• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gülay: “O kişilər çox yüngül görünürlər” – Fotolar

  • Layihə
  • 17 Fevral 2015 10:51
  • 1 637 Baxış
Gülay: “O kişilər çox yüngül görünürlər” – Fotolar

Tabloid.az-ın "Kokteyl" layihəsinin bu həftəki qonağı Azərbaycan səhnəsində xanım-xatınlığı ilə seçilən Gülay Zeynalovadır. Gülay Zeynalova geyim üslubu və şəxsi həyatı haqqında bəzi məqamları bizimlə bölüşüb.

- Son zamanlarda məşhur xanımlar ehtiyac oldu-olmadı gözəlləşmək naminə cərrah masasına əyləşməyə can atırlar. Sizin üzünüzdə hansısa dəyişiklik etmək fikriniz var? Ümumiyyətlə, plastik əməliyyatlara münasibətiniz necədir?

- Yox, mənim plastik əməliyyat etdirmək fikrim yoxdur. Gözəlləşmək naminə estetik əməliyyat etdirənlərə pis baxmıram. Ehtiyac olmadığı halda plastik əməliyyat keçirmək isə əlbəttə ki, müsbət hal deyil. Yenə də hər kəsin öz işidir, özü bilər.

- Həyat yoldaşınız sizə geyimdə qadağalar qoyur?

- Kamil geyim stilimi bildiyi üçün mənə belə bir qadağa qoymayıb. Hər bir həyat yoldaşı kimi nəyin yarışıb-yaraşmadığı mövzusunda fikirlərini bildirir. Açıq-saçıq, hədsiz dekolteli paltarlar geyinmədiyim üçün belə bir problemimiz olmayıb.

- Geyim seçərkən ən çox nəyə fikir verirsiniz?

- Klassik və şıq geyimləri daha çox bəyənirəm. Mağazada alış-veriş edəndə klassik olmasına fikir verirəm.

- İndi kişilər də özünə çox fikir verir, aksessuardan və bəzək-düzəkdən çox istifadə edir. Bu cür kişilər sizdə qıcıq yaratmır ki?

- Kişilər də, qadınlar da birmənalı olaraq səliqəli olmalıdır. Amma qaşlı-muncuqlu aksessuarlar taxan kişilər yüngül görünürlər. Onların oriyentasiyası şübhə altına düşür. Bəzək-düşək xanıma yaraşar. Şəxsən, mən qəbul edə bilmirəm. Amma başqasının həyatına müdaxilə etməyi və qarışmağı sevmədiyim üçün artıq şərh verməyəcəyəm. Hərənin öz həyat tərzi var və bu həyatdan mən cavabdeh deyiləm.

- Həyat yoldaşınıza geyim seçimində məsləhət verirsiniz?

- Yox, çünki o, adətən idman geyimində olur. Həm də özü zövqlü insandır.

- Şou-biznesdə qalmaqal çox olur, həm də məşhur xanımsınız. Bundan başqa, həyat yoldaşınızın da işindən dolayı xanım tanışları çox olur. Bütün bunlara baxmayaraq, sizi hər zaman sakit və təmkinli görünürük. Necə belə təmkinli ola bilirsiniz?

- Çox səbirli insanam, Allah hər zaman səbirli olmağa, hirsimi boğmağa yardım edir. Amma səbir kasamın dolub-daşan vaxtları da olur. Onda mənim üzümü heç kim görməsə, yaxşıdır. Çünki elə anlarda özümdən çıxıram.

- Aranızda heç qısqanclıq üstündə mübahisələr düşmür?

- Ağıllı qadınlar hər xırda məsələdən ötrü ailədə mübahisə düşməsinə yol vermir. Həm də özümə hər zaman səbirli olmağı təlqin edirəm. Mümkün qədər bu kimi halları yaşamamağa çalışırıq. Bir-birimizə çox inanırıq. Bundan əlavə tanış olanda o da, mən də hansı sənətlə məşğul olduğumuzu bilirdik.

- Kamil bəy bu səbrinizdən istifadə edir?

- Düzü, hərdən səbirli olmağından istifadə edir. (Gülür)

- Həyatınızda və karyeranızda nəyi dəyişmək istəyərdiniz?

- Şükür olsun ki, ailəmdə və sənətimizdə hər şey yaxşıdır. Ancaq yaxşılığa doğru dəyişilməsini istərdim.

- Daha bir övlad sahibi olmağı planlaşdırırsınız?

- Ana olmaq planlaşdırımır, bu, Allahın qismətidir.

- Çoxuşaqlı ailənizin olmasını istərdinizmi?

- Uşaq böyük məsuliyyət tələb edir. O, məsuliyyətin altından çıxa bilməyəcəksənsə, dünyaya çox uşaq gətirməyin tərəfdarı deyiləm. Uşaq böyütmək əziyyətli işdir. Amma böyüyəndən sonra anaya, ataya çox dəstək olurlar. Müasir dövrdə ailələr ən çox iki uşaqla kifayətlənirlər.

- Qayınana ilə yaşamağın müsbət tərəfləri nələrdir?

- Evdə böyüyün olması çox müsbət haldır. Övladımı böyütməkdə və tərbiyəsində mənə çox dayaq olur. Qızım nənəsinin yanında olanda daha rahat oluram.

- Yəni, qayınananızın verdiyi tərbiyədən razısınız?

- Əlbəttə ki, başqa cür ola bilməz. Dayələrə etibar edə bilmirəm.

- Qayınananızla necə yola gedirsiniz?

- Qayınana ilə gəlinin münasibəti evin kişisindən asılıdır. Həyat yoldaşım çalışır ki, biz həmişə mehriban olaq. Biz özümüz də bir-birimizə çox hörmət edirik.

- Sizcə, sevib ailə quranların, yoxsa valideyn məsləhəti ilə ailə quranların evliliyi uğurlu alınır?

- Hər iki variantda nümunəvi və uğurlu alınmayan evliliklərə rast gəlmək olar. Əslində bunu, əvvəlcədən müəyyənləşdirmək olmur. Biz 3 bacıyıq, 3-müz də sevib ailə qurmuşuq. Valideyn məsləhəti ilə ailə quran və xoşbəxt olan cütlüklər, eyni zamanda illərlə bir-birini sevib evlənən və boşanan cütlüklər də var. Qismətdir...

- Qadın, kişi və ya dost fərqi yoxdur, xəyanəti bağışlamağı bəziləri müdriklik, bəziləri isə axmaqlıq kimi qələmə verirlər. Siz bu barədə nə düşünürsünüz?

- Xəyanət bir qadının yaşadığı ən dəhşətli hadisədir. Bütün hallarda münasibətim pisdir, mən heç vaxt bağışlamaram. Evli insanlar üçün ümumiyyətlə, yolverilməzdir.

- Xoşbəxt evlilik həyatının sirri nədir?

- Hər iki tərəf səbirli olmağı bacarmalıdır. Xoşbəxtliyin birinci şərti səbirli olmaqdır. Məsələn, elə insanlar var ki, ailə daxilindəki problemlərə heç 2 gün tab gətirə bilmir. Həm də ailənin problemləri, sirri evdən bayıra çıxmamalıdır. Qızlar bunu qulağına sırğa eləməlidirlər. Sevgidən əlavə hörmət də olmalıdır. Hörmətin mövcud olmadığı yerdə sevgidən söhbət gedə bilməz.

- Məşhur simaların uşaqları adətən çox ərköyün olur. Siz öz qızınızı ərköyün böyüdürsünüz?

- İlk övladım olduğu üçün ərköyünlük var, amma həddi aşmamağa çalışıram. Böyüyəndən sonra mənim məşhurluğuma güvənməyini və istifadə etməsini istəməzdim. Ümumiyyətlə, uşağıma yox deməyi bacaran valideynlərdənəm.

- Toy məclislərində çox iştirak edirsiniz. Sizi müasir Azərbaycan toylarından narazı salan məqam hansıdır?

- Hər toya getmirəm, kübar və mədəni ailələrin toylarında iştirak edirəm. Toylarımız müasirləşsə də, sadiq qaldığımız adət-ənənələr hələ də yaşayır. Məsələn, əvvəllər xına gecələri kiçik məclis şəklində evdə qeyd olunurdu. İndi isə xına daha maraqlı keçirilir. Qızlarımız milli geyimlər geyinir, onun unudulmamasına çalışırlar. Bu təqdirəlayiq hadisədir.

- Ən pis xüsusiyyətiniz hansıdır?

- İnsanlara çox tez inanıram. Hər kəsi özüm kimi bilirəm.

- Yəqin, sizi aldatmaq çox asandır.

- Yox, insanın üzünə baxan kimi tanıya bilirəm. Amma özünü mələk kimi qələm qələmə verən insanların səmimiliyə hərdən aldanıram.

- İnsanların əsl üzünü görəndən sonra cavabını verirsiniz?

- Çox dərinə getməyi xoşlamıram, amma bəzən vəziyyət bunu tələb edir. Mənə zərər vermək istəyənlərin, incidən insanların cavabını necə lazımdırsa verə bilirəm. Lazım olan anda sərt davranmaq məcburiyyətində qalıram.

- Gözəl görünmək və onu qorumaq üçün nə edirsiniz?

- Evdə özümə xüsusi qulluq göstərməyə vaxtım olmur. Ona görə də gözəllik salonlarına gedirəm. Geyim-kecimimə fikir verirəm. Gənc olmağıma baxmayaraq, tanınır və sevilirəm. Getdiyim hər yerdə insanların diqqətini hiss edirəm. Bu diqqəti qorumaq üçün özümə daha yaxşı baxmalıyam, o sevgimi doğrultmalıyam. Həm də gözəl görünəndə qadın özünü daha yaxşı və özünə inamlı hiss edir. Xanımlar hər zaman gözəl görünməyə can atmalıdır. Öz həmcinslərimi gözəl görmək məni ruhlandırır.

- Belə çıxır ki, qazandığınız pulun çox hissəsini geyimlərə xərcləyirsiniz?

- Gözəllik qurban tələb edirsə, xəsislik etməyin yeri yoxdur. Bütün pulumu deməzdim, imkan daxilində öz gözəlliyimin qeydinə qalıram.

- Qadının əsl xarakteri kişinin pulu olmayanda, kişinin əsl xarakteri isə pulu çox olanda bəlli olur. Siz bu fikirlə, razısınız?

- Məncə, bu fikir azərbaycanlı xanımlara aid deyil. Çünki xanımlarımız həyat yoldaşlarına çox sədaqətlidir və onlara hər zaman arxa-dayaq olublar. Pul kişilərin özünə olan inamını artırır.

Pul gəldi-gedərdi... Bu gün var, sabah yoxdur... Həyat gözəl olsun...

Fotolar: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR