• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məşhur və heyrətamiz brilyantlar - Foto

  • Maraqlı
  • 5 Aprel 2015 07:45
  • 555 Baxış
Məşhur və heyrətamiz brilyantlar - Foto

Aqillər deyir üç şey var ki, onları etmək qeyri-mümkündür: poladı sındırmaq, almazı cızmaq və həyatın mənasını anlamaq. Bunlardan birincisi hamıya məlumdur, üçüncüsü isə heç kimə məlum deyil.

Söhbətimiz almazlar haqqındadır. Bu daşlar necə əmələ gəlir, niyə belə qiymətlidir, harda istifadə edilir?..

Bütün almazlar ultrayüksək (on minlərlə ölçülən) temperatur və təzyiq nəticəsində yerin altında yaranır və vulkan püskürməsi nəticəsində yer üzünə çıxır. Bu proses 200-300 kilometr dərinlikdə baş verir. Almazların əksəriyyəti vulkanik mənşəli kimberlit adlanan suxurlarda (kimberlit boruları) yaranır və vulkanik proseslər fəal olan rayonlarda tapılır.

Almazlar daş kömür, karandaşların hazırlandığı adi qrafit kimi kimyəvi tərkibcə təmiz karbondan ibarətdir. Amma almazda karbonun atomları kristallik formada - daha sıx və nizamlı ("kubik sinqoniya" adlanır) yerləşmişdir. Bu da almazın çox sərt və eyni zamanda şəffaf və parlaq olmasını şərtləndirir. Yeri gəlmişkən, almaz - təbiətdə rast gəlinən ən sərt maddələrdən biridir. Yəni almaz şüşəni və başqa maddələri cıza bilir, almazı isə heç bir başqa maddə ilə cızmaq mümkün deyil. Odur ki, təbii almaz daşlardan brilyant qaşlar hazırlanarkən onu yalnız almaz tozu ilə cilalayırlar. Məsələ ondadır ki, almaz suxurların içindən, doğrudur, düzgün formalı, parlaq, amma adi daş kimi (bax - Küllian) çıxır. Ondan brilyant hazırlamaq, yəni işığın daha çox sınması - daşın "alışıb yanması" üçün çoxlu üzlər yaratmaq ("cilalanma") isə uzun bir prosesdir. Amma almazın təbiətdə ən sərt maddə olması onun həm də ən bərk maddə olması demək deyil. Yəni almaz poladdan dəfələrlə sərt olsa da, poladdan kövrəkdir, almaz daşa ağır çəkiclə güclü zərbə endirilsə, onu sındırmaq olar.

Almaz işığı yüksək dərəcədə sındırdığına, həddindən artıq parlaq və şəffaf olduğuna, heç vaxt cızılmadığına görə ən qiymətli daş hesab olunur. Bazar qiymətinə gəlincə, şərti olaraq bir karat (qramın beşdən biri) təmiz brilyantın qiyməti 100 qram yüksək əyarlı qızılın qiymətinə bərabər götürülür.

Almazlara təbiətdə rəngsiz, mavi, bənövşəyi, çəhrayı, qızılı və qara rənglərdə rast gəlinir. Ən qiymətlisi birinci, ən ucuzu isə axırıncıdır. Rəngsiz şəffaf almazlar eyni ölçüdə zümrüd və rubinlərdən dəfələrlə qiymətlidir. Amma onlarla karat çəkidə, dünyaca məşhur (şəkillərə bax) almazlar əntiq şey sayılır və bazar qiymətləri ümumiyyətlə yoxdur. Onların satış qiyməti, bir qayda olaraq, məşhur hərraclarda təyin olunur və on milyonlarla dollarla ölçülür.

Qeyd etmək lazımdır ki, almaz qiymətli daş-qaş olmaqla bərabər, eyni dərəcədə qiymətli materialdır. Almaz çox sərt olduğuna görə (yeyilib sıradan çıxmır) ondan dağ-qazma işlərində, məsələn, dərin neft quyularının qazılması zamanı istifadə olunur, qazma baltalarının başlığına almaz daşlar vurulur. Bu zaman təbii yox, süni daşlardan istifadə olunur (Almazları hazırda laborotoriya şəraitində almaq olur, amma suni almazlar xırda və keyfiyyətsiz olduğundan, ancaq texniki məqsədlər üçün istifadə edilir).

Yüksək istilik keçirmə qabiliyyətinə malik olan almaz, eyni zamanda, dielektrikdir, yəni elektriki keçirmir. Bu xassəsi almazı müasir texnologiyaların (raketdən kompüterə qədər) əvəzsiz materialına çevirir. Beləliklə, almaz sözün əsil mənasında təbiətin möcüzəsidir, dünyada ən qiymətli daş olmaqla bərabər, ən dəyərli, əvəzolunmaz materialdır.

Hazırda dünyada almaz istehsal edən iyirmiyə qədər ölkə mövcuddur. Məhşur Küllian almazının vətəni Cənubi Afrika bu sırada dördüncüdür - Botsvana, Rusiya və Kanadadan sonra. İlk beşliyi Anqola qapayır, Namibiya altıncı, Avstraliya isə yeddincidir.

Almazın tarixi vətəni sayılan Hindistan isə bu sıraya düşmür. Təsdiq olunmuş məlumatlara görə, 2008-ci ildə almaz istehsalı bütün dünya üzrə 12,7 milyard dollar təşkil edib.

Məşhur almazlar

Kullian almazı, 1000 karat

1905-ci ildə iş gününün sonunda, Cənub Afrikadakı Premier almaz mədənində bir mədənçi torpağın içindən parlaq bir daş tapır. Yanındakı cib bıçaqı ilə onu yerindən çıxarıb mədənin müdirinə aparır. Həmin vaxt əhəmiyyətsiz kimi görünən bu hadisə tezliklə dünyanın ən böyük almaz kəşflərindən birinə çevrilir. Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, Küllian almazının ilkin çəkisi 1000 karatdan (təxminən 200 qram) çox olub. Hazırda Küllian dünyada tapılan ən böyük almaz hesab edilsə də, təəssüf ki, ilkin variantını saxlamayıb. Sonradan almaz kəsilib və ondan cilalanaraq üç iri, onlarla xırda brilyant hazırlanıb.

Kulliandan alınan iri daşlar o qədər keyfiyyətli və qiymətli idi ki, bu brilyantlar İngiltərə Tacını bəzəyən daş-qaşların sırasına daxil edilib və bu gün də Londonda saxlanılır.

Kullian-2

Kohi-nur brilyantı, 191 karat

Yer üzündəki heç bir daşın Kohi-nurunku qədər qədim və zəngin tarixi yoxdur. Hindistanda tapılan almazdan cilalanan bu brilyantın tarixi onun ilk sahibi Malalı Racaha ilə 1304-cü ildə başlayıb. O zamanlar belə bir daş-qaşa sahib olmaq bir imperatorluğa sahib olmaq demək idi. Həqiqətən də Kohi-nura sahib olan adamın dünyaya hökm edəcəyi deyilirdi. Təbii ki, Kohi-nur uğrunda mübarizə qorxunc olub, onlarla insan ölüb.

1738-ci ildə Hindistanı işğal edən Nadir Şah bu məşhur daşı əldə edə bilmişdi. Əfsanəyə görə, Hindistan şahı Məhəmmədin hərəmlərindən biri Nadir Şaha ərinin bu qiymətli daşı türbanının içində gizlətdiyini söyləmişdi. Kohi-nur 1850-ci ildə İngiltərə kraliçası Viktoriyaya hədiyyə edilib və hazırda Londonda saxlanılır.

Orlov brilyantı, 189 karat

Orlov brilyantı yaşılımtıl-göyümtül rənglərə çalır, hazırda Rusiyada Almaz fondunda saxlanılır. 1775-ci ildə qraf Orlov tərəfindən Rusiya imperatriçası II Yekatrinaya hədiyyə olunub. Hindistan mənşəlidir, Rusiyaya gəlməmişdən əvvəl Nadir Şaha məxsus olub.

Rəvayətə görə, Napoleon 1812-ci ildə Moskvanı işğal edərkən bu daşı tapıb, amma naməlum səbəblərdən toxunmayıb və Fransaya aparmayıb.

Regent (Napoleon) brilyantı, 140 karat

1701-ci ildə Cənubi Hidistanda tapılıb, ilkin çəkisi 410 karat olub. 1717-ci ildə Fransa regenti II Filipp tərəfindən alınıb. Fransa inqilabı zamanı oğurlansa da, sonradan tapılıb və 1793-cü ildə Napoleonun əlinə keçib. Napoleon apardığı çoxsaylı müharibələrdə bu qiymətli daşdan ordunun təhcizatı üçün girov kimi istifadə edib. Napoleon Fransa imperatoru elan edilərkən Regent onun qılıncının qəbzəsini bəzəyib. Sonradan Napoleonun çoxsaylı arvadlarının əlinə keçən brilyant xoşbəxt bir təsadüf nəticəsində Parisdə qalıb, Luvr muzeyinə qoyulub.

Regent 1940-1945-ci illər faşist işğalı dövründə də gizlədilib, müharibədən sonra Luvr muzeyinə qaytarılıb.

Şah almazı, 88 karat

Şah almazı - adından göründüyü kimi, brilyant kimi yonulmayıb, uzunsov formalıdır, üstündə fars dilində əvvəlki sahiblərinin – İran şahlarının adları yazılıb. 1829-cu ildə ermənipərəst rusiyalı diplomat A.Qriboyedov Tehranda qətlə yetirildikdən sonra İran şahı tərəfindən Rusiya çarına "üzrxahlıq" nişanəsi kimi hədiyyə edilib. Hazırda Rusiyada Almaz fondunda saxlanılır.

Qara Orlov brilyantı, 67,5 karat

Qara Orlovun mənşəyi, adı və qara-metalı rəngi sirr olaraq qalır. Təsdiq olunmamış məlumata görə, Hindistan mənşəlidir və almazın ilkin çəkisi 190 karat olub. Başqa bir məlumata görə isə məşhur almaz adını sahibəsi, rus knyaginyası Nadejda Orlovanın adından götürüb. Aparılan araşdırmalar isə Hindisnan mənbələrində bu almaza rast gəlinmədiyini, Rusiya tarixində isə Nadejda Orlova adlı knyaginyanın olmadığını göstərir.

Sirli brilliant amerikalı zərgər Uinston tərəfindən platin haləyə salınıb və 60-cı illərdə Nyu York şəhərində Sotbi hərracında fantastik qiymətə naməlum şəxsə satılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR