• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Berlində tanınmış Azərbaycan rəssamı Arif Əzizin sərgisi açılıb - FOTO

Berlində tanınmış Azərbaycan rəssamı Arif  Əzizin sərgisi açılıb - FOTO

Almaniyanın paytaxtı Berlin şəhərindəki “Gallery Schulz” qalereyasında tanınmış Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin “Ruhun rəqsi” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Publika.az-a verilən məlumata görə, tədbirə 300-dən artıq qonaq qatılıb. Qonaqlar arasında ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, Azərbaycan diasporasının fəalları və incəsənət həvəskarları var idi.

“Gallery Schulz” qalereyasının sahibi Mixael Şults sərginin açılış mərasimində çıxış edərək bildirib ki, dünya xalqlarının mədəniyyətlərində rast gəlinən hər hansı naməlum hal onu hər zaman özünə cəlb edib: "Azərbaycana səfərim zamanı oradakı incəsənət və mədəniyyətlərin müxtəlifliyinə heyran oldum. Söhbət hər iki incəsənətdən gedir: həm tarixi, həm də ki müasir".

M.Şults A.Əzizin yaradıcılığını Azərbaycan Sovet incəsənəti ilə müasir Azərbaycan incəsənəti arasında bağlayıcı kimi dəyərləndirib: “Arif Əzizin çoxşaxəli yaradıcılığı hər zaman dəyişən və abstrakt olub. Onun sənəti ilə yaxından tanış olduqda, onun bədii yaradıcılığının inkşafını və düşüncə tərzini anlamaq olar”.

Berlinli sənətsevərlər qarşısında çıxış edən əməkdar incəsənət xadimi A.Əziz bildirib ki, Sovetlər Birliyi dövründə incəsənətin bir istiqaməti sayılan abstraksionizm üslubuna muraciət etmək yasaq idi: "Əsas kimi isə “Sosialist realizmi” götürülürdü. Azərbaycan müstəqil dövlət olandan sonra rəssamların yaradıcılığına yeni nəfəs verildi. Bütün qadağalar aradan götürüldü".

A.Əziz fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz təbiətini, caz musiqisini tərənnüm edən obrazlar haqqında bəhs edib. Bu mövzulara onun daha çox müraciət etdiyini qeyd edib.

Tədbirdə qeyd olunub ki, A.Əziz öz nəslinin ən önəmli Azərbaycan rəssamlarından biridir. Onun əsərlərinin bədii zənginliyi və müxtəlifliyinin Azərbaycan incəsənətinin formalaşmasında əvəzsiz rolu olub, ona öz töhfələrini verib. Onun yaradıcılığı özündə milli İslam incəsənət ənənələri ilə müasir Qərb incəsənət elementlərini unikal şəkildə birləşdirir.

Daha sonra qeyd edilib ki, karyerasının əvvəlində A.Əzizin işləri sosialist realizminə əsaslanır. Onun hər bir əsəri özünəməxsus realistik incəliklərlə seçilir. Bu baxımdan onun əsərləri öz müstəqil dilini inkişaf etdirib və onların Azərbaycan incəsənətində məxsusi yeri var. O, hər zaman insan obrazını Azərbaycandakı müxtəlif memarlıq üslubları ilə sintez etməyə çalışıb və buna nail olub. Bu sintez incəsənət aləmində yeni istiqaməti inkişaf etdirib və bir çox gənc Azərbaycan rəssamlarına öz müsbət təsirini göstərib.

Qeyd edək ki, Almaniyanın “Berlin TV” kanalı A.Əzizin fərdi sərgisi haqqında geniş reportaj hazırlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR