• USD 1,7009 0,00% EUR 2,0075 +0,36%
    • GBP 2,1750 -0,28% RUB 0,0288 0,00%

Komitə sədri: “Prezident dedi ki...” – MÜSAHİBƏ

Komitə sədri: “Prezident dedi ki...”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin Publika.az-a müsahibəsi:

- Aprelin 17-də Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. Bu müşavirənin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd edim ki, ölkə başçısının Yevlaxda keçirdiyi müşavirənin nəticələri, Prezidentin qarşıya qoyduğu proqramların həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının keyfiyyət göstəricilərinin yaxşılaşmasına, ölkə əhalisini qlobal sarsıntılardan qorumağa əhəmiyyətli dərəcədə təsir edəcək.

İxracdan gələn valyuta ehtiyyatlarımızı hansı sahələr təşkil edir və bu sahələrdə nələrə fikir verməliyik? Sahibkarların qarşısında konkret məsələlər qoyulub ki, xaricə çıxmaq barədə daha dərindən düşünməliyik. Bu gün qloballaşan dünyada bazara çıxmaq və bazarı tutmaq ən ciddi məsələdir. Çünki bazarların əksəriyyəti tutulub. Yeni bazarlara çıxmaq üçün isə sahibkar gərək çox yaxşı məhsul istehsal etsin, onun istehsal xərcləri aşağı olsun, mənfəət əldə etsin və sairə. Bütün bunlara nail olmaq çox çətin məsələdir. Bir alman iqtisadçısı hələ 25-30 il öncə qeyd edib ki, 21-ci əsr rəqabət mübarizəsi əsri olacaq. Kimlər bu mübarizədə qalib gələcəksə, onlar da dünyanı və iqtisadiyyatı idarə edəcəklər. Bu gün bazara məhsul çıxartmaq istəyən ölkələrin və sahibkarların sayı çoxdur. Bu mübarizə prosesində biz elə etməliyik ki, məhsullarımız keyfiyyət və qiymət göstəricilərinə görə digərlərindən fərqlənsin. Ona görə də cənab Prezident sahibkarlar üçün bu imkanları yaradır. Konkret olaraq ayrı-ayrı sahələr üzrə daha çevik iş aparılmasının vacibliyi vurğulanıb. Allah Azərbaycana bol-bərəkətli torpaqlar, təbii sərvətlər bəxş edib. Uzun illərdir ki, bu təbii sərvətlərdən istifadə etməklə Azərbaycan xalqı yaşayıb və artıb. Həmin müşavirədə cənab Prezident ölkədaxili tələbatın tam ödənilməsi məsələsini də gündəmə gətirib. Bu gün Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır. Əhali artdıqca, tələbat da çoxalır. Bu tələbatı təmin etmək üçün gərək biz də yerli istehsalımızı daha da inkişaf etdirək. Artıq bir çox məhsullar üzrə də özümüzü təmin edirik. Yəni, qarşıdakı dövrün ən vacib məsələlərindən biri ondan ibarətdir ki, biz həm daxili tələbatımızı ödəyək, həm də xarici bazara keyfiyyətli məhsullar çıxaraq. Bu gün bizim ixrac potensialımızı artıran məhsullar var. Azərbaycanın çox dəyərli təbii zonaları mövcuddur. Hər bir təbii zonanın özünəməxsus ixtisaslaşması olub. Bu ixtisaslaşma bundan sonra da davam edəcək. Misal üçün, fındıq istehsalı ölkəyə ən çox valyuta gətirən məhsullardan biridir. Azərbaycan artıq dünya ölkələri içərisində fındıq istehsalına və bu məhsulun dünya bazarına çıxarılmasına görə ən qabaqcıl yerlərdən birini tutur. Hətta, müşavirədə cənab Prezident belə bir fikir söylədi ki, Azərbaycandan başqa, 19 ölkədə fındıq əkilir. Ancaq bizim buna potensial imkanımız daha çoxdur, fındıq sahələri genişlənməlidir, yeni bağlar salınmalıdır. Fındıqçılar Assosiasiyasının rəhbəri konkret faktlarla dedi ki, məhsul və rəqabət daha da artacaq. Belə bir şəraitdə bizim imkanlarımız var ki, bu mübarizədə qalib gələk.

- Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə dünya bazarına çıxmaq və rəqabətə davam gətirmək imkanlarını necə qiymətləndirirsiniz?

- Yevlaxda keçirilən müşavirədə də cənab Prezident baramaçılığın, çayçılığın, meyvə-tərəvəzin inkişafı ilə bağlı da konkret faktlar səsləndirib. Eyni zamanda, dövlət başçısı bildirdi ki, birinci yerdə fındıqçılıq, növbəti yerlərdə isə digər kənd təsərrüfatı məhsullarının inkişaf etdirilməsi məsələsi dayanır. Cənab Prezident söylədi ki, sahibkarlar boş dayanmamalıdır. Dövlət icra strukturlarının fəaliyyətinə bir çox meyarlarla qiymət verməlidir. Bu meyarlardan biri də hər hansı icra başçısının təmsil olunduğu rayonda nə qədər iş yerinin yaradılması və investisiya vəsaitinin cəlb edilməsi ilə bağlıdır. Əgər icra başçısı rəhbərlik etdiyi rayona investisiya vəsaiti cəlb edirsə, bu dərindən qiymətləndirilməlidir. Necə ki, harada mənfəət varsa, ora da xarici kapital cəlb edilir. Ona görə də rayon və şəhərlərdə bu məsələlər mütləq nəzərə alınmalıdır, mövcud potensial qiymətləndirilməlidir, inkişaf amillərinin monitorinqi aparılmalıdır.

Ölkə başçısı xarici bazarlara çıxmaq üçün ixrac missiyası məsələsinə də toxunub. Biz məhsullarımızı tətbiq etmək sistemini təkmilləşdirməliyik. Milli Məclisdə bir çox qanunlara əlavə və dəyişiklər edilib. Cənab Prezidentin təşəbbüsü ilə investisiyaların təşviqi ilə bağlı çox mühüm qanun qəbul olunub. Bütün bu dəyişikliklər ona yönəlib ki, Azərbaycanda investisiyalar təşviq olunsun, layihələrə baxılsın, müzakirə və müqayisə edilsin, onun səmərəliliyi müəyyən olunsun. Sonra isə həmin layihələrin icrasına yaşıl işıq yandırılsın. Hesab edirəm ki, bu istiqamətdə işlər daha da genişləndirilməlidir. Azərbaycanın xarici ölkələrdə səfirlikləri fəaliyyət göstərir, ölkələrarası xarici əlaqələr yüksək səviyyədədir, dövlət başçısının müxtəlif ölkələrə səfərləri çox yüksək səviyyədə qarşılanır. Cənab Prezident də vurğuladı ki, bizim heç bir siyasi probemlərimiz yoxdur. Azərbaycan təkcə işğalçı Ermənistanı çıxmaq şərti ilə bütün xarici ölkələrlə sağlam siyasi əlaqələrə malikdir. İndi tələb olunan odur ki, səfirliklər və diaspora üzvləri bu istiqamətdə də öz fəaliyyətlərini canlandırsınlar. Elə səfirliklərimiz var ki, onların fəaliyyəti yalnız və yalnız siyasi məsələlərlə yekunlaşır. Ancaq bir çox ölkələrdə səfirliklər təkcə siyasi münasibətləri deyil, iqtisadi, ticarət, mədəni və digər sahələrin də inkişaf etdirilməsinə mühüm töhfələr verirlər. Dünyanın bir çox ölkələrində səfirliklərin fəaliyyəti təhlil edilir. Misal üçün, bir ölkə digər ölkəyə 100 milyon dollar, digəri 300 milyon dollarlıq mal göndərirsə və arada 200 milyon dollarlıq fərq olursa, bu fərqin azaldılmasına nail olmaq lazımdır. Doğrudan da bu çox ciddi məsələdir. Əgər bunu cənab Prezident deyirsə, şübhəsiz ki, bu öz müsbət təsirini göstərəcək.

- Azərbaycanda ixracın stimullaşdırılması üçün daha hansı addımların atılmasını zəruri sayırsınız?

- İxracın stimullaşdırılması üçün cənab Prezidentin tapşırığı ilə elektron portal yaradılıb. Burada məhsullarımız nümayiş etdirilir, onların göstəriciləri dünya bazarına çatdırılır. Ölkə başçısı “made in Azerbaijan” brendi ilə bağlı da konkret tapşırıqlar verib. Görülən işlər artıq öz bəhrəsini verir. Çin, Almaniya və digər ölkələr “made in Azerbaijan” modelinə böyük diqqət göstərir. Cənab Prezident Azərbaycan mallarının sərgilənməsi məsələsinə də toxunub. Çox doğru fikirlərdir. Hələ Sovet İttifaqı dövründə müxtəlif sərgilər təşkil olunurdu. Bir çox insanlar isə həmin sərgilərlə tanış olmaq üçün ezam olunurdu. Cənab Prezident də məsələ qoyub ki, hər bir sərgi Azərbaycanın ixrac potensialını stimullaşdırmalıdır. Heç bir sərgiyə əliboş getmək olmaz. Dünyanın hər bir ölkəsində təşkil olunan sərgilərdə Azərbaycan stendi, bölməsi və məhsulları olmalıdır. Bu həftə Yevlaxda çox maraqlı bir mənzərənin də şahidi olduq. Orada Azərbaycanın ixrac etdiyi məhsulların nümunələri var idi. Cənab Prezidentin çox ciddi diqqət etdiyi məsələlərdən biri də məhsulların qablaşdırılması ilə bağlıdır. Dünya iqtisadiyyatında da ən mühüm məsələlərdən biri məhz budur. Görürsünüz, bu məsələlərlə bağlı xaricdən də nə qədər avadanlıqlar alınır. Bizim ən əhəmiyyətli məhsullarımız qablaşdırma baxımından geri qalır. Bunun üçün də cənab Prezident qablaşdırma sənayesinin də inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Bu məsələ də bizim üçün vacib əhəmiyyət daşıyır. Sovet İttifaqı dövründə Azərbaycanda şüşə sənayesi mövcud idi. Ancaq Azərbaycan müstəqillik qazandıqdan sonra bu sənaye dağıldı. Amma indi biz müasir şüşə müəssisələri tikmişik. Şüşə qablar istehsal edən müəssisənin inşası Azərbaycanda şüşə qablarda yığılacaq məhsulların genişləndirilməsi imkanlarını artırır.

Müşavirədə ölkə başçısı üzümçülülüklə bağlı da çox müsbət fikirlər söylədi. Üzümçülüklə məşğul olan sahibkarlar da məlumat verdilər ki, biz bu sahədə ixrac potensialımızı daha da artıracağıq. Bu müşavirədə Azərbaycan iqtisadiyyatı ilə bağlı elə bir məsələ olmadı ki, cənab Prezident onunla bağlı fikir bildirməsin. Dəmir filizi, metallurgiya, plastik malların istehsalı, digər tarla məhsulların istehsalı, Sumqayıt polimer sahəsində baş verən müsbət dəyişikliklər, regionlarda yaradılan aqroparkların səmərəliliyinin artırılması və digər bu kimi məsələlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı öz inkişafının yeni keyfiyyət mərhələsindədir. Əgər biz 10-15 il öncə iqtisadiyyatın sabitləşdirilməsindən və investisiyaların cəlb edilməsindən danışırdıqsa, bu gün artıq ölkəyə 3 milyarddan çox investisiya vəsaiti cəlb etmişik. İndi bizə iqtisadiyyatımızın cənab Prezidentin müəyyən etdiyi formada şaxələndirilməsi lazımdır. Ölkə başçısının irəli sürdüyü bu təkliflərin reallaşdırılması Azərbaycanın sənaye mənzərəsini tamamilə yeniləşdirəcək. Artıq biz, media nümayəndələri və tədqiqatçılar Azərbaycan sənayesinə yeni müstəvidə baxmalıyıq. Çünki sadalanan sahələr üzrə yaradılacaq iş yerlərinin və işçilərin sayı yüz minlərlə ölçüləcək, keyfiyyət və professionallıq səviyyəsi yüksək olan istehsal sahələri olacaq.

Cənab Prezident bildirib ki, 150 min hektar torpağa ilk dəfə olaraq su veriləcək. Son bir ildə Azərbaycan tarixində bu ən nadir hadisələrdən biridir. Çünki bizim meliorasiya sistemində illərdən bəri yığılıb qalan problemlər artıq həll edilir. Ölkə başçısının Yevlaxda keçirdiyi müşavirə ilə bağlı bütövlükdə mənim təəssüratım həddindən artıq çoxdur. Hesab edirəm ki, ölkə başçısının müşavirədə söylədiyi fikirlər Azərbaycan iqtisadiyyatının yeni mənzərəsini təmin edəcək, ölkəmizin ixrac potensialı daha da artacaq. Bütün bunlardan da hər bir insan azərbaycanlı olaraq fəxr və qürur hissi keçirir. Çünki dünyanın hər yerində Azərbaycan brendlərinə rast gəlmək mümkün olacaq.

Ölkə başçısı Azərbaycandan xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edib. Hazırda xarici ölkələrdə yaşayan dəyərli azərbaycanlı iş adamları var. Biz onlarla da işləməliyik, onlar da bu Vətənə kömək etməlidir, bu prosesə diasporumuz da cəlb olunmalıdır. Ümumiyyətlə, diaspora böyük qüvvədir. Azərbaycanın dövlət başçısı da diasporumuza kifayət qədər həm siyasi, həm də maddi dəstək verir. Ona görə də diasporumuz Azərbaycan məhsullarının xaricdə tanıdılması işində fəal olmalıdır.

Prezident hərbi sənayedə görülən işləri, ölkəmizin dünya ölkələrinə silah satmaq sahəsində əldə etdiyi uğurlarını, Azərbaycan ordunun ən müasir silahlarla təmin olunmasını, bu silahların xeyli hissəsinin ölkəmizdə istehsal edildiyini xüsusi vurğulayıb. Bütün bunlar dövlət başçısının Azərbaycan iqtisadiyyatına sistemli yanaşması hesabına mümkün olub. Cənab Prezident Azərbaycan iqtisadiyyatına dünya iqtisadiyyatının bir parçası kimi baxır. Dünya dəyişir, qlobal proseslər baş verir. Bir ölkənin sənayesinin və istehsal etdiyi məhsulun səviyyəsi, həmin ölkənin nəyə qadir olduğunu sübut edir. Artıq biz köhnə qutularda qeyri-etik, səviyyəsiz və standartlara uyğun olmayan məhsullarla bazara çıxa bilmərik. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və dövlətin apardığı siyasətin uğurları o qədər güclüdür ki, bizim istehsal etdiyimiz məhsullar da həmin standartlara cavab verməlidir. Bizim alnımız açıq olmalıdır.

Qloballaşan dünyada çox böyük və ciddi proseslər gedir. Kimlər ki, dövlətin bazar iqtisadiyyatı şəraitində kənarda qalması barədə fikirlər söyləyirdisə, bunlar doğru deyil. Azərbaycan dövləti qloballaşan dünyada xalqın maraqlarına uyğun olaraq siyasət yürüdür. Bu mərhələdə dövlət dəstəyinin artırılması məsələsini də ona görə vacib sayır ki, sahibkarlar bilavasitə öz işləri ilə məşğul olsunlar. Buna görə də dövlət qlobal, infrastruktur və maliyyə dəstəyi xarakterli məsələləri öz üzərinə götürür.

Vasif Həsənli

Fotolar: Nurlan Gülməmmədov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>