Adı qalmaqallı sui-qəsdlərdə hallanan, Vehbi Koçun nikahdankənar oğlu olduğu deyilən media kralı - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Adı qalmaqallı sui-qəsdlərdə hallanan, Vehbi Koçun nikahdankənar oğlu olduğu deyilən media kralı - MİLYONÇU

Çox vaxt onun Vehbi Koçun nikahdankənar oğlu olduğu irəli sürülür. Özü isə ağa oğlu olduğunu iddia edir. Ölkəsində onu sevənlər də var, sevməyənlər də. Amma ikincilər say etibarı ilə daha çoxdur. Söhbət Aydın Doğandan gedir.

Publika.az "Milyonçu” layihəsi çərçivəsində "Doğan Holding”in sahibi A.Doğanın tarixçəsini təqdim edir.

Aydın Doğan 1936-cı ildə Kelkitdə anadan olub. Bölgənin köklü ailələrindən birinin oğlu olduğu yazılır. İlk və orta təhsilini Kelkitdə, lisey təhsilini Ərzincanda alıb. Bəzi mənbələrdə onun atasının ağa olduğu qeyd edilir. Özü bu haqda belə deyir: “Atam həqiqətən bölgənin köklü ailəsinin nümayəndəsi olub. Mən özümü həmişə zəngin zənn edərdim. Amma indi dönüb geriyə baxıram, atamın, ailəmin zənginliyi mənə kiçik gəlir”.

A.Doğanın sözlərinə görə, orta məktəbi bitirənə qədər ailəsinə məxsus sahələrdə əkinçiliklə məşğul olub. Uşaqlığını belə xatırlayır: “Atam, eləcə də məktəbdəki yoldaşlarım məni tez-tez döyərdilər. Hətta bıçaq yaram belə var. Çünki həm pis şagird idim, həm də davakar. Məhəllədəki uşaqları döyürdüm, məktəbdən qaçırdım. Amma birdən-birə dəyişdim. Liseydən sonra davadan çəkindim. Bununla belə, universitetdə oxuduğum zaman da yaxşı tələbə olmadım”.

Nəzərə çatdıraq ki, A.Doğan 1956-60-cı illər arasında İstanbul Yüksək İqtisad və Ticarət Məktəbində oxuyub. Şagirdlik illərində "Tələbə Cəmiyyəti"nin rəhbəri olub. Ali təhsilini Mərmərə Universitetinə aid olan İstanbul İqtisadi Ticari Elmlər Akademiyasında davam etdirib. Həmin ərəfədə iş həyatına atılıb. Nəqliyyat, inşaat kimi fərqli sektorlarda ticarətə başlayıb və dünya üzrə milyarderlərin siyahısına düşməyi bacarıb. Ancaq hansı yollarla? Gəlin tanış olaq.

Aydın Doğan nəyə sahibdir?

A.Doğan 20 yaşından etibarən böyük pullar qazanmağa başlayıb. Əvvəlcə bunun rəsmi tərəfi ilə tanış olaq. Mənbələrə inansaq, Doğan ilk şəxsi şirkətini 1961-ci ildə qurub.1970-ci ilədək bu şirkət əczaçılıq deposu kimi fəaliyyət göstərib. 1979-cu ildə "Milliyyet” qəzetini satın alaraq media sektoruna daxil olub.1980-ci ildə "Doğan Holding”i ("Doğan Şirkətlər Qrupu Holding A.Ş”nı) yaradıb. 2000-ci ildən enerji sektorunda fəaliyyətə başlayıb. Türkiyə və yaxın coğrafiyada sərmayə fürsətlərini izləyərək fəaliyyətini maye yanacaq və LPG paylaması, neft axtarışı, istehsalı, elektrik istehsalı, paylaması sahələrinə də yönəldib. Rəhbərlik etdiyi holdinqə həmçinin Türkiyədəki D&R kitab mağazaları, "Çelik Halat, Tel Sənaye A.Ş”, "Ditaş Doğan Ehtiyat hissə və Emalat A.Ş”, "Doğan Orqanik Məhsullar Sənaye və Ticarət A.Ş” şirkətləri daxildir. Bundan əlavə, “Doğan Holding” - "Milpa"nı, Türkiyənin ilk ipotekaya söykənən əmlak şirkəti “Konut Finansman”ı A.Ş (DD Mortgage), 1982-ci ildə yaradılan "MiltaTurizm İşlətmələri A.Ş”-nı, "Hürriyet”, "Posta”, "Radikal” və "Fanatik” qəzetləri, "Kanal D”, "CNN TÜRK”, "Dream TV”, "Slow Türk”, "Radio D”-ni özündə birləşdirir. 2007-ci ildə fəaliyyətə başlayan dijital platforma d-Smart da "Doğan Holding”in təşəbbüsüdür. ”İdefix” və “Prefix” markalarının sahibi Elektron Məlumat Ünsiyyət Xidmətləri Reklamçılıq və Ticarət A.Ş.-nın hissələri Doğana aiddir. Kitab satışı və paylanmasını reallaşdıran www.idefix.comsaytının illik ziyarətçilərinin sayı 16 milyon nəfərdir. www.prefix.com.tr veb saytı vasitəsilə isə topdan satış reallaşdırılır. Hər iki sayt vastisəsilə iş adamı 2012-ci ildə təxminən 24 milyon tl alver edib.

Statistikaya görə, hazırda "Doğan Holding”də 20 min nəfər işləyir. Şirkətin xalis gəliri 77,8 milyon dollardır. 2014-cü ildə şirkətin gəliri azalıb. İdarə gəliri 91,1 milyon dollar, net gəliri 1,3 milyon dollar olub.

Hekayənin qeyri-rəsmi tərəfi

Əslində, adi bir ticarətçinin media kimi strateji sektorda barona çevrilməsi, sıfırdan enerji, turizm, sənaye, daşınmaz əmlak sahələrində yüksək paya sahiblənməsi beyinlərdə suallar yaradır. İllərdir Türkiyənin araşdırmaçıları A.Doğanın uğurunun şifrəsi üzərində baş sındırırlar və hər kəs gəzib-dolaşıb Koçların üzərində dayanır. Belə ki, Vehbi Koçun A.Doğan fiqurunu rəqiblərinə qarşı rahatlıqla istifadə etmək və diqqət çəkmədən badalaq gəlmək üçün yaratdığı deyilir. Buna görə də Koç əvvəlcə Doğanı zənginləşdirib, sonra onu media dünyasına atıb. Bəzi mənbələrdə Aydın Doğanın hətta Vehbi Koçun nikahdankənar oğlu olduğu irəli sürülür. Ağa oğlu olması ilə bağlı dedikləri yalan adlandırılır. Bildirilir ki, illər əvvəl Vehbi Koç katibəsi ilə sevgili imiş. Qadın hamilə qalanda iş adamı onu Anadoluya göndərib. Beləliklə, məsələni ört-basdır edib. Bir müddət sonra uşağı da övladlıq kimi CHP-li zəngin bir ağaya verib. Koç uzun illər övladını soyadından məhrum etsə də, bir gün onu qəbul etmək məcburiyyətində qalıb. Bununla da, Aydın Doğan üzə çıxıb.

Doğanın necə zənginləşdirilməsinə gəlincə, "Tofaş”ın digər dilerlərinə istehsalın məhdud olduğunu bildirən Koçlar gündə 3, Doğanın dilerinə isə 300 avtomobil göndərməklə istəklərini reallaşdırıblar. Çox keçməyib, Doğanın dileri İstanbulda avtomobil tələbatını qarşılamaq gücündə olan yeganə diler kimi tanınıb. Nəticədə, A.Doğan fantastik pullar qazanıb. Bunun ardınca, planın ikinci mərhələsi – medianı ələ keçirmək – işə salınıb. Həmin dövrdə Türkiyə mediasına yalnız bir ailənin üzvləri rəhbərlik edirdi. Qəzet rəhbərliyi atadan oğula keçirdi. "Milliyyet” qəzetinin sahibi Ərcümənt Cüyürün səhhəti ilə bağlı qəzeti satmaq istəməsinə qədər kənar şəxs sektora buraxılmamışdı. Belə bir fürsəti A.Doğan qaçıra bilməzdi. Lakin iş adamının təklifi qəzetin əsas gücü olan Abdi İpəkçi və qrupu tərəfindən rədd edilir. Səbəb də İpəkçinin Doğanın arxasındakı gücün kimliyindən xəbərdar olması olur. A.Doğan yalnız A.İpəkçiyə sui-qəsddən (bir dəlinin boynuna götürdüyü və son dərəcə peşəkarlıqla təşkil olunmuş sui-qəsddən) sonra "Milliyet”i o zamankı məzənnə ilə 120 milyon lirəyə ələ keçirir (2012-ci ildə A.Doğan 120 milyon lirəyə aldığı "Milliyet”i 310 milyon dollara satıb). Bu alqı-satqı müqaviləsini isə o, belə xatırlayır: "Milliyet”i soyuducu fabriki kimi aldım. Amma qəzet mənə qazandırdı”.

“Milliyet”ə sahib olması medianın qapılarını A.Doğanın üzünə açır. Az sonra iş adamı gözünü "Hürriyet”ə dikir. Bu dəfə də qəzetin koordinatoru Çetin Emeç satışın əleyhinə çıxır. Maraqlıdır ki, Emeç də Abdi İpəkçinin taleyini yaşayır – sui-qəsdin qurbanı olur. Nəticədə, qarşısında maneə qalmayan A.Doğan "Hürriyyet”i də alır.

Media aid olduğu ölkənin "qara qutusu"dur. O, sahib olduğu qaynaqlar vasitəsi ilə "dərin" məlumatlar əldə edir, eyni zamanda bu məlumatları cəmiyyətə istədiyi kimi ötürür. A.Doğanın "xidmətlərindən" biri də AKP-nin hakimiyyətə gətirilməsidir. Bunun üçün Amerikanın dəstəyi ilə ölkədə iqtisadi böhran yaradılır. Baş nazirin sağlamlıq vəziyyətinə dair təxribatlar yayılır və bununla da, vaxtından əvvəl seçkilərin keçirilməsi məsələsi gündəmə gətirilir.

Süni iqtisadi böhrandan sonra seçkinin iqtidar partiyası üçün fəlakət olacağı aydın idi. Seçkilərdə Doğan mediası əvvəldən hazırlanmış plana uyğun şəkildə AKP xaricində bütün partiyaları tənqid edərək bugünkü hökumətin yolunu açır. Düzdür, sonradan iş adamının Rəcəb Tayyib Ərdoğanla münasibətləri gərginləşir, hətta onlar hazırda düşməndirlər. Hökumət ona qarşı 4,6 milyard dollar səviyyəsində vergi cəriməsi tətbiq edib.

Şirkətlərini satıb

Baş nazirlə qarşıdurma A.Doğan üçün təkcə vergi cəriməsi ilə nəticələnməyib. O, son illər bəzi şirkətlərindəki səhmlərini satıb. Buraya Neft Ofisinin 54.14 faizlik hissəsinin Avstriyanın “OMV” şirkətinə, “Ray Sığorta A.Ş” sərmayəsində sahib olduğu hissələrin isə “Vienna Insurance Group AG Wiener Versicherung Gruppe”yə (VIG) və “TBIH Financial Services Group N.V.”a satışı daxildir. Bununla bərabər, iş adamı 2011-ci ildə “Milliyyet” və “Vatan” qəzetlərini, bu qəzetlərin internet portallarını “Demirören&Karacan”nın ortağı olan “DK Gazetecilik”ə satıb.

“İndiki mövqeyə 50 ildə gəlmişəm”

Qeyd edək ki, A.Doğan media patronu olsa da, onun haqqında mətbuatda məlumat azdır. Xüsusilə kompromatlara az rast gəlinir. A.Doğan özü haqqında ittihamlara belə cavab verir: “Hər gün iki milyon qəzet tirajlayıram. İstehsalda emal sənayesi vacibdirsə, bizdə o da var. Gümüşhanədə süd, Niğdedə təhlükəsizlik avadanlıqları, İzmitdə polad boru istehsal edirəm. Bunu dünyanın bir çox ölkəsinə satıram. Belə dəlilik olur? Mən Türkiyənin ən yaxşı televiziyalarına da proqram hazırlatdırıram. Tabeçiliyimdə 24 min nəfər işçi var. Rusiyada, Qazaxıstanda, Ukraynada, Macarıstanda, Polşada, Belarusiyada elan qəzetləri buraxdırıram. Keçən il 1 milyard 275 milyon dollar vergi ödəmişəm. Atamın yanında şagird olduğum dövrdən bu tərəfə vergi dairəsində qeydiyyatdan keçməyimdən 50 il ötür. Mən gecəqondu iş adamı deyiləm. İndiki mövqeyə 50 ildə gəlmişəm”.

Ailəsi

Evli olan Aydın Doğanın 4 qızı, 6 nəvəsi var. İş adamı artıq biznesini qızlarına buraxıb. Özünün dediyinə görə, oğlunun olmamasına kədərlənməyib: “Mən yox, həyat yoldaşım bundan çox pis oldu”. Hazırda "Doğan Holding”in rəhbəri qızı Begümhan Doğan Faralyalıdır. İş adamı dünyada cəmi 100 ədəd olan “Audi A8 Long” markalı avtomobil idarə edir. O, yaşının çox olmasına baxmayaraq, qadınlara meyillidir. Müsahibələrindən birində ondan sonuncu dəfə nə zaman vurulduğunu soruşduqda o, “bu suala cavab verə bilmərəm ki. Çünki dörd qızım var. Mən bu mövzunu sevirəm, amma özüm-özümlə olanda”. İş adamının özünü hansı mövzuda zəif hiss etməsinə gəlincə, “uşaqlarım” deyə cavab verir. A.Doğan özünü heç vaxt nədəsə təqsirkar hiss etmədiyini, hətta belə bir şeyi xatırlamadığını deyir. "Heç dibə vurduğunuz, intihar həddinə gəldiyiniz zaman olub" sualına o bildirib ki, intihar haqqında düşünməyib: “Lakin işimi itirdiyim, iflasla üz-üzə olduğum zaman dibə vumuşam. Atam onda həyatda idi. Gəldi və mənim borclarımı ödədi. Dedi ki, yaxşı ki sağlığımda batdın. Əgər mən ölmüş olsaydım, səni kimsə qurtara bilməyəcəkdi. Doğrusu, onda iş həyatına yeni atılmışdım. Tərslikdən ölkədə iqtisadi böhran başladı. Borclarımı ödəyə bilmədim. Düzdür, məbləğ indinin ekvivalenti ilə çox cüzü idi - 400 lirə. Lakin o dövr üçün bu, böyük pul idi”.

A.Doğanla bağlı diqqətiçəkən məqamlardan biri özünə çox qulluq etməsi, gənc qalmağa çalışmasıdır. Hətta buna görə hər il Almaniyaya gedib qanını dəyişdirdiyi deyilir: ”Hər il Almaniyaya gedirəm. Bir dəfə qrup şəklində səfərə çıxdıq. Ozon müalicəsi aldım. Vallahi həqiqətən insanı gəncləşdirir. Qanımı ölçdülər, dedilər qanındakı oksigen 70 yaşındadır. Məni 35 yaşa endirdilər”.

İş adamının ən zəif nöqtəsi yemək görəndə dayana bilməməsidir. Hər gün evə gedib rakı içmək isə həzz qaynağıdır.

Gündə 9 dərman içirəm

A.Doğan gündə doqquz ədəd dərman qəbul etdiyini deyir. İnanclı müsəlman olduğunu iddia edir: “Səhhətimlə bağlı oruc tutmuram. Amma Ramazanda evdə hamılıqla dua oxuyuruq. Səma namaz qılır, oruc tutur. Mən də 30 gün içki içmirəm. Digər aylar isə içirəm”. Maraqlıdır ki, o, Həcc ziyarətinə də getməyib.Bunda AKP-ni günahlandırır: “Bacım Nuranla birlikdə ziyarətə gedirdim. AKP iqtidara gəldikdən sonra bacım dedi ki, sən gəlmə. Səbəbini soruşdum, dedi, bunu da problem edəcəklər. Deyəcəklər, AKP iqtidara gəldi deyə Həccə getdi. O getdi, mən qaldım. Bacım dedi ki, bunlar iqtidardan nə vaxt getsələr, Həccə get. Mən də bildirdim ki, bunlar hələ uzun müddət iqtidarda qalacaqlar”.

Pulu

Doğan hazırda Türkiyənin 22-ci ən zəngin adamıdır. Sərvətinin həcmi 1,3 milyard dollar səviyyəsində qiymətləndirilir. Özü varidatı haqqında belə deyir: “Milliyet” i satın alanda atam həyat yoldaşıma dedi ki, sənin ərin uzun illər işləsə də, mənə çatmayacaq. O, həmişə məndən zəngin olduğunu iddia edirdi. Lakin bu, belə deyildi. 1989-cu ildə vəfat etdiyi zaman mən atamdan qat-qat varlı idim. Atam sadəcə qəsəbə üzrə ən zənginlərdən biri idi”. Milyardlara sahib olmasına baxmayaraq, A.Doğan zənginliyni yetərincə yaşaya bilmədiyini söyləyir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm