• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakteriya yuvasına çevrilən kosmetik məhsullar

  • Maraqlı
  • 14 Mart 2015 11:47
  • 575 Baxış
Bakteriya yuvasına çevrilən kosmetik məhsullar

Gigiyena qaydalarına əməl etsək də, bəzən kiçik nüansları nəzərdən qaçırırıq. Məsələn, gündəlik istifadə etdiyimiz bəzi əşyaların, xüsusilə də, kosmetik məhsulların bakteriya yuvasına çevrildiyini nəzərə almırıq. Halbuki, bakteriyalar bir çox təhlükəli xəstəliyə, hətta ölümə səbəb ola bilər. Odur ki, gündəlik istifadə etdiyimiz əşyaları mütəmadi olaraq təmizləməli və məhsulları saxlama şəraitinə uyğun qaydada mühafizə etməliyik.

Düzdür, bakteriyalar hər yerdədir. Onlardan tamamilə yaxa qurtarmaq mümkün deyil.

Ancaq mümkün olduğu qədər qorunmalıyıq. Bunun üçün bakteriyaların çoxalmasına şərait yaratmamalıyıq.

Publika.az fərqində olmasaq da, bakteriya yuvasına çevrilib sağlamlığımıza mənfi təsir edən əşyaları və kosmetik məhsulları təqdim edir:

Saç qurudan və düzləşdirən fenlər

Saç fenlərini tez-tez təmizləmək lazımdır. Bu zaman antibakterial yaş salfetlərdən istifadə etmək olar. Fen təmiz olmadıqda saçlarınız daha tez çirklənib yağlanacaq. Bundan başqa, çirkli fendən istifadə baş dərinizə zərər verə bilər. Belə ki, həmin fen müxtəlif bakteriyaların inkişafına şərait yaradaraq göbələk və digər problemlərlə üzləşməyinizə səbəb ola bilər.

Sabun

Sabun bir dəfə istifadə edildikdən sonra qurumur, yaş qalır. Bu da onun içərisində bir çox bakteriyaların yaranıb çoxalmasına şərait yaradır.

Təəsüf ki, belə sabunla əllərinizi yuduqda mikroblardan təmizlənmiş olmursunuz. Əksinə, bakteriyaları əllərinizə cəlb edirsiniz. Məlumdur ki, əllərdən ağıza keçən bakteriyalar bir sıra fəsadlar törədə bilərlər.

Ona görə də maye sabunlardan istifadə etməyiniz məsləhətdir.

Saç fırçası və daraqlar

Darağı hər gün yuyub təmizləmək lazımdır. Çünki bir dəfə istifadə etdikdə belə darağın üzərində müəyyən yağ, kir təbəqəsi yaranır ki, bu da bakteriyalar üçün olduqca əlverişlidir.

Sırğa

Sırğanı qulağınıza taxanda dərinizdə yığılan ölü hüceyrələr və kiçik mikro orqanizmlər ona yapışır. Sırğadan təmizləmədən təkrar istifadə bakteriyalara çıxarılan dəvətnamədir. Sırğalarınızı da antibakterial xüsusiyyətə malik yaş salfetlərlə təmizləyə bilərsiniz.

Makiyaj fırçaları

Makiyaj fırçaları da hər dəfə təmizlənməlidir. Əgər üzünüzdə sızanaqlar çıxırsa, davamlı olaraq dəri problemləriylə üzləşirsinizsə, səbəblərdən biri də makiyaj fırçalarınızı təmizləməməyinizdir. Makiyaj fırçalarını maye sabun və uşaq yağı ilə ovxalayıb yumaq lazımdır. Daha sonra təmiz kağız və ya salfetlərin üzərinə qoyaraq qurudun.

Tuş

Tuş bakteriyaların çoxalması üçün ən uyğun kosmetik vasitələrdən biridir. Ona görə də tuşunuz qurtarmasa belə, onu 3 ayda bir dəyişdirin. Diqqət etməli olduğunuz digər bir məqam da var. Tuşu çəkərkən fırçanı dəfələrlə qaba salıb çıxarmayın. Bu məhsulun içərisinə tozların və bakteriyaların düşməsinə səbəb ola bilər.

Testerlər

Kosmetika mağazalarında heç düşünmədən istifadə etdiyiniz testerlər əsl mikrob yuvasıdır. Həmin məhsulları daha öncə kimlərin istifadə etdikləri belə məlum deyil. Bu da onu göstərir ki, testerlər həm də xəstəlik mənbəyi ola bilər.

Testerləri əllərinizə çəkərək baxın. Dodaqlara, gözlərə çəkilən məhsulları belə əl dərisində sınaqdan keçirin. İşiniz bitdikdən sonra əllərinizi yaxşıca təmizləyin.

Dodaq boyası

Dodaq boyası çəkərkən dodaqlarınızın təmiz olması vacibdir. Əgər yemək yedikdən sonra dodaq makiyajınızı təzələməyi vərdiş halına gətirmisinizsə, bilin ki, xörək qalıqları pomadaya keçəcək və onu bakteriya yuvasına çevirəcək. Yeməkdən öncə və sonra əllərlə yanaşı dodaqları da yuyub təmizləmək məsləhətdir.

Dırnaq qayçısı və dırnaq mişarı

Əgər evdə manikür edirsinizsə, istifadə etdiyiniz bütün alətləri spirtlə təmizləyin. Bu alətlərin yalnız sizə məxsus olması həyati əhəmiyyət daşıyır. Ailə üzvləriniz belə olsa, heç kəsin sizin qayçınızdan və manikür üçün lazımlı digər vasitələrdən istifadə etmələrinə imkan verməyin.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR