkalar onun stilinin vaz keçilməzləridir. Maraqlıdır ki, gecə mərasimlərində maksi və midi libaslardan vaz keçməyən Riz gündəlik həyatda ayaqlarının gözəlliyini nümayiş etdirən mini ətəklər geyinir.

Топ Rag & Bone, юбка Giambattista Valli, очки Thierry Lasry, сумка Lanvin, ботильоны Aquazzura

Rizin küçə tərzinin üstünlüyü ondadır ki, ən ucuz mağazalardan alış-veriş edən qadınlar belə onun üzərindəki geyimlərə oxşar paltarlar tapa bilirlər. Çünki o, qeyri-adi heç nə geyinmir, hər kəsin qarderobunda olan köynək, ətək və ya şalvarı kombinə edir. Ancaq maraqlısı odur ki, hər şeyi özünə yaraşdırır və rəngləri düzgün uyğunlaşdırır.

Riz qırmızı xalıda gözəlliyinin ikinci plana keçməsini istəmir. Ona görə də digər Hollivud ulduzlarından fərqli olaraq dəbdəbəli zinət əşyalarından uzaq durur. Sadəcə, hərdən qulağına kiçik və zərif brilyant sırğalar taxır.

Gündəlik həyatda isə onun ən vaz keçilməz aksessuarı günəş eynəyidir. Aktrisa demək olar ki, günəş eynəyi olmadan evdən çıxmır. Qəhvəyi və qara rəngli eynəkləri çox sevir. Təbii ki, günəş eynəklərinə olan meyli sadəcə stilini tamamlamaq və şıq görünmək məqsədi daşımır. 39 yaşlı aktrisa bu yolla həm də gözlərinin ətrafının qırışmasının qarşısını alır.

В топе и юбке Monica Rose for Lovers + Friends, босоножки Kate Spade, сумка Maiyet Peyton

Spagetti, pivə, hamburger və fast-food qidaları çox sevdiyini bildirən aktrisa həmişə formada görünür. O, heç vaxt idman salonuna getmədiyini deyir. İdeal kiloda qalmağını at çapmağa və yoqaya borclu olduğunu vurğulayır.

Üz baxımında təbii məhsullara üstünlük verən Riz boyadan istifadə etdiyi üçün saçlarının korlandığını etiraf edir. Əvvəllər qaraşın olan aktrisanı uzun illərdir ki, sarışın görürük. O, saçlarını boyanın və saç fenin təsirindən qorumaq üçün bir çox təbii yağlardan istifadə etdiyini deyir.

Saç Riz üçün çox önəmlidir. O, saçın insanı bir anda daha gözəl göstərə biləcəyini düşünür. Ona görə də saçlarına müxtəlif formalar verməyi xoşlayır. Dalğalı, düz, toppuz və retro saç modellərinə tez-tez müraciət edir.

Riz Uizerspunun makiyaj stili də xanımlar tərəfindən tez-tez nümunə götürülür. Xüsusilə sarışınlar bu xanımın makiyaj tərzindən ilham ala bilərlər. Aktrisa gözlərini vurğulamağı xoşlayır. Bunu bəzən mavi, bəzən də qəhvəyi göz kölgəsiylə edir. Qırmızı dodaq boyası çəkdikdə isə gözlərinə sadəcə layner çəkir.

Ən sevdiyi rəng çəhrayı olduğu üçün dodaq boyasında da bu çalarlara üstünlük verir. Geyiminə uyğun olaraq narıncı, gavalı rənglərində olan dodaq boyalarına da müraciət edir.

Süni kirpikdən istifadə etmir, odur ki, tuş sevimli kosmetika vasitəsidir. Yanaqlarını isə çəhrayı və ya şaftalı çalarlarındakı ənliklərlə rəngləndirir.

Gözəl ulduz xanımların ən sevimli brendlərindən olan "Avon"un siması olub. Hətta brendlə əməkdaşlığı çərçivəsində satışa 4 növ ətir də buraxıb.

39 yaşında olmasına baxmayaraq, gözəlliyini qoruyub saxlayan və stil ikonası adına layiq görülən Riz Uizerspunun tərzini əks etdirən ən yaxşı fotolarını toplamışam. Baxın və ilham alın!

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR