• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı hüquqşünas erməni zabitinin çənəsini çıxartdı

Azərbaycanlı hüquqşünas erməni zabitinin çənəsini çıxartdı

Bir neçə gün əvvəl Gürcüstanda "Kung-fu sanda” üzrə keçirilən yarışlarda azərbaycanlı idmançının finalda erməni üzərində qələbə qazanaraq vətənə çempion kimi qayıtması haqda xəbərlər yayıldı. 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Babək Əliyev finalda erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşdı. Rəqibinə aman verməyən həmyerlimiz onu nokauta saldı. Elə erməni zabitini udan idmançı kimi tanınmağa, sevilməyə başladı. Bəs kimdir Babək Əliyev? Onu daha yaxından tanımaq üçün redaksiyamıza dəvət etdik.

Publika.az-ın qonağı olan Babək Əliyev onu məşhurlaşdıran döyüşdən, yaşadığı həyəcandan, eyni zamanda həyatından da danışdı.

- Əslində Babək Əliyev kimdir?

- Kəlbəcər rayonunda anadan olmuşam. Rayonumuz ermənilər tərəfindən işğal olunduqdan sonra Bakıya köçmüşük. Burada böyümüşəm. Xəzər Universitetində hüququ bitirmişəm. Hazırda “Azəryolservis”də işləyirəm. Burada yol xətləri idarəsində hüquq şöbəsinin rəisi vəzifəsində çalışıram. Artıq 6 ildir “Azəryolservis”dəyəm. İdmanla 13 ilə yaxın məşğul oldum. Sonra işlərimlə bağlı 2 il uzaq qaldım. Amma idmansız qala bilmədim.

- İdmana kunq-fu ilə başlamısız?

- Xeyr, əsasən əlbəyaxa döyüş növləri ilə məşğul olmuşam. Düşünürəm ki, hazırda bizə lazım olan idman növlərindən biri əlbəyaxa döyüşdür. Çünki müharibə şəraitində yaşayırıq. Konfutsi də şərq döyüş növlərindən sayılır. Həmçinin uşu-sanda da... Ona görə bu idman növündə özümü sınadım və uğurlu alındı.

- Kunq-fu idman növündə ilk dəfə çıxış edirdiz?

- İkinci dəfə idi. Bundan əvvəl əlbəyaxa döyüşlərdə çox nəticələrim olub. 8 dəfə Azərbaycan çempionu, Asiya və Avropa çempionu olmuşam.

- Tiflisdəki döyüşə gedərkən oradakı rəqibləriniz haqqında əvvəlcədən məlumatınız var idi?

- Əlbəttə, xəbərim var idi. Erməni döyüşçü ilə qarşılaşa biləcəyimdən də xəbərdar idim.

- Erməniyə uduzmaq qorxusu var idi?

- Xeyr, uduzmaq şansım yox idi.

- Yoxsa erməni rəqibin zəif olduğunu düşünürdüz?

- Xeyr, əksinə. Hətta deyərdim, rəqibim məndən güclü idi. Məsuliyyəti dərk edirdim. Adi erməni idmançısı olsaydı, hardasa məğlubiyyəti başa düşmək olardı. Amma o, zabit idi. Bir dəfə də olsa, Azərbaycan tərəfə güllə atmış adamdır. Beynimdə ancaq bir fikir var idi, nə olur-olsun onu udmalıyam.

- Rinqdə erməni ilə üz-üzə dayanarkən, gözünüzün önündə Kəlbəcərdən köçkün düşməniz, bu ağrını yaşamağınız canlandımı?

- Əlbəttə. Hətta məşqləri həmin adamla döyüşəcəyimi düşünərək edirdim. Erməni rəqibimi udmağı qarşıma məqsəd qoymuşdum. Məcburi köçkünlük dövründə çox əzablar çəkmişik. Əvəzini çıxmağa çalışdım və çıxdım. İndi məsuliyyət hissim daha çoxdur. Bunun arxasını gətirmək lazımdır.

- Həmin yarışdan öncə və ya sonra ermənilərin təzyiqi ilə qarşılaşdızmı?

- O yarışa bayraqla getmişdim. Bu yarışda ermənilər bayraqlar sırasına özlərininkini qoymamışdı. Mən isə qərara gəldim ki, bayrağımızı həmin sıraya asım. Yarışa üzərində AZE yazılmış köynəklə çıxmışdım ki, Azərbaycan döyüşçüsü olduğum bilinsin. Erməni ilə döyüşə çıxanda rəqib tərəf israrla həmin köynəyi əynimdən çıxartmağa cəhd etdilər. “Çıxart köynəyi” deyirdilər. Amma çıxartmadım. Düşündüm ki, onu udum və görsünlər ki, ermənini məğlub edən azərbaycanlıdır.

- Köynəyi çıxarmaq məcburi idi?

- Yox məcburiyyət yox idi. Açıq bədənlə də, köynəklə də döyüşə bilərsən.

- Birdən rəqib revanş istəsə...

- Düşünmürəm ki, yenidən görüşmək üçün çağıra. Çünki onun hazırda elə bir şansı yoxdur. Çünki ona kifayət qədər ağır zərbələr dəydi. Döyüş vaxtı sifətinə vurduğum yumruq zərbələri ilə tez-tez nokdauna düşürdü. Amma sonra ayaq zərbəsi ilə onu birdəfəlik nokaut etdim. Sonradan həkimlərdən eşitdim ki, onun çənə sümüyündə sınıqlar var. Revanş döyüşünə dəvət etsə gedərəm, yenə məğlub edərəm.

- Məşqçinizin erməni ilə döyüşdən öncəki fikirləri necə idi? Sizinlə bu barədə psixoloji söhbət etmişdi?

- Müəllimim Ruslan Rzayevdir. Onun həm psixoloji, həm mənəvi dəstəyi, həmçinin keçdiyi fiziki hazırlıqlara uyğun olaraq döyüşə başladım. Bu döyüşü səbrsizliklə gözləyirdik. Məşqçimin məni ruhlandıran əsas sözü “nə olur-olsun, qalib gəlməliyik” ifadəsi idi. Birinci raundu 6:1 hesabı ilə uddum. Fasilədə məşqçim dedi ki, nokautun vaxtıdır...

O, M1 üzrə döyüşürdü, yəni güləşirdi. O, məndən güləşərək xal alacağını düşünürdü. Amma mən ona sürpriz etdim (gülür).

- Yenə yarışlara qatılmağı düşünürsüz?

- Qarşıda çox yarışlarım var. Respublika, dünya, Avropa çempionatları var. Artıq hazırlığa başlamışam.

- Yarışlar işinizə mane olmur ki?

- Bir müddət mane olurdu. Çünki özümü həm iş, həm də idman sahəsində yetərincə göstərə bilmirdim. Hər şey istədiyim kimi alınmırdı. Sonra işdə idmanla məşğul olduğumu bildilər. Özüm bunu təbliğ etməyi sevmirəm. Çox adam bilmirdi idmanla məşğul olduğumu. Hamı məni iş adamı kimi tanıyırdı. İdman sahəsi mənim üçün hobbi olub. İşim öncə gəlib. Rəhbərlik biləndən sonra mənə şərait yaratdı, mən də onların etimadını doğrultmağa çalışdım. Şükürlər olsun ki, düşməni məğlub elədim.

- Bu yaxınlarda "Azəryolservis” ASC-nin rəhbərliyinin qəbulunda oldunuz...

- Bəli Cəmiyyətin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov bizi qəbul etdi. Sağ olsun, xatirə hədiyyəsi olaraq, mənə saat bağışladı (biləyindəki saatı göstərək zarafatyana – “Amma bu saat deyil, o evdədir).

Mən də diqqətə görə təşəkkürümü bildirdim.

- Məşqlərə necə vaxt ayırırsınız?

- Əsasən işdən sonra, axşamlar məşq edirəm. Amma yarışlara 2 ay qalmış gündə 2 dəfə məşq olur. Onda da rəhbərlik mənə şərait yaradır.

- Bundan sonra məşq üçün icazə almağınız daha rahat olar yəqin?

- (gülür) Bundan sui-istifadə etmərəm. 2017-ci ildə nəsib olarsa, İslam Olimpiadasında çıxış etmək istəyirəm. Bilirisiniz yəqin, uşu-sanda həmin turnirin proqramına salınıb. Mən də həmin növdə ölkəmizi təmsil etmək istəyirəm.

- Gündəlik həyatda qol gücünüzdən istifadə etmisiz?

- Çöldə-bayırda qol gücündən istifadə etmək lazım deyil. Qol gücünü saxlayırsan ancaq düşmən üçün.

- Əsəbinizi idman “qruşa”larına tökmüsüz?

- Bəli (gülür). Bir kitabda oxumuşdum ki, Napaleon deyir: “Bir ovuc səbir bir torba beyindən üstündür”. Əsəbi vaxtda səbirli davranmağı bacarmaq lazımdır.

- Qarşınıza hazırda nə məqsədlər qoymusuz?

- Mənim tək bir düşüncəm var. Həyatımda ən vacib şey vətənimdir. Bu günə qədər ən çox vətənimi istəmişəm. Bundan sonra da vətənim üçün nələrsə etməyə çalışacam. Bu amal üçün çalışmağa davam edirəm.

- İşğal olunmuş torpaqlarımız geri alındıqdan sonra, Kəlbəcərə qayıdıb oradakı uşaqlar üçün bir idman zalı açmağı düşünərsiz?

- Birinci növbədə imkanım olarsa, idman zalından öncə təhsil üçün məktəb açaram. İkinci növbədə idman mərkəzi... Çünki ikisi bir yerdə vəhdət təşkil edir.

Aygün İlqarqızı

Fotolar: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR