• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezidentin ordenlə təltif etdiyi məşhur italyan dizayneri - FOTOLAR

  • Layihə
  • 3 İyun 2015 11:15
  • 1 931 Baxış
Prezidentin ordenlə təltif etdiyi məşhur italyan dizayneri - FOTOLAR

İtaliya dünyaya ehtiraslı gözəlləri, temperamentli kişiləri, “Spagetti”si, “Tiramisu”su və əlbəttə ki, ağılları başlardan alan yaraşıqlı Çelentanosu ilə yanaşı, dahi dizaynerləri ilə səs salıb. İtalyanlar uşaqlara hələ kiçik yaşlarından gözəl geyinməyi öyrədirlər. Ona görə də gözəl geyinmək həvəsi, demək olar ki, bütün italyanların qanında var. Buna görə bu ölkənin dizaynerləri moda dünyasının hegemonları hesab olunurlar.

Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə məşhur italyan brendi “Alberta Ferretti”-nin yaranması və inkişaf yolu haqqında danışacağıq.

Ailədən gələn istedad

“Alberta Ferretti” nəfis və zərif qadın geyimləri hazırlayan məşhur italyan brendidir. Həmin brend lüks, səviyyəli qadın geyimi və kostyumlarının hazırlanmasında ixtisaslaşıb və moda dünyasında layiqli yerini tutub. 44 il ərzində yüksək keyfiyyətli məhsulların istehsalı sahəsində aparıcı italyan istehsalçısına çevrilib. Hətta 1998-ci ildə İtaliya prezidenti Oskar Luici Skalfaro (Oscar Luigi Scalfaro) istedadlı dizayner Alberta Ferrettini "Xidmətlərinə görə" ordenlə təltif edib. 2005-ci ildə isə Romanın 62-ci meri Valter Veltoruni Alberta Ferrettiyə “Əldə etdiyi nailiyyətlərə görə” mükafat təqdim edib.

Альберта Ферретти

Marka ənənəvi italyan keyfiyyətinin ən yüksək standartlarına cavab verir, bu isə şirkətin əsas iş prinsipidir. İtalyan moda evinə parıltıya, qeyri-adi fasonlara və artıq-urtuq dəbdəbəyə ehtiyacı olmayan özünə əmin xanımlar müraciət edir. Sözügedən moda evi təmtəraqdan və həddindən artıq parıltıdan uzaq olsa da, kübar qadınlara özünü ifadə etməyə, öz fərdiliyini nümayiş etdirməyə imkan verir. Bir sözlə, Alberta Ferretti qeyri-adi eksperimentlərə meyl etmədən də qadın gözəlliyini duyur və onu vurğulamağı bacarır.

“Alberta Ferretti” moda evinin yaradıcısı istedadlı dizayner Alberta Ferrettidir. O, 1959-ci ildə Adriatik dənizi sahilində yerləşən Katolik kəndində anadan olub. Qızcığaz bütün uşaqlığını peşəkar dərzilərin əhatəsində keçirib. Axı, onun anası atelye sahibi idi. Alberta artıq qalan parçaları yığıb, onlardan kuklaları üçün paltarlar tikirdi. Yeniyetmə yaşlarında isə o, modanın tarixi ilə maraqlanır və onu daha yaxından izləyirdi. Məktəbi bitirdikdən dərhal sonra istedadlı qızcığaz xüsusi olaraq qadın geyim satışı ilə məşğul olan mağaza açır. 18 yaşında o, öz mağazasında “Armani”, “Versace” və “Krizia” brendlərinin hazır geyimləri ilə yanaşı, “Alberta Ferretti” yarlıqları ilə öz fasonlarını da satırdı. Tezliklə gənc dizaynerin yaratdığı nümunələr şöhrət qazanır. Beləliklə, nərmə-nazik sarışın qadın uğurlu biznes-lediyə çevrilir. 1974-ci ildə gənc dizayner “Alberta Ferretti” brendini rəsmən qeydiyyatdan keçirir.

İlk kolleksiya

Dizaynerin ilk kolleksiyaları incə elementlər, zərif və romantik siluetlərlə seçilirdi. O, bu kolleksiyada bədən quruluşunu vurğulayan yüngül və yarımşəffaf parçalardan istifadə etmişdi. Alberta Ferretti sadəliyə üstünlük versə də, Svarovski kristallarla bəzədilmiş nəfis bəzəklər, plisse və naxışlardan da çox ustalıqla istifadə edir. Moda evi məhz belə yanaşması ilə dünyanın siyasi elitasından tutmuş, şou-biznesin nümayəndələrinə qədər bir çoxunun sevgisini qazana bilib.

Альберта Ферретти и Ева Мендес

1980-ci ildə Alberta Ferretti qardaşı Massimo ilə birlikdə "Aeffe S.P.a" holdinqini qurub. "Alberta Ferretti" ticarət markası isə bu holdinqin bir hissəsinə çevrilir. Yeri gəlmişkən, qeyd edək ki, "Aeffe S.P.a" holdinqin işləri ilə dizaynerin iki oğlu və qardaşı məşğul olur.

Dizayner şəxsi brendini yaratdıqdan cəmi bir neçə il sonra Milan moda həftəsində iştirak etmək hüququ qazanır.1981-ci ildə Alberta Ferretti moda həvəskarlarına atlas, şifon, krep-jorjet parçalardan tikilən eleqant axşam geyimlərini təqdim etmişdi.

1984-ci ildə “Alberta Ferretti” yeni "Ferretti Jeans Philosophy” xəttini buraxıb. Brendin bu xətti “Alberta Ferretti” ilə müqayisədə daha demokratik və gənc nəsil üçün nəzərdə tutulmuşdu. O, bu kolleksiyalarında ənənəvi detallarını qoruyub saxlayaraq zərif şahzadə obrazları təqdim etmişdi.

İstedadlı dizayner geyindirmək sahəsindəki məharətini ətirlərin üzərində də tətbiq edir. Belə ki, həmin ildə şirkət ilk "Femina" adlı ətrin istehsalına başlayır. Bu ətir müşk, portağal, bənövşə, gülümbahar, mimoza və qarpız notları əsasında hazırlanmışdı.

Альберта Ферретти и Николас Кейдж

1998-ci ildə "Alberta Ferretti" və onun xətti "Ferretti Jeans Philosophy" firma nişanlı məhsulları Nyu-Yorkda məşhur "Bergdorf Goodman" univermağında satılmağa başladı. Bu hadisə brendin Nyu-Yorkun modabaz xanımları arasında populyarlaşmasına səbəb oldu. Üstəlik, onlar brendin işlərini çox bəyənmişdilər.

Dizaynerin geyimlərindən Jorj Bizetin (Georges Bizet) yazdığı "Karmen" operasında da istifadə olunub. Dizayner bu opera üçün 490 səhnə geyimləri yaratmışdı. Xüsusi olaraq “Karmen” operası üçün geyimlərin əksəriyyəti şifon parçadan tikilmişdi.

2002-ci ildə Albert "Procter & Gamble" şirkəti ilə ətriyyat istehsalı ilə əlaqədar müqavilə bağlayır. Bir il sonra brend alt paltarı, çimərlik geyimi və aksessuar xəttini işə salır. 2006 ildə brendin "Philosophy di Alberta Ferretti" xəttinin yeni kolleksiyaları Nyu-Yorkda Moda Həftəsində təqdim olunur. 2007-ci ildə Ferretti "Grant S.P.a" şirkəti ilə lisenziyalı müqavilə imzalayaraq 5-12 yaşlı qızlar üçün geyim isrehsalına başlayır. 2008-ci ildə "Alberta Ferretti" brendi yerli "Elite S.P.a" firması ilə birlikdə günəş eynəkləri buraxır. 2010-cu ildə isə şirkət rəsmi internet mağazasını istifadəyə verərək müştərilərini sevindirir.

2009-ci ildə italyan moda evi gəlinliklərdən ibarət olan "Bride" geyim xəttini işə salır. Alberta Ferretti müsahibələrində vurğulayırdı ki, brendin üslubunu bəyənən müştərilər nişan və toy mərasimləri üçün ona kolleksiyadakı geyimlərin ağ rəngini sifariş verirdilər. Məhz müştərilərin çoxsaylı xahişlərini nəzərə alan dizayner gəlinlik xəttini işə salır. Elə həmin ildə moda evinin "Demi Сouture" xüsusi günlər üçün paltar xətti yaranır. Yeri gəlmişkən, qeyd edək ki, kolleksiyanın hər iki xəttinin eksklüziv modelləri əllə hazırlanırdı.

Alberta Ferretti gəlinliklər haqqında deyirdi: “Romantik gəlin obrazı məni cəlb edir. Ona görə də gəlinlik kolleksiyaları romantik üslubu ilə seçilirlər. Hətta gəlin gənc olmasa belə, romantik və təravətli görünməyə can atır. Bu halda bizim gəlinliklərimiz onu gülməli və ya mənasız görünməyə qoymayacaq”.

Свадебная коллекция Alberta Ferretti 2014 года

2009-ci ildə "Zümrüd şəhərinin sehrbazı” cizgi filminin 70 illik şərəfinə şirkət tanınmış brendlər ilə özünün məşhur qırmızı tufli versiyasını yaradıb. Bu ayaqqabıları cizgi filminin qəhrəmanı Elli geyinirdi. “Alberta Ferretti”-nin təqdim etdiyi qırmızı tufli versiyası strazlarla və bantlarla bəzənmişdi.

2011-ci ildə marka britaniyalı kinoaktrisa və fotomodel Emma Uotsonla birgə kətan, çətənə və pambıq parçadan ibarət geyim kolleksiyasını hazırlayıb. Kolleksiya tünd göy şortiklərdən, ağ köynəklərdən və ağ-qara paltarlardan ibarət idi. Tanınmış aktrisa Ceyn Birkindən ilhamlanan dizayner kolleksiyanı 1970-cı illərin üslubunda hazırlamışdı.

Лукбук коллекции Альберты Ферретти для Macy’s Impulse

2012-ci ilin sonunda "Alberta Ferretti di Philosophy" xəttinin kreativ direktoru vəzifəsini britaniyalı Natali Ratabeziyə həvalə edir. O, “Mən əminəm ki, Natalinin tükənməz enerjisi “Philosophy” kolleksiyasının əsas qayəsini ən yaxşı şəkildə alıcılara çatdıra biləcək" -deyib.

Alberta Ferretti ənənəvi olaraq romantik və zərif fasonlar üzərində işləsə də, burada həmişə enerjili, dinamik və güclü qadın xarakteri hiss olunur. Məhz bu keyfiyyətlərin məcmusu moda evinin əsas fəlsəfəsini əks etdirir. Onun modellərində bayağı görünə bilməzsən. Alberta Ferrettinin hər bir işi nağıl qəhrəmanlarının füsunkar, sehrli obrazlarını xatırladır.

2013-ci ildə “Alberta Ferretti” brendinin Milan Moda Həftəsində 2013-2014 payız-qış kolleksiyası çoxtəbəqəli orta uzunluqda hündürbel yubkalardan, bluzkalardan, jaketlərdən və paltarlardan ibarət idi. Bu kolleksiyada təqdim olunan geyimlərin çox hissəsi şifon, məxmər, atlas, krujeva və yun parçadan tikilmişdi. Geyimlər şüşə muncuq, biser və dekorativ applikasiyalarla bəzədilmişdi.

İtaliyalı dizayner Alberta Ferretti moda dünyasında "şifon kraliçası" ləqəbini daşıyır. Onun səciyyəvi axıcı və yüngül fasonları yarandığı gündən etibarən Hollivud gözəllərinin də qəlbini fəth edib. O, müsahibələrinin birində şifon parçalara olan sevgisini onun qadın üzərində yaxşı oturması və qadına rahat hərəkət etmək imkanı verdiyi ilə əlaqələndirir. Dizayner “Gözəl paltarda özünü rahat hiss edən qadından gözəl heç nə yoxdur. Bundan başqa şifon parçalar plastilin kimidir. Qadının yöndəmsiz görünməməsi üçün onu istənilən fasona salmaq olar. Mən drapirovka bəzəklərini çox sevirəm və şifon bu texnika üçün idealdır” - deyib.

Лукбук коллекции Альберты Ферретти для Macy’s Impulse

Alberta Ferretti moda sənayesinin əhval-ruhiyyəsinə uyğun hərəkət etməyən və trendlərlə ayaqlaşmayan nadir dizaynerlərdən biridir. O, trendlərlə ayaqlaşmadığını bununla izah edir:

“Trendlər dəbdən tez çıxır. Mən isə işlərimin dəbdə hələ uzun müddət qalmasını istəyirəm. Mən daim yeni mövzular, yeni detallar üzərində işləyirəm. Amma mənim üslubum çoxdan formalaşıb, mən ona xəyanət etmirəm. Üslubumu səciyyələndirən hansısa məqamlar var ki, onları heç vaxt dəyişmirəm. Amma ümumilikdə, dəb cərəyanlarına normal yanaşıram. Və hesab edirəm ki, bu gün qadınların böyük bir hissəsi heç kimə bənzəmədən ilk növbədə öz fərdi üslubunu nümayiş etdirmək imkanına malik olmalıdır”.

Təsadüfi deyil ki, bu gün bir çox tanınmış gözəllər və modapərəstlər yüksək keyfiyyəti ilə fərqlənən moda evindən geyinməyə üstünlük verirlər. “Alberta Ferretti” Culiya Roberts, Sara Cessika Parker, Demi Mur, Uma Turman, Madonna, Cennifer Lopez, Ancelina Coli, Qvinet Peltrou, Nikol Kidman, Natali Portman, Yeva Mendes, Skarlett Yohansson, Yeva Lonqoriya, Keyt Blanşet, Sandra Bullok, Oliviya Palermo dünya şöhrətli xanımları qırmızı xalı mərasimlərində çox vaxt bu brendin geyimlərini seçirlər.

Hazırda brendin dünyanın bir çox ölkəsində, xüsusən də, Londonda, Romada, Milanda, Seulda, Tokioda, Nyu-Yorkda, Los-Ancelesdə, Beyrutda, Xirosimada, Parisdə, Moskvada çoxlu sayda firma mağazaları aktiv şəkildə fəaliyyət göstərir.

Yaradıcı dizaynerin qeyri-adi maraqları

Альберта Ферретти и Эмма Уотсон создали совместную коллекцию в 2011 году

Alberta Ferretti 2014-ci ildən Monteqridolfo şəhərində yaşayır. Albert hər ay öz evində yaxın dostları və məşhur simaların da iştirak etdiyi tematik gecələr keçirir.

Alberta Ferretti kolleksiya yığır, incəsənətin müxtəlif sahələri ilə maraqlanır, həm də mütaliə edir. Onun ən qeyri-adi məşğuliyyətlərindən biri də 1956-ci ildə qurulan "Prometey" rus buzqıran gəmisidir. Ferretti bu gəmini tamamilə bərpa edərək yenidən təchiz edir. Su ilə gəzinti üçün həmişə öz yaxtasından istifadə edir.

O, müsahibələrinin birində gəmi ilə bağlı təəssüratlarını bölüşmüş və ona ilk baxışdan vurulduğunu etiraf etmişdi: "Mənə güclü, möhkəm, əla işləyən və üzən evə bənzər gəmi lazım idi. "Prometey"-i ilk dəfə görəndə düşündüm: İlahi, necə də nəhəngdir! Bu, ilk baxışdan sevgi idi. İki mühərriklə işləyən gəmi tapanda elə sevinmişdim ki...".

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR